Ərdoğana daha bir qadağa
- 05 mart 2017, 16:21
Almaniyadan sonra
Hollandiya hökuməti də Türkiyə hökumət rəsmilərinin Amsterdamda türklərlə
görüşünə icazə verməyəcəyini açıqlayıb.
İstiPress-in "Timeturk”-ə istinadən verdiyi xəbərə görə, Hollandiyanın Baş
naziri Mark Rutte, Türkiyədəki referendumla bağlı Avropa ölkələrində kampaniya
aparılmasını doğru hesab etmədiyini deyib: "Biz bunun yolverilməz olduğunu
düşünürük. Hollandiyanın meydanları, başqa ölkələrin siyasi kampaniya yeri
deyil”.
Qeyd edək ki, aprelin 16-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı
Türkiyədə referendum keçiriləcək. Bununla bağlı olaraq türk rəsmilər Avropada
yaşayan həmyerlilərini referendumla bağlı məlumatlandırmaq üçün mitinqlər və
konfranslar keçirməyi planlaşdırır.
Xatırladaq ki, Almaniya da eyni addımı atmış, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın bu ölkədə mitinq keçirməyinə qarşı çıxmışdı.
Alman hökuməti ötən il 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhddən sonra
Kölndə keçirilən mitinqdə R.T.Ərdoğanın videomüraciətinin yayımlanmasını
məhkəmə qərarı ilə qadağan etmişdi. Eyni şəhərdə PKK-nın mitinq keçirməyinə isə
icazə vermişdi.
Demokratik.Az