Demokratik TV
“Kiçik torpağa böyük qayıdış”- müxalifət Cocuq Mərcanlı qərarını dəstəklədi
İqbal Ağazadə: "Əhalinin yaşayış yerinə qayıtması Ermənistana mesaj verilməsi baxımından müsbət addımdır”; Əli Əliyev: "Lavrovun bəyanatından sonra belə bir addımın atılması həm də hakimiyyətin iradə nümayişidir”
Prezident İlham Əliyev yanvarın 24-də "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Sərəncamdan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları ərazidə təmizlik, təhlükəsizlik və kəşfiyyat işlərinə başlayıb. Kəndin ərazisi mina və partlamamış silah sursatlardan təmizlənilir.
İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və oraya qaçqınların qaytarılması ilə bağlı qərara müxalifət partiyaları da "Yeni Müsavat”a açıqlamalarında münasibət bildirib.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Cocuq Mərcanlı barədə addım çox pozitiv addımdır: "1993-cü ildə Cocuq Mərcanlı kəndi ermənilər tərəfindən işğal olunmuşdu. 1994-cü ildə Azərbaycan ordusunun Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı azad olunmuşdu. Lakin Lələtəpə yüksəkliyinin ermənilərin işğalında olması Cocuq Mərcanlıda əhali üçün təhlükə yaradırdı. Keçən ilin aprelində yüksəkliyin azad edilməsi ilə Cocuq Mərcanlı da təhlükədən xilas oldu. İndi həmin kənddə bərpa-tikinti işlərinin aparılması və kənd sakinlərinin öz yurd-yuvalarına qaytarılması qərarı istənilən halda çox pozitivdir. İstər psixoloji cəhətdən, istər əhalinin yaşayış yerinə qayıtması və istifadə olunmayan torpaqlarımızın vətəndaşlarımızın istifadəsinə verilməsi, istərsə də Ermənistana mesaj verilməsi baxımından müsbət addımdır. Kaş indiyə qədər bütün torpaqlarımız işğaldan azad olunaydı və böyük qayıdış reallaşaydı. Böyük qayıdış o zaman olacaq ki, Şuşaya, Ağdama və digər işğaldakı rayonlarımıza qayıdış başlayacaq. Azərbaycanda hamı şair təbiətlidir. Ona görə də bu məsələlərə bir az şairanə yanaşırlar. Belə yanaşılmamalıdır. Addım müsbət addımdır, amma şairanə yanaşmalar lazım deyil”.
VİP sədri Əli Əliyev bildirdi ki, Cocuq Mərcanlının bərpası ilə bağlı verilən qərar düzgün qərardır: "Bu qərar həm də torpaq məsələsində güzəştsiz Azərbaycan mövqeyinin nümayişi üçün də mühümdür. Nə qədər ki, Cəbrayıl rayonu tam olaraq azad edilməyib, Qarabağ məsələsi həllini tapmayıb, geniş xərc çəkilişinin tərəfdarı deyiləm. Lakin iradə nümayişi zəruridir. Lavrovun bəyanatından sonra belə bir addımın atılması həm də hakimiyyətin iradə nümayişi aksiyasıdır. Hərçənd ki, prezident Əliyevin Dağlıq Qarabağ konfliktinə dair verdiyi açıqlamanı Kremlin mövqeyinə adekvat cavab saymaq olardı”.
AĞ Partiyanın sədri Tural Abbaslı da qərarı müsbət addım adlandırdı: "Hakimiyyətin Qarabağ və məcburi köçkünlərlə bağlı atdığı istənilən müsbət addımını siyasi mövqeyimizdən asılı olmayaraq dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Qarabağ bizim ümummilli məsələmizdir. Cocuq Mərcanlı ilə bağlı qərarın bir neçə baxımdan əhəmiyyəti var. Burda heç bir siyasi rəqabətdən söhbət gedə bilməz. Müharibə həm də psixoloji aparılır. Hətta bir kəndin bərpa olunub əhalinin geriyə qaytarılması Ermənistanla psixoloji müharibədə üstünlüyümüzdür. Xeyirli-uğurlu olsun. İnşallah, rayonlarımız azad olunar və digər kəndlərimiz, rayonlarımızın bərpası haqqında qərarlar verilər”.
Etibar SEYİDAĞA