Ərdoğan ikinci “Brexit” referendumu keçirə bilər

  • 05 apr 2017, 08:21

Politoloqlar Gürcüstanı Avropa Birliyi üçün Türkiyədən önəmli edən səbəblərdən danışdı

Qonşu Gürcüstanın Avropa Birliyinə üzvlük istiqamətində cəhdləri nəticə verdi, gürcülər artıq bu istiqamətdə hədəfə çatmaq üzrədir. Bu ölkənin Xarici İşlər Nazirliyi Avropa Birliyi (AB) ilə vizasız gediş-gəlişin qüvvəyə minməsini önəmli hadisə adlandıraraq bunun adıçəkilən quruma üzvlük istiqamətində atılan ciddi addım hesab edildiyini bildirib.

Qeyd edək ki, qardaş Türkiyənin 50 ildir can atdığı AB üzvlüyünə Gürcüstanın qısa müddət ərzində daha çox yaxınlaşması da cəmiyyətdə sual doğurur. Görəsən, Cənubi Qafqazın ən kasıb ölkələrindən biri olan, heç bir qeyri-adi iqtisadi gücə və təbii sərvətə malik olmayan Gürcüstan niyə Avropa Birliyi üçün Türkiyədən daha önəmlidir?

 "Yeni Müsavat”ın sualını cavablandıran politoloq Qabil Hüseynli bildirdi ki, Gürcüstan bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirir və artıq bunun ilkin bəhrələrini də görür: "Gürcüstan həm Avropa Birliyinin bəzi strukturları ilə, həmçinin NATO-nun strukturları ilə sistemli şəkildə iş aparır. Gürcüstan Avropa Birliyi ilə əvvəlcə yaxın qonşuluq münasibəti qurub, 3 il bundan əvvəl isə AB ilə assosiativ üzvlük haqqında müqavilə bağlayıb. Bu, Gürcüstanı AB-yə doğru aparan yoldur. Gürcüstan həmçinin NATO ilə də əməkdaşlıq edir. Bu səbəbdən də Gürcüstan Cənubi Qafqazda ordusunda NATO standartlarına keçən ilk ölkədir. Eyni zamanda Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulan ilk ölkədir. Gürcüstan ordusunun NATO standartları üzrə qurulması proqramını qəbul edib və öz ölkəsində NATO-nun tədris mərkəzinin açılmasına icazə verib. Bütün bunlar Gürcüstanı Qərb strukturları ilə xeyli yaxınlaşdırıb və bu yaxınlarda Gürcüstan Avropa Birliyində daha mühüm yerə sahib olub. Gürcüstan vətəndaşları Avropa Birliyinə vizasız gediş-gəliş imtiyazı əldə edib. Bu səbəblərdən Avropa Birliyi ilə Gürcüstan arasında münasibətlər inkişaf yolundadır. Güman edirəm ki, işlər bu templə davam edərsə, çox da uzaq olmayan bir zamanda Gürcüstan Avropa Birliyinə namizəd kimi qəbul edilə bilər”.

 

Politoloqun sözlərinə görə, Avropa Birliyinə daxil olmaq istəyən ölkələr bəlli bir öhdəlikləri yerinə yetirməlidir və Türkiyə bu mənada bəzi səhvlərə yol verib: "Bu öhdəliklər demokratiya və insan haqları ilə bağlı olan məsələlərdir. Türkiyə üçün də bununla bağlı müəyyən öhdəliklər cızılıb, hətta ölkənin Avropa Birliyinə inteqrasiyasını təmin edən yol xəritəsi də müəyyən edilib. Türkiyə bunun üçün qoyulan öhdəliklərin bəzilərini yerinə yetirib, bəzilərinin yerinə yetirilməsində isə müəyyən qədər ləngidi. Türkiyədə son illər baş verən bir sıra hadisələr də bu prosesə təsir etdi. Qardaş ölkədə 15 iyunda baş verən çevriliş cəhdi və cəhddə Qərb ölkələrinin qınağa çəkilməsi, ardınca referendum məsələsində türkiyəli siyasilərin Avropa ölkələrinə buraxılmaması məsələsi, Avropa Birliyi ilə Türkiyə arasında ciddi problemlər yaratdı. Beləliklə də Türkiyənin Avropa Birliyi macərası hələ ki dayandırılıb. Bu məsələyə yenidən qayıdılmasının perspektivləri isə yaxın vaxtlar üçün real görünmür”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Türkiyənin başı üzərindən Baltikyanı ölkələr, Şərqi Avropa ölkələri , bəzi keçmiş SSRİ ölkələri də Avropa Birliyinə üzv olublar, ancaq Türkiyəni üzvlüyə qəbul etmirlər: "İndi isə Gürcüstan bu məsələdə Türkiyəni qabaqlamaq üzrədir. Fərq ondan ibarətdir ki, Avropa İttifaqı Türkiyəni öz qurumunda üzv görmək istəmir. Çünki Türkiyə böyük ölkədir, güclü ölkədir. Düşünürlər ki, Türkiyə AB-də yer alsa ciddi söz sahibinə çevriləcək. İndi Avropa İttifaqının iki aparıcı dövləti var: Fransa və Almaniya. Türkiyə AB-yə üzv olsa, liderlər sırasına qoşulacaq və üçlük yaranacaq. Ona görə də Fransa və Almaniya öz liderliyini üçüncü bir ölkə ilə bölüşmək istəmirlər. Gürcüstan kiçik bir ölkədir, heç bir iddiası yoxdur. Ona görə də onun Avropa Birliyinə yaxınlaşmasında lider ölkələr üçün heç bir problem yoxdur. Bu səbəbdən Gürcüstanla viza məsələsini də həll etdilər, islahatlar məsələsini də sürətləndirdilər. Problemin bir tərəfi də odur ki, artıq Türkiyə özü də Avropa ittifaqına üzv olmaq istəmir. Mən ehtimal edirəm ki, 16 aprel referendumundan sonra Ərdoğan ikinci bir ”Brexit" referendumu da keçirə bilər ki, Türkiyə vətəndaşları Avropa İttifaqı ilə danışıqların davam etdirilməsini istəyir , ya yox. Hiss olunur ki, Ərdoğan da bu prosesdən bezib və Avropa ittifaqına üzvlük məsələsini arxa plana atıb. Ərdoğan hakimiyyətə gələndə Brüssellə çox sıx əməkdaşlıq var idi. Brüssel Ərdoğanın fəaliyyətini yüksək qiymətləndirirdi, Ərdoğan Aİ-nin toplantılarına qatılırdı. İndi isə tərs bir durum yaranıb. Hər iki tərəf bir-birini ittiham edir, Ərdoğan Qərb ölkələrini faşist adlandırır. Ona görə də Türkiyənin Avropa Birliyinə inteqrasiya perspektivi mənim üçün dumanlıdır. Amma Gürcüstan bu istiqamətdə ciddi şəkildə irəliləyir. Bir müddət sonra bu ölkə də AB üzvü olacaq və Türkiyə hələ də kənarda qalacaq".

Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər