Klintonu prezidentlikdən edən FTB direktoruna iş açıldı

  • 15 yan 2017, 12:25
ABŞ Ədliyyə nazirliyinin baş inspektoru Maykl Horovits FTB direktoru Ceyms Komi haqqında təhqiqatın başlandığını elan edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Ceyms Kominin prezident seçklərinə 11 gün qalmış Demokrat partiyasından prezidentliyə keçmiş namizəd Hillari Klintonun şəxsi yazışmaları ilə əlaqədar qurum tərəfindən yeni araşdırmanın başlandığını elan etməsi olub.

Bir çox ekspert Klintonun prezident seçilməsinə məhz Kominin bu açıqlamasının əngəl törətdiyini qeyd edirlər.

Maykl Horovits bəyan edib ki, Ədliyyə nazirliyi Kominin seçkilərə çox az bir müddət qalmış verdiyi bu qərarı yenidən gözdən keçirəcək.

Prinsip  etibarı ilə M.Horovitsin FTB direktorunun hərəkətlərində qeyri-qanuniliyin aşkar etməsi halında cinayət işi açmaq hüquq var. Lakin hələ ki bu yöndə hər hansı bir açıqlama verilmir. Burada əsas məqam Ceyms Kominin səlahiyyət çərçivəsini aşıb-açmaması ilə əlaqədardır.

Maykl Horovits

Ədliyyə nazirliyi FTB direktorunun 2016-cı ilin iyun ayında verdiyi mətbuat konfransını da təhqiqata alıb. (FTB formal olaraq Ədliyyə nazirliyinin tərkib hissəsində sayılır-red.) Həmin konfransda Maykl Komi Hillari Klintonun öz elektron məktubları ilə davranışını "həddən artıq ehtiyatsızlıq” adlandımışdı. 

ABŞ Ədliyyə nazirliyindən verilən məlumatda ararşdırmanın Konqressin bir qrup üzvünün şikayəti əsasında başlandığı da göstərilib. 

Həmin konqresmenlər prezident seçkiləri zamanı FTB-nin hərəkətlərinin "siyasi qərəz” daşıdğını önə sürərək şikayətlərini dilə gətiriblər.

The New York Times qəzetinin xəbərinə görə, burada Maykl Kominin keçmişdə respublikaçı kimliyinin də rolu mövcuddur. Demokratların fikrincə, Maykl Kominin məlum oktyabr bəyanatı seçkidə qələbə qazanmaq şansı olduqca yüksək sayılan Hillari Klintonun məğlubiyyətində olduqca böyük rol oynayıb.

Klintonun seçki qərargahında da FTB direktorunun qərəzli münasibətindən sonra seçim öncəsi qeyri-müəyyən mövqedə olan seçicilərin önəmli bir qisminin öz səslərini Donald Trampa verdiyini qeyd edirlər.

FTB nümayəndələri nazirliyin məlumatına dərhal reaksiya göstərərək mövzu ilə bağı hər cür əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Ceyms Komi özü Horovitsi "preşəkar və müstəqil” mütəxəssis adlandırıb.

"Ümid edirəm ki, o, öz gəldiyi nəticə və müşahidələrini ictimaiyyətlə paylaşacaq. Çünki layiqli qiymətləndirmə və şəffaf araşdırma hər kəsin xeyrinədir”, Ceyms Kominin bəyanatında bildirilir.

Klintonun seçki qərargahının fikrncə, Komi haqqında bu təhqiqat çoxdan həyata keçirilməli idi. "Bu xəbər bizi xeyli sevindirib. Çünki FTB direktoru Ədliyyə nazirliyinin qaydalarınan uzun müddətdir ki, riayət etmir. Bu cür araşdırmalar  FTB-nin partiyasız institut kimi reputasiyasının bərpasından ötrü vacib addımdır”, - qərargahın bəyanatda deyilir.

Xatırladaq ki, ABŞ-da prezident seçkilərinə 11 gün qalmış FTB Demokrat partiyasından namizəd Hillari Klintona qarşı elektron yazışmalarının sızması ilə əlaqədar aparılan təhqiqatın yenidən başlandığını bəyan etmişdi. 

FTB-nin təhqiqatı bərpa etməsinə göstərdiyi səbəb, Klintonun köməkçisi Huma Abedinin keçmiş əri Entoni Vaynerin telefonunda həmin məktubların bir hissəsinin tapılması olub. Entoni Vayner özü tanış olduğu qadınlara çılpaq fotolarını göndərməklə onlara sataşmaqda ittiham olunur.

Daha sonra həmin məktubların dövlət sirri ilə əlaqədar heç bir əhəmiyyət daşımadığı ortaya çıxmışdı. Bu səbəbdən FTB seçkilərə sadəcə 2 gün qalmış Hillari Klintona qarşı başladılan təhqiqatın sonlandırıldığını bəyan etmişdi.

Lakin necə deyərlər, "palçıq at, izi qalsın” məsəli əsl burada yerinə düşübmüş.
Belə ki, FTB təhqiqatın yenidən başlandığını elan edən kimi Hillari Klintonun reytinqləri bir saatın içində alt-üst olub. Bundan öncə isə o, Donald Trampın önündə 5%-lik üstünlüklə liderlik edirdi.

Klinton hətta ən güvəndiyi ştatlarda belə rəqibinə uduzub.

Beləliklə, FTB və onun direktoru seçkiyə 10 gün qalmış yarışın taleyini Respublikaçılar partiyasının namizədinin xeyrinə həll etməyi bacarıb.

Vaqif Hüseyn, 
Musavat.com

Oxşar xəbərlər