Türkiyə - Almaniya “savaşı” hara qədər davam edə bilər?

  • 30 avq 2017, 08:43

Politoloq hesab edir ki, alman biznesi qardaş ölkəni tərk etməyəcək, Antalya sahilləri isə almanlar üçün rahat, ucuz və keyfiyyətli istirahət məkanıdır; "Almaniyanın və digər Qərb ölkələrinin siyasətinin nəticəsidir ki, Türkiyə Rusiya, İran və Çin istiqamətinə daha çox boylanmaq məcburiyyətindədir”

Türkiyə ilə Almaniya arasındakı gərginliyi tətikləyən daha bir açıqlama Sosial Demokrat Partiyasının (ASDP) lideri Martin Şultsdan gəlib. Deputat kansler Angela Merkelin Türkiyə siyasətini kəskin tənqid edərək onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "provokasiyalarına qarşı tərəddüdlü mövqe sərgiləməkdə” ittiham edib.

"Cənab Ərdoğanın bizi barmağında oynatmasını nə vaxta qədər və heç nə etmədən izləyəcəksiniz?”, - Şults sual edib (axar.az). Martin Şults jurnalistlərə verdiyi açıqlamasında Türkiyədə olan alman məhbusların sərbəst buraxılmayacağı təqdirdə bu ölkə ilə gömrük anlaşmasının yenilənməyəcəyini də deyib.

Ötən ilin 15 iyulunda qardaş ölkədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə-Almaniya münasibətlərində yaranmış gərginlik hələ də qarşılıqlı "atışmalar”la davam edir. Türk əsilli alman yazıçısı Doğan Axanın İspaniyada məhz rəsmi Ankaranın tələbi ilə həbs olunması, daha sonra isə Almaniyanın tələbi sayəsində şərti olaraq azad edilməsi Ankara-Berlin münasibətlərindəki gərginliyi artırdı. Ancaq sonrakı dönəmdə Almaniya hökumətinin bir sıra davranışları Avropa Birliyində önəmli mövqeyə malik olan ölkə ilə Türkiyə arasında soyuqluğu pik həddə çatdırdı. Güman olunur ki, həm Türkiyə, həm də Almaniyada gözlənilən seçkilərin bu gərginlikdə öz "payı” var. Məlum olduğu kimi, Almaniyanın Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) və hökumətə yaxın şirkətlərə maliyyə dəstəyini dayandırmağı planlaşdırmasına cavab olaraq prezident Ərdoğan Almaniyada keçiriləcək kansler seçkilərində bu ölkədəki türkləri 3 siyasi partiyaya-Xristian Demokratlar, Sosial Demokratlar və Yaşıllar partiyalarına səs verməməyə çağırıb. Söhbət 3 milyona yaxın türkün yaşadığı ölkədə 1.5 milyon səsdən gedir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında dedi ki, Türkiyə ilə Almaniya arasındakı münasibətlərin gərginləşməsində Ankaranın xarici siyasət prioritetlərinin dəyişməsinin və ya Rusiya və İranla fəal dialoq içində olmasının heç bir rolu yoxdur: "Tam əksinə, Ədalət və İnkişaf Partiyası parlament seçkisində ilk dəfə qələbə çaldığı 2002-ci dilə Avropa Birliyinə üzvlüyü qarşısına məqsəd qoymuşdu. Neçə il danışıqlar getdi. Türkiyənin indiki prezidenti və o illərdəki baş naziri Rəcəb Tayyib Ərdoğan danışıqlar prosesində fəal iştirak etdi, ölkəsinin Avropa Birliyinə üzv olması üçün əlindən gələni etdi. Ankara Avropa Birliyinin quruma üzv olması üçün bir sıra şərtlərini yerinə yetirdi. Ancaq Ankara bu şərtləri yerinə yetirdikdə qarşısında əlavə şərtləri görməyə başladı və bəlli oldu ki, Brüssel Türkiyəni birliyə üzv qəbul etməkdə maraqlı deyil, müxtəlif bəhanələrlə məsələni uzatmaqla məşğuldur”. Siyasi ekspert Avropanın ayrı-ayrı dairələrindən Türkiyədən bəhs edərkən R.T.Ərdoğan faktorunu xüsusi vurğulamasına, guya münasibətlərin nizama salınmasında onun "rolunun” olması barədə iddialarını da mənasız sayır: "Almaniya rəsmiləri belə açıqlamalar səsləndirirlər ki, Rəcəb Tayyib Ərboğan hakimiyyətdə olduğu müddətdə Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkünsüzdür. Ərdoğan 15 ildir hakimiyyətdədir. Sual olunur: Ərdoğandan əvvəl Türkiyədə müxtəlif baş nazirlər və cumhurbaşqanları olub, o cümlədən Bülənt Ecevitin, Süleyman Dəmirəlin, Turqut Özalın və Tansu Çillərin adlarını qeyd etmək olar. Bəs onların vaxtında Türkiyənin Avropa Birliyinə üzvlüyünü əngəlləyən nə idi? Yəni Almaniya rəsmiləri bəhanə axtarırlar. Onu da demək lazımdır ki, Almaniyanın Türkiyə əleyhinə yönəltdiyi siyasəti Avropa Birliyinin əksər üzvləri arasında dəstək qazanmır. Bunu Almaniya rəsmiləri də açıq etiraf edirlər”.

E.Şahinoğlu xatırlatdı ki, Almaniya Türkiyə əleyhinə ard-arda addımlar atır. Bununla bağlı konkret faktlardan da bəhs etdi: "Birincisi, Türkiyənin Avropa Birliyinə üzvlüyünün ən qatı əleyhidarı məhz Almaniyadır. Heç Avropa İttifaqının ikinci böyük dövləti olan Fransa Almaniya qədər Türkiyə əleyhidarı deyil. İkincisi, Almaniya illərdir Türkiyə və türk əleyhidarlarının məskunlaşma yerinə çevrilib. Minlərlə PKK terrorçusu Almaniyada rahat yaşayır, Türkiyədə insanları qətl edən təşkilata maliyyə və hərbi dəstək verirlər. Almaniya Türkiyədə ötən il çevriliş cəhdi həyata keçirmək istəyən və 250 nəfərdən çox insanın qətlinə yol açan Fətullah Gülənin şəbəkəsi üçün də ən rahat məskəndir. Üçüncüsü, Almaniya parlamenti ”erməni soyqırımını" tanıyan qətnamə qəbul etdi. Halbuki Almaniyada Fransadakı qədər erməni yaşamır ki, deyəsən ki, bunu Berlinə kənar güc məcbur etdi. Almaniya bu ölkədə yaşayan 4 milyona yaxın türkü görməzlikdən gələrək Ermənistanı və dünyadakı erməni lobbisini sevindirdi. Dördüncüsü, Almaniya rəsmiləri türkiyəli rəsmilərin səfərlərinə məhdudiyyət qoyub. Avropanın heç bir başqa ölkəsində Türkiyə əleyhinə bu qədər addım atılmayıb və bu addımların Ərdoğanla əlaqəsi yoxdur. Türkiyənin prezidenti Ərdoğan deyil, bir başqası olsaydı, həmin şəxs Almaniyada PKK və digər terrorçu qrupların uzantılarına seyrçimi qalacaqdı, onların təhvil verilməsi tələbini səsləndirməyəcəkdimi? Bəli, Ərdoğanın üslubu sərtdir, bəzən açıqlamaları kəskinliyi ilə fərqlənir. Ancaq əsas mahiyyət bundan ibarətdir ki, Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq Berlin nə PKK-çıları Türkiyəyə təslim edəcək, nə də qardaş dövlətin Avropa Birliyinə yolunu açacaq".

Politoloq bu iki ölkənin hakimiyyətlərinin dəyişəcəyini güman etmir: "Yaxın illərdə Almaniyanın kansleri Angela Merkel, Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan olacaq. Hər ikisi böyük ehtimalla onları gözləyən növbəti seçkilərdə qələbə çalacaqlar. Bu isə o deməkdir ki, iki dövlət arasında münasibətlərin normallaşacağını gözləmək problematikdir ”.

E.Şahinoğlu qeyd etdi ki, Almaniya Türkiyə və türk əleyhdarlarını Ankaraya təhvil vermək istəmir: "Bunun qarşılığında da bir neçə alman terrorçulara dəstək maddəsilə Türkiyədə həbs olunub. Türkiyə Berlindən terrorçuları iadə etməyi tələb edəndə Almaniya hökuməti ”Bizdə məhkəmələr müstəqildir, onların qərarlarına qarışa bilmərik" iddiasını irəli sürür. Berlin də Ankaraya "Bizim vətəndaşları azad edin” deyəndə Türkiyə hökuməti də eyni arqumenti irəli sürür: "Bizdə də məhkəmələr müstəqildir, onların qərarlarına qarışa bilmərik”. Bu vəziyyət hələ bir müddət dəyişməz qalacaq. Almaniyanın və digər Qərb ölkələrinin siyasətinin nəticəsidir ki, Türkiyə Rusiya, İran və Çin istiqamətinə daha çox boylanmaq məcburiyyətindədir".

E.PAŞASOY

Oxşar xəbərlər