Gəncədə həyəcan! Elmar Vəliyev "İmamzadəni "işğal" edib

  • 29 noy 2016, 08:52

Əziz oxucu! Azərbaycan reallığı zaman ötdükcə sübut etdi ki, müstəqillikdən bu yana idarəçilikdə ön sırada dayanan icra başçılarının avtobioqrafik xüsusiyyətləri, yarıtmaz idarəçilik metodları eynidir. Lakin bu vacib kürsüyə sahib olan və işlədiyi rayonda, şəhərdə onu qədər nifrət qazanan ikinci icra başçısı tanımıram. Bəli! Sakinlər tərəfindən "lənətlənmiş” Gəncə Oliqarxı  Elmar Vəliyev yada düşəcək, əməlləri ilə hamıda heyrət doğuracaq ilk icra başçısıdır. Amma, deməliyəm ki, adı çəkilənin qeyri-adi dinamikası, abadlığa həssaslığı və tələbkarlıq meyarları da hansısa başçıda rastlanmayan ampuladadır. Fəqət, ölkə başçısı möhtərəm cənab İlham Əliyevin sərəncam və qərarlarının Gəncədə icrası üçün onda olan xüsusiyyətlər azdır. Elə problem də bundadır. Prezidentimizin etimadını layiqincə doğrultması üçün Elmar Vəliyevdə axtarıb tapmayacağımız əsas 3 şey var. Qanunlara sayğı, sadəlik və səmimiyyət, bir də güclü iman!  

Bu "qorxu saçan isim” Gəncəyə təyinatından bu yana bütün ölkənin diqqəti şəhərdə baş verən qeyri-adi qalmaqallara yönəldi. Düz 5ildir ki, Elmar Vəliyevin ağlasığmaz özbaşınalıqları nəinki səngidi, əksinə bir az daha şiddətləndi. Gəncə merinin əməllərindən əziyyət çəkən isə, təkcə sadə şəhər sakinləri olmadı. Onun "qara siyahı”sında səhiyyə, mədəniyyət, təhsil işçiləri... - hər kateqoriyadan olan məmurlar, ziyalılar oldu. Son olay isə bu siyahının dindarlarla da zənginliyini ortaya atdı...

İmamzadə möminlərindir, yoxsa Elmar Vəliyevin?    

Xəbər verdiyimiz kimi, Elmar Vəliyev bu il noyabrın 11 -də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasova qarşı İmamzadədə "Aşura hücumu" əməliyyatı keçirib. Heç bir hüquqi əsas olmadan ziyarətgahın bir neçə əməkdaşlarının həbsinə dair şəhər polisinə öhdəlik qoyub. Məlum olay ictimaiyyət arasında şok effekti yaradıb. Ölkənin elektron  mediası da olaydan yetərincə bəhs edib. "İmamzadə” olayında Elmar Vəliyev öz səlahiyyət həddini aşaraq İmamzadənin girişini də nəzarət altına alıb. Belə ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin səlahiyyətlərini heçə sayaraq qərb regionu üzrə nümayəndəsi Hacı Tahir Abbasovun "İmamzadə” ziyarətgahına girişini məhdudlaşdırıb. Demokratik.Az-ın araşdırmasına görə, Elmar Vəliyevin əməlləri din və dövlət anlayışının əleyhinədir. Məlumata görə, icra başçısı son həftələr ərzində şəhərin ciddi işlərini kənara atıb, Şeyxulislam Hacı Allahşükür Paşazadənin səlahiyyətlərini ”əlinə” alıb. Vəliyev "ağlını” elə itirib ki, "İmamzadə”nin idarə olunmasını Namiq Allahverdiyev adlı kommunal işçisinə tapşırıb. Demokratik.Az-a danışan mənbənin dediyinə görə, mühafizəçi qismində "İmamzadə”ni əsassız işğala məruz qoyan Namiq icra başçısının qohumudur. Qardaşı Şahin isə başçının şəhərdəki yaxın dostlarındandır. Hətta vaxtilə Vəliyev Gəncə Texnologiya Universitetində təhsil aldığı illərdə məhz Allahverdiyevlərin evində qalıb. Hazırda ziyarətgahda "gestapo” rejimi hökm sürür. Ziyarətə gələnlər Namiqin icazəsi olmadan İmamzadəyə buraxılmır. Gəncədə rəsmi fəaliyyət göstərən xüsusi mühafizə xidmətləri olduğu halda, Elmar Vəliyevin sıradan birisinin ziyarətgaha niyə mühafizəçi təyin etməsi də suallar doğurub. İnandırıcı səslənməsə də şəhərin polis idarəsinin rəisi Faiq Şabanov da Namiq Allahverdiyev qarşısında "aciz” qalıb. Hətta, istənilən anda bu şəxsin polis rəisinə zəngi və tapşırıqları dərhal icra olunmaqdadır. Məlumata əsasən, Namiq Hacı Tahiri və ziyarətgahın əməkdaşlarını da polislə hədələyərək ziyarətgahın qapılarını dindarların üzünə bağlayıb. Demokratik.Az-ın məlumatına görə, şəhərdə Elmar Vəliyevin yaxınları tərəfindən məqsədli şəkildə yeni dezinformasiyalar da yayılıb. Guya Elmar Vəliyev Hacı Tahiri işindən azad edib. Görünür başçı özbaşınalıqlarını ört-basdır etmək üçün Şeyxin nümayəndəsinə qarşı belə yalanlar uydurmaqdan da çəkinmir. Ötən gün saytların yaydığı rəsmi məlumata görə, Hacı Tahir Abbasov işinin başındadır və onun bu vəzifəyə təyini vəzifədən azad edilməsi Elmar Vəliyevin səlahiyyətində olmayan məsələdir. Məlumatçün bildirək ki, Hacı Tahir Abbasov QMİ-nin (Şeyxin-O.N) Qərb regionu üzrə səlahiyyətli nümayəndəsidir və din xadiminin regiondakı fəaliyyəti təkcə Gəncə ilə yekunlaşmır, özlüyündə regionun bir neçə rayonunu əhatə edir. Onun vəzifəyə təyinatı, vəzifəsindən azad edilməsi ancaq QMİ sədri cənab A. Paşazadənin səlahiyyətindədir.    

Elmar Vəliyevin "Din və Dövlət anlayışı” - Bütpərəstlik?

Elmar Vəliyev ölkədə yeganə başçılardandır ki, səlahiyyət həddlərini istədiyi kimi "aşır”. İndiyədək ictimailəşdirilən bu kimi hallarda isə məlum olur ki, əslində onun özbaşnalığı öz şəxsi maraqları ilə yanaşı, kiminsə şərəf və ləyaqətini alçaltmaqdan ibarətdir. Belə əmələ görə ölkə rəhbərliyindən bir neçə dəfə ciddi xəbərdarlıq alan başçı nədənsə qeyri-mədəni  "hobbisi” ni dindarlara qarşı da işlədib. Yevlax rayonunda çalışarkən rayonun axundu İlham Əliyevə də müxtəlif bəhanələrlə zor tətbiq edib. Axund məscidin içində guya əxlaqsız hərəkətlər etməklə də gündəmə gətirilib. İndi isə Gəncədə olanlar ciddi siqnaldır. Hacı Tahir Abbasov: ”Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. "AŞURA" günündə İmamzadədə prezidentin ünvanına dediyim xoş sözlərdən sonra mənə bütpərəst dedi, məni hədəf götürdü..."Xatırlatmaq lazımdır ki, əslində Elmar Vəliyev gəlişindən bu yana Gəncə ruhanisini də öz "qara siyahı"sına yazıb. Hətta bu hadisə hələ 2013-cü ildə "20 yanvar tədbiri"ndə yaşananların təkrarıdır demək olar. Elə həmin tədbirdə də Elmar Vəliyev Hacı Tahirə və Gəncənin mərhum polis rəisi Rasim Musayevə qarşı təhqiramiz ifadələr işlətmişdi və olay böyümüşdü. Nəticədə İcra Hakimiyyətinin binası Elmar Vəliyevlə general arasında əlbəyaxa davaya şahidlik etmişdi. Yəni başçı və ruhani arasında alovlanan münaqişə illərdən bəri müşahidəolunandır. Amma bu dəfə olayın məğzi bir din xadiminin imam Hüseyinə və prezidentə etdiyi dualarına görə məmur tərəfindən ”bütpərəst” adlandırılmasıdır. Müsəlman dini etiqadına görə, bir möminin ”bütpərəst” çağırılması dini inancına ünvanlanan ən ağır təhqirdir. Elmar Vəliyev də məhz bunu edib. Amma ortada maraqlı bir sual da var ki, o sualın cavabı Elmar Vəliyevdədir. Görəsən, icra başçısının bütpərəst ifadəsindəki "büt” hansı ünvandır? 

Prezident Aparatı seçim qarşısında! Ya Elmar Vəliyev ya da Hacı Tahir Abbasov!!!

Ötən gün saytlardan biri Elmar Vəliyevin Prezident Administrasiyasına çağrılmasını yazıb və bir gün sonra "nədənsə” silib. Məlumata görə, icra başçısının PA-ya gəlişi məhz "İmamzadə”olayı ilə əlaqəli olub. Baş verənlər barədə izahat verən başçı Hacı Tahir Abbasovun şikayətinə adekvat reaksiya verib. Din xadimini şikayət edib. Hadisədən bu yana problemin həllini əngəlləyən səbəblərdən biri isə QMİ-nin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbərlərinin hələlik susqun davranmasıdır. Demokratik.Az-a adının çəkilməsini istəməyən Gəncə İHB rəsmisindən sızan fakta görə, Elmar Vəliyev "sükutdan” istifadə edib məsələnin həlli yolunu özü tapıb. Gözlənilir ki, o gələcəkdə Gəncə qubernatoru olacaq və bölgədə yeni dini qurum yaratmaqla İmamzadə idarəçiliyinə rəsmən əl qoyacaq. PA-nın olaya verəcəyi qiymətə gəlincə, ümid edək ki, Elmar Vəliyevə səlahiyyətləri izah olunacaq. O dini yanaşma baxımından təlimatlandırılacaq. Bəlkə ondan sonra anlayacaq ki, dini inancı olan insanlara və din xadimlərinə "bütpərəst” demək olmaz.

Gəncə dindarlarını isə son məqamda düşündürən bir şey var: "Nə olursa olsun, Elmar Vəliyevin "İmamzadə işğalı” dayandırılmalıdır, icra başçısı dini işlərlə yox, öz səlahiyyətlərində olan daha mühüm işlərlə məşğul olmalıdır”.

Osman Nərimanoğlu

Demokratik.Az-dan: "Saytımızın elektron poçtuna Gəncə dindarları adından şokedici məktub daxil olub. Məktubda Elmar Vəliyev əzrailə bənzədilib. Amma bilirik ki, əzrail Allah-Təalanın mələklərindən biridir. O Cənabi-Əzrail ki, Allahın iradəsindən kənar bir addım atmaz. Elmar Vəliyev isə nəinki Allahın, hətta onu bu vəzifəyə təyin etmiş möhtərəm prezidentin də iradəsindən kənar hərəkətlər edə bilir. Prezidentin iradəsinə sığışmayan məmuru deyə bilmərəm, allahın iradəsindən, yolundan çıxan mələyə isə şeytan deyirlər. O şeytan ki, allahın "lənət”damğası ilə damğalanıb.(məktubda göstərilən faktları hələlik araşdırırıq və yaxın günlərdə oxucularımızı məlumatlandıracağıq) Demokratik.Az-da adıçəkilən hər kəsin də söz haqqı var...

Demokratik.Az

Oxşar xəbərlər