Avropa Parlamenti seçkiyə müşahidəçi göndərmir

  • 09 mart 2018, 13:02

Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etməyəcək. Novator.az xəbər verir ki, açıqlama martın 9-da yayılıb.

Rəsmi açıqlamada bildirilir ki, Avropa Parlamenti Rusiyada və Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı səsvermə prosesinə nəzarət etməyəcək və nəticələri şərh etməyəcək.

Məlumata görə, Avropa Parlamentinin heç bir üzvü qurumun adından müşahidəçi kimi rəsmi mandat almadığı üçün hansısa deputatın bu yöndə addımı şəxsi təşəbbüs hesab olunacaq.

Açıqlamada Avropa Parlamentinin Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərlə bağlı məruzəni müzakirəyə çıxarmaq niyyətində olduğu vurğulanır. Prezident seçkisi ilə bağlı rəsmi mövqeyin həmin müzakirələrdə əksini tapacağı qeyd olunur.

Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub. Bir çox müxalif qurum, o cümlədən Müsavat Partiyası və AXCP seçkidə iştirak etmir.

Hələlik prezident seçkisində 4 rəsmi namizəd var: Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev və müstəqil namizəd, deputat Zahid Oruc.

11 aprel seçkisinə daha 11 nəfər qatılıb. Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Vətəndaş və İnkişaf Partiyasından Əli Əliyev, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlu namizəd göstərilib.

"Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev prezidentliyə iddia edir.

5 nəfər müstəqil iddiaçıdır: Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov.

Rusiyada prezident seçkisi martın 18-də keçiriləcək.

İndiki dövlət başçısı Vladimir Putin müstəqil namizəddir.

Pavel Qrudinin Kommunist Partiyasından, Vladimir Jirinovski Liberal Demokrat Partiyasından, Kseniya Sobçak Vətəndaş Platforması Partiyasından, Qriqori Yavlinski "Yabloko” Partiyasından, Boris Titov Yüksəliş Partiyasından, Sergey Baburin Rusiya Ümumxalq İttifaqı Partiyasından, Maksim Suraykin Rusiya Kommunistləri Partiyasından namizəd göstərilib.

Demokratik.Az

Oxşar xəbərlər