Etibar Pirverdiyev etibarını itirdi və danlandı – prezidentin hüzurunda

  • 04 iyul 2018, 23:40

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Demokratik.Az xəbər verir ki, müşavirədə "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı hesabatla çıxış edib.

O, çıxışının əvvəlində Azərbaycanın enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq Prezidentdən və enerji tələbatçılarından üzr istəyib.

 

E.Pirverdiyev son 15 ildə Azərbaycanda enerji sahəsində görülən işlərdən danışarkən prezident "Bilirik 15 ildə nə görülüb, sən qəzanın səbəblərini de” deyərək onun sözünü kəsib.

Daha sonra "Azərenerji” sədri iyunun əvvəlində 50-55 milyon kVatt enerji istehsal edildiyini, bu rəqəmin son 1 həftədə isə 70-75 milyona qalxdığını bildirsə də, İ. Əliyev bunun qəzanın səbəbi olmadığını söyləyib:

"Bəziləri bunu isti hava ilə bağlayır. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər. Fəsadları aradan qaldırılmalıdır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi, böyük səhvdir.

İsti havalar qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini xüsusi komissiya araşdıracaq. Siz sadəcə olaraq utanmalısınız. İnsanlara – qocalara, uşaqlara, qadınlara, metroda və liftdə qalanlara, xəstələrə bu isti havada əziyyət vermisiniz. İqtisadiyyata böyük ziyan vurmusunuz”.


Kəmaləddin Heydərov iclasda "Azərenerji”yə irad tutdu

Müşavirədə iştirak edən fövqəlnazir Kəmaləddin Heydərov da Azərenerji"-nin fəaliyyətini tənqid edib.

Nazir bildirib: - "İlk hadisə zamanı mən özüm də srağagün oraya getdim. Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılmış və qabağında olan kanallarda kabelləri yandırıb. Biz əvvəllər də "Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməyib”.

Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezident İlham Əliyev yanında ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirilən müşavirədə çıxışı zamanı bildirib.

"Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmayıb. Ərazi quru otlardan təmizlənməyib. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, – düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, – Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olmuşdur, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir”.

Demokratik.Az


Oxşar xəbərlər