Əhəd Abiyevin bu paxırı da açıldı – RƏSMİ SƏNƏD
Sən demə, Əhəd Abiyev nəinki
baş redaktor Habil Vəliyevlə düşmən olub, əksinə, o, 2015-ci ildə
Novxanıda Habil Vəliyevə 0,33 sot torpaq bağışlayıb…
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının «Gündəlik Bakı» qəzetinin baş
redaktoru Habil Vəliyevi və onunla əlbir olaraq vəzifəli şəxsləri şantaj etməklə,
bəzi şəxslərin övladlarının gizli intim videolarını çəkərək pul almaları və s. əməllərinə
görə həbs edəndən sonra bu adamların hansı yüksək çinli məmurlar tərəfindən
himayə edildikləri sualı ortaya çıxdı. Mətbuatda çox yazılıb ki, belə çirkin
işlərlə məşğul olanları sonradan məhkəmələrə verdikdə belə onlara heç bir halda
cəza təyin etmək mümkün olmayıb. Amma artıq sular durulmaqda, Habil Vəliyev və
onun başçılıq etdiyi dəstəni himayə edənlərin kimliyi ortaya çıxmaqdadır…
Sumqayıtın icra başçısı Zakir Fərəcov Habil Vəliyevi himayə edirmiş?
Dünən Daşkəsənin icra
başçısı Əhəd Abiyev şok ittiham irəli sürmüşdür. Onun açıqlamasından belə çıxır
ki, artıq Habil Vəliyev istintaqa ifadələrində artıq hansı məmurların dar
ayaqda onu müdafiə etdiyini, onu kimlərin dəstəklədiyini və s. Etiraflamağa
başlayıb. Külli ictimaiyyət bilir ki, Habil Vəliyevin rəhbəri olduğu «Gündəlik
Bakı» Azərbaycanda şantaj etmədiyi məmur qalmamışdısa da, lakin onun daim təriflədiyi,
göylərə qaldırdığı məmurlardan birincisi Daşkəsən RİH-nin başçısı Əhəd Abiyev
olub. Amma dünən Əhəd Abiyev nədənsə tamam fərqli bir iddia ortaya sürdü.
Budur, o, "Ölkə.Az” saytına açıqlamasında Habil Vəliyev haqqında nələri deyib:
"O vaxtı məndən dayanmadan şər-böhtan yazılar yazırdı. Məqsədi nə idi? Kim idi
onun qəzetini oxuyan? İndi içəridə mələyir! Şantajla, böhtanla video-çəkilişlər
aparırdı… Tələbə qızları müəyyən adamlarla görüşdürürdü, sonra da onları bir
yerdə çəkib şantaj edirdi. Bu cür adamlar "jurnalist” adı ilə cəmiyyətdə meydan
oxumaq istəyirdi. Həmin adamlara qarşı sərt tədbir görülməsi vacibdir… Akademik
Ramiz Mehdiyev öz çıxışında dedi ki, iqtidarda olan bəzi məmurlar "reket” fəaliyyətlə
məşğul olan jurnalistlərə şərait yaradırlar, vəzifəli şəxslər onlara pul göndərir
və sairə. Problemin kökü bununla bağlıdır. Məmur niyə görə onlara pul verməlidir?
Ramiz müəllim doğru söyləyir də!».
Bununla kifayətlənməyən Əhəd Abiyev «Reket» fəaliyyətdə ittiham olunaraq həbsə
alınan "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi isə Sumqayıt Şəhər
İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun himayə etdiyini deyir: "Bəli, onlar
da vaxtı ilə "reket” fəaliyyətlə məşğul olurdular, mənim onlardan şikayətim
olub. İndi öz cəzalarını çəkirlər. Hətta, məhkəmədə də onları udmuşam. Sonra
Habil özü ağsaqqal tapıb gəlib mənimlə barışmağı istəyib. Sumqayıtın indiki
icra başçısı olan Zakir Fərəcova demişdi. Zakir müəllim də məndən xahiş etdi
ki, əmioğludur, Habili bağışla, mənə görə keç günahından. Mənim kəndçim,
yerlimdir… Mən də Zakir müəllimə dedim ki, baş üstə, edərəm!”
Bəs əsil həqiqət necədir?
«Təzadlar»a daxil olmuş biri
sənəd Daşkəsən RİH başçısı Əhəd Abiyevin söylədiklərinin tamamilə əksini deyir.
Belə ki, 2015-ci ilin martın 26-da Sabirabad rayonunun Xankeçən kənd sakini
Ağayev Rauf Ağa oğlu ailə üzvləri ilə birlikdə yaşadığı (Abşeron rayonu,
Novxanı qəsəbəsi, Sabit Orucov küçəsi) və yaxın qohumu M.İbrahimova məxsus ağ
evinə Habil Vəliyev tərəfindən edilmiş basqınla əlaqədar DİN-nin 102 xidmətinə,
Abşeron rayon Polis Şöbəsinə etdiyi şikayətlər edir… Sonra həmin şikayətlərlə
bağlı Abşeron RPŞ-də araşdırma aparılır. Müstəntiqin qərarının tam təfsilatını
qoyuruq bir kənara, bu başqa mövzudur. Lakin aparılan təhqiqat zamanı «Gündəlik
Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev polisə gətizdirilir və o, ifadə
verir… O, izahatında göstərir ki, guya basqın etdiyi ev və torpaq sahəsi ona məxsusdur…
Lakin elə müstəntiqin qərarında da yazılır ki, sən demə, bu basqında başqa niyyət
var. Məqsəd Habil Vəliyevin yaxın dostu olan «Bakı Mərkəzi Bazar» MMC-nin
sahibi Vaqif Şıxəliyevin qudası, hazırda düşməni hesab etdiyi Məmmədağa
İbrahimova «ilişmək»dir. İş materiallarında 2000-ci ildən M.İbrahimova məxsus
bağ sahəsinin mülkiyyət hüququ verən şəhadətnaməsi, Əmlak Komitəsinin ərazi
idarəsinin müvafiq rəsmi sənədləri, Abşeron RPŞ-nin müvafiq qərarı, Dövlət
Əmlak Komitəsi 4 saylı Ərazi İdarəsinin əməkdaşlarının GPS sistemli ölçü
qurğuları ilə torpaq sahəsinin kordinatlarını müəyyən edən sxem, kosmosdan çəkilmiş
eskiz-xəritə və digər rəsmi sənədlər vardır. Müstəntiq qərarında yazır ki, sən
demə, Habil Allahverdi oğlu Vəliyev ("Gündəlik Bakı” qəzetinin baş redaktoru) tərəfindən
mübahisələndirilən və GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan 0,33 ha torpaq
sahəsi əvvəllər Novxanı kənd sakini Quliyev Səbaət Sərdar oğluna məxsus olmuş,
o, 8 may 2014-cü ildə Vaqif Şıxəliyevə satmışdır. Vaqif Şıxəliyev GPS-lə ölçülən
və qeyd nömrəsi 1223 olan həmin 0,33 ha torpaq sahəsini az sonra Daşkəsən rayon
İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevə satmışdır (Bunlar rəsmi sənədlərdə
yazılıb). Əhəd Abiyev də GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan həmin 0,33 ha
torpaq sahəsini Vaqif Şıxəliyevdən alandan 20 gün sonra, yəni 10 mart 2015-ci
ildə Habil Allahverdi oğlu Vəliyevə alqı-satqı ilə bağışlayır. Niyə
«bağışlayır» deyirik, çünki notarial qaydada torpağın qiymətləndirilərək
satıldığı pul məbləği barədə ortada heç bir rəsmi sənəd mövcud deyildir…
Nəhayət, bu da sübut: Abşeron RPŞ-nin müstəntiqi, polis kapitanı A.Gülməmmədovun
23 aprel 2015-ci il tarixli qərarında məlum torpaq qalmaqalına tam aydınlıq gətirilir
(qərar tam şəkildə redaksiyadadır). Qərara diqqət edin: "…İzahatı alınmış
Vəliyev Habil Allahverdi oğlu bildirmişdir ki, 10.03.2015-ci il tarixdə Abşeron
rayonu Novxanı kəndində 0,33 ha torpaq sahəsini notarial qaydada bağlanmış
alqı-satqı müqaviləsi əsasında Abıyev Əhəd Mikayıl oğlundan almışdır…”.
Beləliklə, təkcə bu rəsmi sənədlər sübut edir ki, Habil Vəliyevlə elə ən yaxın dost və onunla yaxın olan, dəstəkləyən elə Daşkəsənin İcra başçısı Əhəd Abiyev olmuşdur, Sumqayıtın icra başçısı Zakir Fərəcov yox…