Xəbər lenti
Bütün xəbərlər

Avropa Birliyi-Türkiyə münasibətlərində qırılma

  • 27 mar 2017, 09:24

Qabil Hüseynli: "Baş verənlər yaxşı nə isə vəd etmir”; Əhəd Məmmədli: "Türkiyənin günbəgün artan nüfuzu Avropanı narahat edir”


Türkiyə ilə Avropa Birliyi arasında münasibətlər yenidən gərginləşir. İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antaliyada bir toplantıda deyib ki, Ankara Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə əlaqədar müzakirələrin davam etdirilməsi üzrə konstitusiya dəyişikliyi ilə bağlı referendumdan sonra qərar verəcək.


Ərdoğan Türkiyənin Avropa Birliyinə üzv olması üçün on illərlə gözləməsini tənqid edib: "Bu vəziyyətin davam etməsi qəbul ediləsi deyil. Bəzi Avropa ölkələri Ankara əleyhinə düşmənçilik mövqeyinə son qoymalı, Avropa siyasətçiləri öz yanlış davranışlarını anlamalı və yanlış yoldan qayıtmalıdırlar”, - deyə Ərdoğan bildirib.


Məlum olduğu kimi, Türkiyənin Avropa Birliyi ilə əlaqələri, bu birliyin iki üzvü yəni Almaniya və Hollandiyanın Türkiyə konstitusiyasına dəyişikliklər üzrə referendum üçün bir neçə türk nazirin təbliğat kampaniyasında iştirak etməsini ləğv etdikdən sonra gərginləşib. Vəziyyətin 16 apreldən sonra daha da gərginləşəcəyi ehtimal olunur.


Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a bildirdi ki, bu məsələlərdən qəlbi Türkiyə ilə döyünən hər bir şəxs narahatdır: "Münasibətlər süni surətdə gərginləşdirilir və bu prosesdə hər iki tərəfin payı olsa da daha çox Türkiyənin səy göstərdiyini düşünürəm. Türkiyənin prezidentinin durmadan bu ölkələri faşist ölkəsi adlandırması, onların ünvanına müxtəlif hədələr yağdırması Avropa mediasında fərqli şəkildə yayımlanır. Biri terror olaylarının artacağından əndişələnir, digəri ölkədə olan türk əhalisinin müəyyən fəaliyyətlərə yol verəcəyindən şübhələnir və s. Bir sözlə, ağıla hər cür fikirlər gəlir. Hesab edirəm ki, Avropaya gedərək orada normal güzəran quran insanları siyasətin alətinə çevirməyə dəyməz. Türkiyədən edilən təhdidlər Avropada əks reaksiya verir. Yəni sanki sağçıların dəyirmanına su töküb, onların mövqelərini möhkəmləndirir. Fransada sağçı, millətçi partiyalar seçki qabağı reytinqlərini durmadan artırırlar. Bütün bunların hamısı müsəlman ölkələrindən gələn, Avropaya yönəlik təhdidlərin hesabına baş verir. Misal üçün, Almaniya bəyanat verib ki, Türkiyənin Avropa Birliyinə üzv olmaq şansı demək olar yox olmaq üzrədir. Axı Türkiyə Avropa Birliyinə namizəddir və bu, Türkiyə vətəndaşları üçün çox böyük üstünlüklər vəd edir. Dünənə qədər Avropa ilə vizasız gediş-gəliş məsələsini müzakirə edən Türkiyə indi çox ciddi qarşıdurma prosesinə gedib”.


Politoloqa görə, mümkündür ki, Ərdoğan Avropa Birliyi və NATO-dan uzaqlaşmağı düşünür: "Buna inanmıram, ancaq hər halda baş verənlər yaxşı heç nə vəd etmir. Doğrudur ki, Avropa Birliyində daxili böhran yaşanır. İngiltərə birlikdən çıxmaq arzusunu ifadə etdikdən sonra bəzi ölkələrdə də belə bir fikir yarana bilər. Lakin düşünürəm ki, Avropa Birliyi hələ də dünyanın ikinci güc mərkəzidir. Ərdoğanın fəlsəfəsini sona qədər başa düşmək çətindir. Düşünürəm ki, Avropa Birliyi və NATO ilə münasibətlərin korlanması, birmənalı olaraq Türkiyənin xeyrinə olmayacaq”.


Politoloq Əhəd Məmmədli isə hesab edir ki, bu məsələdə Ərdoğanı yalnız bəzi şəxslər qınaya bilərlər: "Türkiyədə Ərdoğan qınanılmır. CHP-nin özü də bu məsələlərdə Türkiyə dövlətinin yanında oldu. Avropada bəzi şəxslər Ərdoğanı çıxışına görə qınayırlar. Baxın, bir var çıxış, bir də var əməl. Ərdoğan nə üçün durduğu yerdə o cür çıxışlar etməlidir? Demək ki, səbəb var. Son iki ilə nəzər salsaq görərik ki, Brüsseldə Avropa Parlamentinin binasının qarşısında çadır qurub PKK-nın terror başçılarının şəkillərini təqdim edirdilər. Hansı ki, PKK-nı ABŞ-da, bir neçə Avropa ölkəsi də terror təşkilatı elan etmişdi. İndi düşünün ki, eyni şey Ankarada baş verir və Avropaya, Qərb dəyərlərinə qarşı olan terror təşkilatlarının nümayəndələrinin şəkilləri sərgilənir. Belə olardısa, nə baş verərdi? Avropa susardımı? Son iki-üç ildə Avropa Birliyi bütün xətləri keçib. Türkiyə məcburən sərhəddə Rusiya qırıcısını vurduğu zaman NATO generalları deyirlər ki, Türkiyə nahaq bu addımı atıb. NATO üzvü olduğu halda onlar Türkiyəni Rusiya kimi dövlətlə üz-üzə qoydular. Budurmu müttəfiqlik? Bir daha qeyd edirəm ki, Ərdoğan durduğu yerdə Avropa ilə bağlı çıxışlar etmir. Bundan başqa Amerika YPK-ya dəstək verir. Yaxşı, Türkiyə Əl-Qaidəyə dəstək verərsə, nə baş verər? Bu cür müttəfiqlik olmaz”.


Ə. Məmmədlinin fikrincə, baş verən problemlərdə əsas günahkar Avropadır: "Sadəcə olaraq, Türkiyənin günbəgün artan nüfuzunu istəmirlər. Suriya Türkiyənin sərhədindədir, ancaq deyirlər ki, sən hadisələrə qarışma, qoy biz okeanın o başından gəlib müdaxilə edək. Belə bir şey olar? Suriya 100 illərlə Türkiyənin tərkib hissəsi olub. Türkiyənin inkişafını durdurmaq üçün hərbi çevrilişlərə, ”gezi olayları"na, iqtisadi böhrana, terrorlara belə əl atırlar. Lakin bunu bacara bilmirlər. Avropanın dərdi heç də demokratiya deyil. Avropa Birliyi sanksiyalara, blokadalara baxmayaraq illərdir ki, İranla ticarət aparır. Demokratiya aşiqisənsə, nə üçün İranla münasibət qurursan? Sadəcə olaraq onlar yaxşı başa düşünürlər ki, hansısa ərəb ölkəsinin deyil, məhz Türkiyənin güclənməsi yenidən islam dünyasının dirçəlməsinə səbəb ola bilər. Belə olarsa, neft sərvətləri ilə dolu regionlarda Qərb öz əvvəlki üstünlüyünü itirə bilər. Qərbi narahat edən odur ki, Ərdoğan müstəqil siyasət yürüdür".


Əli RAİS

Oxşar xəbərlər