Müxalifət 5 yanvarda hərəkat elan EDƏCƏKMİ?

  • 04 yan 2019, 10:45

İsgəndər Həmidov: "Hərəkatın adı ilə bağlı müxtəlif təkliflər var”

2018-ci ilin son iki ayı müxalifət düşərgəsində canlanma, hərəkətlənmə meylləri ilə müşahidə olundu. Məsələn, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidov müxalif mövqeli ictimai, siyasi təşkilatların, şəxslərin zirvə toplantısı təşəbbüsü ilə çıxış etdi və dekabrın son həftəsində təşəbbüs reallaşdı.

KXCP qərargahında zirvə toplantısı keçirildi. Toplantıda prosesin davam etdirilməsi üçün xüsusi İşçi Qrupu yaradıldı. Daha bir təşəbbüs isə AXCP sədri Əli Kərimli tərəfindən irəli sürülmüşdü. Noyabrın 17-də qısa, müddətli həbsdən çıxdıqdan sonra Əli Kərimlinin tanınmış müxalifətçilərlə görüşlərə başladığı və yeni birlik yaratmağa çalışdığı barədə xəbərlər yayılmışdı. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, İsgəndər Həmidovun təşəbbüsündən fərqli olaraq Əli Kərimlinin təşəbbüsünün hansı nəticəyə vardığı barədə heç bir məlumat yoxdur.

İsgəndər Həmidov "Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, son iki ayda Əli Kərimli ilə 3-4 dəfə görüşüb:"Birinci görüşdə Əli Kərimlini dəyirmi masaya dəvət elədim.  Əli Kərimli dedi ki, düşünərik. Sonra isə açıqlama verdi ki, AXCP orada iştirak eləmir, amma dəstəkləyir. Mənim səhhətimdə problem yarananda Əli Kərimli mənimlə görüşdü. Lakin hansısa birlik ideyasının olduğu haqqında mənimlə söhbət eləməyib. Sadəcə, deyib ki, gələcəkdə birlik ola bilər. Amma konkret nə zamanın nəzərdə tutulduğunu bilmirəm. Yəni məsələ bu cür olub. Əli Kərimlinin başqa kimlərlə danışıqlar apardığını eşitmişəm. Eşitdim ki, Müsavatla, REAL-la danışıqlar aparıb. Nəticəsinin necə olduğu barədə məlumat yoxdur. Sadəcə, kluarlarda gedən söhbətə görə hələ ki AXCP-nin Müsavat və REAL-la danışıqları nəticə vermir. Hər bir halda birlik istiqamətində olan bütün təşəbbüslərə müsbət yanaşıram. Birlik yaranması üçün bütün partiya ambisiyalarını və şəxsi ambisiyaları kənara qoymaq zəruridir. Necə ki, bizim elan edəcəyimiz hərəkatda olan partiyalar bunu ilk toplantıda etdilər”.

İsgəndər Həmidov onu da qeyd etdi ki, yanvarın 5-də saat 12-də ADP sədri Sərdar Cəlaloğlunun kabinetində müxalifətin zirvə toplantısında yaradılmış İşçi Qrupunun iclası keçiriləcək. İşçi Qrupu bir neçə məsələni müzakirə edəcək: "Birinci məsələ hərəkatın adı, ikinci məsələ bəyanatların hazırlanması, üçüncü məsələ hərəkatın rəsmi elan olunma tarixi-təsis konfransının təyini, dördüncü məsələ yeni müraciət edən üç partiyanın təmsilçilərini İşçi Qrupuna daxil etməkdir.

Hərəkatın adı ilə bağlı müxtəlif təkliflər var. Məsələn, Azərbaycan Naminə Hərəkat adlandırılması təklifi var. Başqa bir variantda isə Azərbaycan və Qarabağ naminə Hərəkat adlandırılmasıdır. Başqa bir təklifdə Demokratiya Uğrunda Hərəkat nəzərdə tutulur. Hər bir halda hərəkat olması heç bir şübhə doğurmur. Hərəkatın adı yanvarın 5-də elan olunacaq. Şəxsi təklifim nəzərə alınsa, hərəkatın təsis konfransı yanvarın 26-da olacaq.

İşçi Qrupunda hazırda 23 partiya var. Sosial Ədalət Partiyası, Azad Azərbaycan Partiyası və Millətçi Hərəkat Partiyası da müraciət edib. Yəqin onlar da qəbul ediləcək və 26 partiya olacaq. Sənədləri hazırlamaq üçün isə başqa bir qrup yaradılacaq".

İ.Həmidovun sözlərinə görə, Qarabağ Komitəsi ilə yeni yaradılacaq hərəkatın fərqi ondan ibarətdir ki, Qarabağ Komitəsi siyasi təşkilat deyil. Yeni yaradılacaq hərəkat isə sırf siyasi qurum olacaq.

Müsavat Partiyası və AXCP-nin yeni yaradılacaq hərəkatda təmsil olunub-olunmayacağına gəlincə, İ.Həmidov dedi ki, onlarla bu barədə hazırda danışıq aparılmır: "Biz onları özümüzə rəqib yox, müttəfiq görürük. Hazırda danışıqlar olmasa da yəqin ki, gələcəkdə bir yerdə olacağıq. Onlar gəlib hərəkatda tam bərabərhüquqlu iştirakçıya çevrilə bilərlər. Nə vaxt istəsələr gələ bilərlər. Çünki Azərbaycan naminə biz bir yerdə olmalıyıq. İndi onlar mübarizənin bir yolunu görürlər, biz isə mübarizəni bir yerdə aparmağı düzgün hesab edirik”.

Oxşar xəbərlər