Demokratik TV
“Hansı 211 milyondan söhbət gedir?” - Cahangir Hacıyev
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə iclaslarının arasında fasilənin az olmasına etiraz edib. "İclaslar həftədə üç dəfə, səhərdən axşama qədər keçirilir. Bu, həm müdafiə etdiyimiz şəxslərlə görüşməyimizə mənfi təsir göstərir. Həmçinin, digər cinayət işlərində də iştirakımızda problemlər yaranır”.
Hakim bildirib ki, təqsirləndirilən şəxslərin dindirilməsi başa çatana qədər məhkəmə bu şəkildə davam edəcək. Şahidlərin dindirilməsi zamanı isə bu məsələyə baxıla bilər.
Daha sonra 2004-2010-cu illərə Beynəlxalq Bankın Mərkəzi filialının direktorları işləmiş Anar Sultanov sərbəst ifadə verib.
O, bildirib ki, 1997-ci ildən 2004-cü ilə qədər Beynəlxalq Bankda müxtəlif vəzifələrdə çalışıb. 2004-2010-cu illər arasında isə Mərkəzi filialın rəhbəri olub. Təqsirləndirilən qeyd edib ki, işlədiyi dövrdə əsasnaməyə və vəzifə təlimatına uyğun olaraq fəaliyyətini yerini yetirib. Onun sözlərinə görə, bankın qaydalarına və təlimata əsasən, filialın təminatsız 2 min, təminatlı isə 5 min manat kredit vermək səlahiyyəti olub. Bundan yuxarı kredilər isə mərkəzi ofisdə kredit komitəsi, idarə heyyəti kimi qurumların qərarı ilə ayrılıb. "İstintaqdakı ifadəmi təsdiqləyirəm. Bildirirəm ki, idarə heyəti qərar verəndən sonra kredit ayrılması məsələsinmdə filial daha çox texniki rol oynayırdı. İdarə heyətinin qərarlarının icrası mənim üçün məcburi idi”.
Daha sonra prokurorun suallarını cavablandıran A.Siltanov bildirib ki, Cahangir Hacıyev, həyat yoldaşı Zamirə Hacıyeva, qızı Leyla Mahmudova və digər 6 nəfərə yüksək məbləğli plastik kartlar onun rəhbəri olduğu filial tərəfindən verilib. "Həmin kartlarla bağlı sənədlər filialda toplanıb və mərkəzi ofisə göndərilib. Kreditin verilməsi ilə bağlı qərar isə mərkəzi ofis tərəfindən verilib, biz sadəcə icra etmişik”.
Prokuror: Siz C.Hacıyev və ailə üzvlərinə kredit verəndə onunla bağlı sənədləri yoxlandınızmı?
A.Sultanov: Mən ondan bu sənədləri tələb edə bilməzdim. Bizim bu işdə sırf texniki rolumuz olub.
Prokuror: Siz bilirdinizmi ki, banka aid olan şəxslərə kredir ayrılması üçün Müşahidə Şurasının qərarı olmlıdır?
A.Sultanov: Bizə kredit verilməsi ilə bağlı idarə heyətinin qərarları çıxarış formasında gəlirdi.
A.Sultanov C.Hacıyevin sürücüsü Aydın Mehdiyevə kredit ayrılması ilə bağlı sualları da cavablandırıb. Bildirib ki, İdarə Heyətinin 57 nömrəli qərarı ilə Aydın Mehdiyevə kredit verilib: "İttiham aktında yazılıb ki, guya mən onun imzasını saxtalaşdırmışam. Mən heç nəyi saxtalaşdırmamışam. Buna ehtiyac da yox idi. Aydın Mehdiyev Cahangir müəllimin sürücüsü idi. İşdə olurdu, başı qarışıq olurdu. Ona görə sənədləri imzalanması üçün baş idarəyə göndərmişəm. Oradan imzalanıb gələndən sonra kredit verilib. Həmin kredit 2009-cu ilin avqustunda bağlanıb. Əsasə borc və faizlər üzrə.
Prokuror: Cahangir Hacıyevin sürücüsünün adına 9 milyon kredit verilməsi nə dərəcə doğru idi? Kredit verərkən şəxsin ödəmə qabiliyyətini yoxlamışdınız?
A.Sultanov: Kreditin ayrılması ilə bağlı qərarı idarə heyəti verib və həmin qərarın icrası mənim üçün məcburi idi.
Prokuror: Siz sənəd imzalanıb qayıtdıqdan sonra imzanın doğruluğunu yoxladınızmı?
A.Sultanov: Xeyr, sənəd qayıtdıqdan sonra mən baxmamışam. Pulun verilməsini xəzinədar və əməliyyatçı həyata keçirir.
Prokuror: Bəs belə böyük məbləğdə kreditin vaxtından əvvəl bağlanması sizə qəribə gəlmədi?
A.Sultanov: Bu, mənim vəzifəmə aid məsələ deyil.
Vəkil Fəxrəddin Mehdiyevin sualına cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, 2010-cu ilə qədər Beynəlxalq Bankda işləyib və ittihamda qeyd olunan mütəşəkkil dəstədə olmayıb, heç bir qanunsuz əməldə, mənimsəmədə iştirak etməyib.
Cahangir Hacıyev bildirib ki, ittihamda nəzərdə tutulan 211 milyon manat mənimsəmə reallığı əks etdirmir. "Vəkillərim də dəfələrlə haqlı olaraq deyiblər ki, bu rəqəm araşdırılmalıdır. Hansı 211 milyondan söhbət gedir? Hardan çıxdı bu rəqəm?”
Hakim isə bildirib ki, ittihamda yazılanlar məhkəmə istintaqında araşdırılacaq. "Biz ittihamı araşdırmaq üçün buradayıq, prosesin gedişçində bu məsələlərə aydınlıq gətiriləcək və biz də qərar verəcəyik. Əgər 211 milyon deyilsə, ortaya çıxacaq”.
Cahangir Hacıyev Anar Sultanova sual verərək ona nə vaxtsa qanunsuz göstəriş verib-vermədiyini soruşub.
C.Hacıyev: Mənim tərəfimdən sizə göstəriş olmuşdu ki, qanunları pozun. Sənədləri toplamayın?
A.Sultanov: Xeyir, olmamışdı.
C.Hacıyev: Çıxarılan vəsait kimə verilmişdi? Mənə, burada oturanlara, ailə üzvlərimə - kiməsə verilmişdim?
A.Sultanov: Xeyr.
C.Hacıyev: Mən həmin vəsaitlərin bank üçün səhmlərin alınmasına sərf olunduğunu demişdimmi?
A.Sultanov: Mən vəsaitlərin hara sərf olunduğunu bilmirəm.
C.Hacıyev: Bəzilərində amneziya olur. Yəqin ki, digərlərində də olacaq.
Daha sonra təqsirləndirilən İlqar Abdullayev ifadə verib. O deyib ki, 2004-cü ildən Beynəlxalq Bankda işləyib. "2006-cı ildən filial müdirinin müavini olub. 2014-2015-ci illər ərzində filial müdri vəzifəsini icra etmişəm. Cahangir Hacıyevi isə bircə dəfə görmüşəm. Onu da idarə heyətinin iclasında təyinat alanda.
"Ona görə də mütəşəkkil dəstə mümkün olan iş deyil. Mən nə dəstə üzvü olmuşam, nə də mənimsəmədə iştirak etmişəm. Sadəcə vəzifəmdən irəıli gələn işləri görmüşəm. İdarə heyətinin sədrinin, müavinlərinin qərarlarını əsas götürmüşəm”.
O, prkourorun suallarını cavablandıraraq deyib ki, özünü ittihamda yer alan 3 kredit müqaviləsində imzası var. "Həmin vaxt isə filailın müdiri Yusif Ələkbərov işdə olmadığından mən imzalamışam”.
Prokuror müqavilələrin üçünün də eyni vaxtda imzalanmasının təsadüfi olub-olmaması barədə suala cavab olaraq dəqiq bilmıdiyini deyib. "Fikir versəniz həmin kreditlərlə bağlı qərarlar müxtəlif vaxtlarda verilib. Həmçinin kreditlərin çıxarılması da başqa tarixlərdədir”.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilirlər.
Rəşad VAQİFOĞLU