Xəbər lenti
Bütün xəbərlər

Tural Abbaslı İsa Qəmbər-Arif Hacılı duetini "vurdu”

  • 07 yan 2019, 08:06

Tural Abbaslı: "Hətta AXCP-dən biri yazdı ki, Arif Hacılı ilə Əli Kərimlinin görüşü 300 il sonra baş tuta bilər, getsin növbəyə yazılsın”

Sirr deyil ki, bu gün ənənəvi müxalifət partiyalarından çıxmış bir çoxları var ki, onlar hazırda düşərgə daxilində yeni siyasi təşkilatlar təsis etməklə, həmin təşkilatlara rəhbərlik edirlər. Maraqlısı da budur ki, həmin şəxslərin daha öncələr təmsil olunduqları partiyalarından çıxma, istefa vermə səbəbləri heç də bir-birindən fərqlənməyib – partiyaların rəhbər orqanlarında avtoritar və qeyri-demokratik rejim, ictimai deyil, fərdi idarəçilik və s. Hətta bu günün özündə də, kəskin naftalin qoxusu verən AXCP, Müsavat və s. tipli partiyaların sədrləri həmin ittihamlara məruz qalmaqda davam edirlər. İstefa verən tərəflər isə təsis etdikləri siyasi təşkilatları vasitəsi ilə müxalifətə yeni nəfəs, ab-hava verəcəklərini iddia etsələr də, hələlik bu onlara müyəssər olmur. Nəticədə onlar yenidən vaxtilə təmsil olunduqları siyasi təşkilatların sədrlərinə qarşı ittihamlar irəli sürərək, onların müxalifətin yeni modelinin yaranmasına əngəl törətdiklərini bildirirlər. Bu gün, istər Əli Kərimlidən, istər İsa Qəmbərdən, istər Arif Hacılıdan, istərsə də Rəsul Quliyev və başqalarından üz döndərənlər isə əslində, haqlı ittihamlarını səsləndirməyə davam etməkdədirlər. Onlardan biri də vaxtilə Müsavat partiyasında fəallığı ilə seçilənlərdən olan, bu partiyanın gənclər təşkilatına sədrlik etmiş, ardınca Müsavat "Divanının” üzvü olmuş "Ağ Partiya”nın sədri Tural Abbaslıdır.
"Öndə getmək əvəzinə proseslərin arxasınca sürünürdülər...”
Bugünlərdə onun mətbuata verdiyi müsahibəsindən də görünür ki, ənənəvi, radikal və dağıdıcı adlandırılan müxalifətin heç bir gələcəyi yoxdur. Misal üçün, "Milli Şura”nın və AXCP-nin keçirdiyi bir neçə uğursuz mitinqlərinə toxunan Abbaslı bu kimi cılız aksiyaların düşərgədə, ümumilikdə isə ictimai rəydə heç bir siyasi canlanma yarada bilmədiyini deyib. "O mitinqlər əks effekt verdi”, deyə ittihamla çıxış edən müxalifətçi partiya sədrinə görə, artıq belə siyasi mübarizə üsulunun vaxtı çoxdan keçib və yararsızlığı ilə yadda qalıb.
T.Abbaslının daha bir ittihamı bilavasitə AXCP və Müsavat partiyalarının rəhbərliklərinin – Əli Kərimli və Arif Hacılının özlərini "əsas müxalifət partiyaları” kimi təqdim edərək, yerdə qalan müxalifət partiyalarına yuxarıdan aşağı baxmalarına sərgilədiyi münasibətidir. SİTAT: "Müxalifətdə bir inhisarçılıq var idi. Bəziləri tarixi adların altında, bəziləri isə xalq hərəkatından qalan adın arxasında gizlənərək müxalifətdə bütün öncüllüyün onlara məxsus olduğunu qeyd edirdilər, bu sahəni inhisarda saxlayırdılar. Amma liderliyin, öncüllüyün gətirdiyi öhdəlikləri də icra eləmirdilər. Öndə getmək əvəzinə proseslərin arxasınca sürünürdülər...Onlar artıq özlərinin müxalifət mövqelərinə sanki bir təhlükə yarandığını düşünməyə başladılar. İllərdir süni şəkildə qoruyub saxladıqları mövqelərin əldən gedəcəyi düşüncəsinə qapıldılar. Hələ də bu düşüncədədirlər...”
"Ağ Partiya”nın sədri AMDP sədri İsgəndər Həmidovun "zirvə” toplantısına qatıldığını desə də, AXCP, Müsavat, hətta REAL partiyasının sözügedən toplantıya qatılmamalarını bilavasitə inhisarçılığı əldən verməmək istəyi kimi qiymətləndirib.
"Pənah Hüseyn axı bir zamanlar onların fəxrlə müttəfiqlik etdiyi siyasətçi idi. İndi nə oldu?”
"AXCP və Müsavat, eləcə də özünü təzə müxalifət elan edən REAL bu toplantıya gəlmədi”, deyən Abbaslı hətta bu toplantının onlar tərəfindən ağır təhqir edildiyini də bildirib: "Toplantının alınmaması üçün əllərindən gələni etdilər. Amma istəklərinə yenə nail ola bilmədilər. Özlərinə "böyük” deyənlər iş görmürsə qoy özlərinə "kiçik” deyənlər bir araya gəlsinlər və çıxış yolları aransın”.
Müxalifətçi partiya sədri Müsavat və AXCP sonuncu qurultaylarından sonra məhvə doğru yol seçdiklərini deyib: "Arif Hacılı və Əli Kərimli bu yolda "uğurla” irəliləyirlər. Onlar bir-birini də qəbul etmirlər. Əli Kərimli Müsavat başqanı Arif Hacılının dəfələrlə etdiyi müraciəti saya salmadı, onu qəbul etmədi. Hətta AXCP-dən biri yazdı ki, Arif Hacılı ilə Əli Kərimlinin görüşü 300 il sonra baş tuta bilər, getsin növbəyə yazılsın. Yəni bunların "mənəm-mənəmliyi” elə bir vəziyyətə gətirib çıxarıb ki, rəhbərlik etdikləri partiyalar təklənmiş vəziyyətdə qalıblar. Pənah Hüseyn axı bir zamanlar onların fəxrlə müttəfiqlik etdiyi siyasətçi idi. İndi nə oldu? Tural Abbaslı Müsavatın aparıcı funksionerlərindən idi. İndi Tural Abbaslını aşağılayırlar öz aləmlərində. Əgər müxalifətin "zirvə” toplantısındakıları bəyənmirlərsə, aşağılamasınlar. Özləri-Müsavat və AXCP bir araya gəlsin, əməkdaşlıq müqaviləsi imzalasınlar. Görək imzalaya bilirlər? Bunlar öz aralarında bir araya gələ bilmir və bir araya gələnləri isə gözdən salmaqla məşğuldurlar. Bu isə artıq başqa şübhələrə də yol açır. Sanki bazarlarının ölə biləcəyindən qorxurlar. Amma arxayın olsunlar biz heç kimlə bazarlığa gedən deyilik. Onlar öz bazarlıqlarında olsunlar...”.Beləliklə, fakt budur ki, "Ağ Partiya” sədri müsahibəsində ürəyini tam şəkildə boşaltsa da, sonda qarşı tərəflərin - AXCP, Müsavat kimi partiya rəhbərliklərinin və onların yandaşlarının təhqirlərinə də əslində, yaxşı cavab verib. Bu isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, T.Abbaslı yaxın zamanlarda ənənəvi, radikal və dağıdıcı müxalifətə qarşı amansız savaşa başlayacaqları siqnalını verib. Hətta qənaətə gəlmək mümkündür ki, AMDP sədri İ.Həmidovun "zirvəsinə” qatılan müxalifətçi siyasi təşkilatlar artıq öz planlarını işləyib-hazırlayıblar. /sia.az/

Oxşar xəbərlər