Sabiq deputat :“Mən icraçı olmuşam”

  • 10 mart 2017, 11:38
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Dünyamin Xəlilov məhkəmədə sərbəst ifadə verib. Tərcümeyi halını danışan D.Xəlilov bildirib ki, uzun müddət Neft Şirkətində çalışıb, 2005-ci ildə Milli Məclisin deputatı olduğunu deyib. 

Bildirib ki, həm də şirkət rəhbəri olub və 1995-ci ildən Beynəlxalq Bankla işgüzar münasibətlər yaradıb: "2001-2004 və 2005-ci illərdə bankın bir sıra layihələrində iştirak etmişəm. Bank rəhbərliyinin göstərişi ilə hesabatlar hazırlamışam və monitorinqlər keçirmişəm. Monitorinq keçirmişəmsə, bu, o demək deyil ki, o şirkətlər mənimdir. Prosesləri məndən başqa bankın idarə heyətinin üzvləri də izləyib. Müəssisələrə kreditlərin ayrılması təşəbbüsü bank tərəfindən gəlib. Banka gedib kredit müqavilələrinə qol çəkən şəxslərdən xəbərim olmayıb. Bank əməkdaşları göstəriş alıblar, krediti rəsmiləşdiriblər. O pulları biz görməmişik, toxunmamışıq. O pullar qalıb bankda və sonradan müəssisənin inkişafına yönəlib. Ayrılan vəsaitlər mənimsənilməyib. Kredit ayrılması barədə qərar mən və digər təqsirləndirilən şəxslər tərəfindən verilməyib. Bu, bank rəhbərliyi tərəfindən edilib Biz Beynəlxaq Bankdan kredit götürülən pulları görməmişik. Pul "İntertekstil"MMC-nin fəaliyyətinə ayrılıb. Pullar da bankda qalıb. 

"Səbail Mebel" MMC və digər şirkətlərə də eyni qayda ilə kredit ayrılırdı.  Həmin şirkətlər bankın nəzarəti altında olub. Kreditlərin götürülməsi üçün sənədlər hazırlanıb, Beynəlxalq Bankın rəhbərliyinə göndərilirdi. Vəsaitlər iki bank vasitəsi ilə xarici bankların hesablarına köçürülüb. Mən həmin sənədləri məhkəməyə təqdim edə bilərəm. Mən heç bir şirkətin təsisçisi, icraçısı olmamışam. Şirkətlərə nəzarət Beynəlxaq Bankın rəhbərliyinin nəzarətində olub. 

Həbs edilməmişdən əvvəl də Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinə gedib gəlmişəm. İstintaqla əməkdaşlıq eləmişəm. Orada çalışan müstəntiqlər maliyyə işini yaxşı bilmirlər. Mən onlara bunların hamısını öyrədib izah etmişəm. Hətta həbs edildən sonra da bu məsələləri onlara aşılamışam. Lazım olan sənədləri onlara vermişəm. Həmin götürülən pullardan qəpik də gəlirim olmayıb. Ümumiyyətlə mən icraçı olmuşam".

Prokurorun suallarına cavab verən Dünyamin Xəlilov Cahangir Hacıyevlə 1978-ci ildən tanış olduğunu deyib. O qeyd edib ki, qonşuluq və qohumluq münasibətləri olub. "Onunla qohum olsaq da, əsasən işgüzar münasibətlərimiz olub". 

Prokuror D.Xlilovun istintaqda bütün tapşırıqları Cahangir Hacıyevdən aldığını dediyini xatırladıb.

Dünyamin Xəlilov bildirib ki,  bankın nəzarətində olan şirkətlərlə bağlı tapşırıqlar olurdu: "Təkcə Cahangir Hacıyev deyil, Bankın digər vəzifəli şəxsləri tapşırıqlar verirdi. Məsələn, bəzi məsələr üzrə Akif Əliyev tapşırıq verirdi. Mənim işim monitorinq olub. Verilən tapşırıqlar da əsasən bundan ibarətdir. Mən də icra eləmişəm. Ümumiyyətlə təsisçi kimi işlərin monitorinqini aparmışam".
Dünyamin Xəlilov bildirib ki, gələn pullar Albaniyada, Antalyada torpaq sahələrinə alınmasını və digər layihələrə xərclənib: "Çünki həmin işlərə Beynəlxalq Bank rəhbərlik edirdi". 

Daha sonra Dünyamin Xəlilov vəkillərin suallarına cavab verib. Zərəri ödəmək istəyib-istəməməsi barədə suala cavab olaraq isə belə fikri olmadığını deyib. "Hər göstəriş verən ziyan ödəməlidir? Sizi anlamıram. Elə bir fikrim yoxdur".

İclasda digər təqsirləndirilən "İnter Tekstil” şirkətinin İdarə Heyətinin üzvü olmuş Şakir Musayev bildirib ki, ona şirkətin işçilərinin banka göndərilməsi və adlarına kredit rəsmiləşdirilməsi barədə göstərişi Dünyamin Xəlilov verib.

Proses martın 16-da davam edəcək.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib.

Dünyamin Xəlilov və digər təqsirləndirilənlərə CM-nin 179 (mənimsəmə), 213 (vergidən yayınma) 308 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 309-cu (vəzifə səlahiyyətini aşma) maddələri ilə ittihamlar verilib.

İttihama görə, Dünyamin Xəlilov "Beynəlxalq Bank"ın keçmiş rəhbəri Cahangir Hacıyev vasitəsilə "Aqora" MMC-nin adına 1 milyon manat məbləğində kredit götürüb. Həmin vəsait şirkətin Norveç filialındakı hesabına köçürülüb. Bundan başqa, şirkətin rəhbəri Fərhad Əmiraslanovun adına "mal mübadiləsi aparılması" adı ilə 3,3 milyon dollar kredit verilib, o məbləğ də İsveçrədəki hesaba köçürülüb.

Keçmiş deputat və işçiləri bu cür yollarla bankın təxminən 50 milyon vəsaitini mənimsəməkdə suçlanır.

Məhkəmədə ittihama münasibət bildirərkən onların heç biri özünü təqsirli bilməyib. Dünyamin Xəlilov indiki mərhələdə ifadə verməkdən imtina edib. Qalan altı nəfər isə ifadə verib, hamısı da məsuliyyəti keçmiş deputatın üstünə atıb.

Yada salaq ki, D.Xəlilovun adı Beynəlxalq Bankın keçmiş rəhbəri, 2016-cı ilin oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və s. cinayətlərdə təqsirli bilinətək 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin məhkəməsində də tez-tez hallanırdı.

Oxşar xəbərlər