Paşinyan “Qarabağ klanı” ilə üz-üzə - savaş qızışır
Müxalifət son günlərini yaşayan parlamentin fəaliyyətini iflic etdi; ekspertlərdən Ermənistandakı seçkiöncəsi durum və Qarabağ ətrafındakı vəziyyətlə bağlı ilginc şərhlər: "ABŞ Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsini istəyir...”
Bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri olacaq. Amerikalı diplomatların Qarabağla bağlı açıqlamaları fonunda, üstəlik, Con Boltonun Ermənistan paytaxtında səsləndirdiyi açıqlamaların məntiqi davamı kimi, işğalçı ölkənin təcriddən çıxmaq üçün konstruktiv mövqe sərgiləyəcəyi gözlənilsə də, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın mövqeyi bu gözləntilərin də üstündən xətt çəkdi.
Məlum olduğu kimi, C.Boltonun Ermənistan hakimiyyətini konstruktiv mövqe sərgiləməyə çağırmasının qarşılığında Paşinyan "Con Bolton mənim adımdan danışa bilməz”, - deyə bildirib. Bununla da Ermənistanın hökumət başçısı işğalın aradan qaldırılması istiqamətində addımlar atmaq niyyətində olmadığını ortaya qoydu. Bütün bunlardan sonra həmsədrlərin bölgəyə gəlib nəyi müzakirə edəcəyi sual doğurur.
Əslində N.Paşinyanın parlament seçkilərinə iki aydan da az vaxt qaldığı dövrdə Qarabağla bağlı normal mövqe sərgiləyəcəyi mümkünsüzdür. Hazırda o, bütün resurslardan istifadə edir ki, seçkiləri udub kreslosunda möhkəmlənsin. Bu mənada bütün açıqlamaları daxili auditoriyalara, rəqiblərini neytrallaşdırmağa yönəlib.
Reallıq budur ki, N.Paşinyanın bütün cəhdlərinin qarşısını Sərkisyan-Köçəryan koalisiyası kəsib. Oktyabrın 29-da isə Ermənistan parlamenti növbəti dəfə yeni Seçki Məcəlləsini qəbul etməyib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yeni qanun layihəsinin lehinə 63 deputat səs verib, 2 nəfərsə əleyhinə çıxıb. Məcəllənin qəbulu üçün daha bir nəfərin ona səs verməsi tələb olunurdu.
Xatırladaq ki, parlament seçkiləri ərəfəsində olan Ermənistan hökuməti israrla yeni Seçki Məcəlləsinin qəbuluna çalışsa da, Respublikaçılar Partiyası bunun əleyhinə çıxır. Konstitusiyaya görə, qanunun qəbulundan ötrü deputatların 3/5 hissəsi ona səs verməliydi. Bundan əvvəlki səsvermədə də Serj Sərkisyanın rəhbərlik etdiyi partiyanın deputatları qanunun qəbuluna imkan verməmişdilər. Faktiki olaraq Sərkisyan Paşinyan hökumətinin, həmçinin parlamentin fəaliyyətini iflic etməkdədir. Onlar bugünkü iclasa qatılmaqdan imtina ediblər.
Bu vəziyyət göstərir ki, hazırkı parlament S.Sərkisyanın və onun arxasındakı qüvvələrin təlimatı ilə işləyir. Məqsəd Paşinyanın hakimiyyətinin uzunömürlü olmasını əngəlləməkdir. Belə olan təqdirdə təbii ki, N.Paşinyan üçün Qarabağ tənzimlənməsi aktual mövzu ola bilməz. Elə R.Köçəryanın son açıqlamaları da Paşinyanın ağır durumla üzbəüz olduğunu təsdiqləyir.
"Mən Ermənistanda növbədənkənar seçkilərin təyin olunması kimi bir məzhəkənin oynanılacağına şübhə etmirdim”. Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiyanın lenta.ru saytına verdiyi müsahibədə səsləndirilib. Köçəryanın fikrincə, bütün bunlar Paşinyanın təzyiqi və digər siyasi qüvvələrin ona qarşı dirənməkdə iradə nümayiş etdirməməsi nəticəsində baş verib.
Keçmiş prezident bundan sonra Ermənistanda bir adamın hökm edəcəyi birparityalı parlamentin bərqərar olacağını söyləyib: "Bu, uzunmüddətli perspektivdə sabitliyi təmin edə bilməz. Parlamentdəki partiyalar hələ bu ssenariyə hazır olmadıqlarını bəyan edir. Lakin bütün bunlar Paşinyanın əlindəki mobil resurslar vasitəsilə baş verir. Siyasi partiyalar seçkiyə hazır olmadıqları üçün onun nəticələrini indidən proqnozlaşdırmaq mümkündür”.
"Bu gün Ermənistandakı elektorat eyforiya vəziyyətindədir və heç bir predmet diskussiyasına hazır deyil. Bu isə doğru olmayan qərarların qəbul edilməsi riskini artırır” - Köçəryan bildirib.
Köçəryan bu sözləri ilə Paşinyanın arxasında kütləvi dəstəyin olduğunu etiraf edib: "Bu kütlə situasiyanın inkişafı nəticəsində tamamilə başqa bir məfhuma dönüşüb. İndi həmin kütlə yeni hakimiyyətin güclü müdafiəçisinə çevrilib, çünki bu iqtidarı özünün məhsulu hesab edir. Bu, obyektiv reallıqdır və bununla hesablaşmaq lazım gələcək”.
Köçəryan Paşinyanın təmsil etdiyi siyasi qüvvənin nə daxili, nə də xarici siyasətdə hansısa ideologiyaya söykənmədiyini qeyd edərək bunun əvvəl-axır siyasi inhisara gətirib çıxaracağını qeyd edib: "Seçkilərin gedişində çətin ki, ölkə idarəçiliyinin prinsipləri və mexanizmləri, iqtisadi siyasət, xarici və daxili inkişaf vektorları müzakirə edilsin. Burada yalnız inqilabi düşüncənin dərəcəsi dominantlıq edəcək. Həqiqətin ağ və qara səviyyəsində qəbulu yalnız cəmiyyətin dərin emosional gərginliyi sayəsində mümkündür. Belə bir şəraitdə siyasi monopoliyanın yaranması qaçılmazdır”.
Köçəryan buna nümunə olaraq bu yaxınlarda keçirilən mer seçkilərini gətirib. Onun fikrincə, hazırda bələdiyyələrdə heç bir idarəçilik təcrübəsi olmayan və yalnız baş nazir dəstəklədiyi üçün seçilən adamlar əyləşib. Keçmiş prezident bütün bunların onu siyasətə geri dönməyə vadar etdiyini söyləyib. O, Ermənistanın gələcəyi ilə bağlı güclü narahatlıq hissi keçirdiyini bildirib.
"Bütün bunlar məni proseslərə hansısa şəkildə qarışmağa məcbur edir. ”Siyasi keçmişim və təcrübəm onu göstərir ki, mən hələ erməni siyasətində önəmli rol oynaya bilərəm" - eks-prezident sonda qeyd edib.
Köçəryan müsahibəsində Qarabağ məsələsinə də toxunub və baş nazir Nikol Paşinyanı tənqid edib. "Hesab edirəm ki, erməni tərəfi Qarabağa dair kompleksli və bütöv bir mövqe işləyib hazırlamalıdır. Lakin hazırkı situasiyada bu yoxdur. Yalnız münaqişənin nizamlanması ilə əlaqədar müxtəlif elementlər üzrə qırıq-qırıq mövqelər səslənir , o qədər...” - Köçəryan bildirib. O, bu məsələdə Nikol Paşinyanı günahkar sayıb: "O bilir ki, bu olduqca həssas məsələdir. Bəzi bəyanatlarında mən onun problemdən uzaqlaşmaq və bütün yükü Qarabağın (qondarma ”DQR" nəzərdə tutulur) üzərinə atmaq istədiyini sezirəm. Lakin bu alınmaz. Ermənistan bu münaqişəyə o dərəcədə daxil olub ki, artıq qaçmaq mümkün deyil. Heç kim, nə həmsədrlər, nə də beynəlxalq birlik bunu ciddi qəbul etməz".
*****
Azərbaycanlı ekspertlər "Yeni Müsavat”a Ermənistandakı durumu şərh etdilər və Qarabağla bağlı gözləntilərini bölüşdülər.
Ermənişünas alim Qafar Çaxmaqlı "Yeni Müsavat”a bildirdi ki, Ermənistan parlamentinin fəaliyyətinin iflic hala salınması gözlənilən idi: "Əvvəlcədən məlum idi ki, Sərkisyan və Köçəryan tərəfdarları dirəniş göstərəcəklər. Boykot onlar üçün ən məqbul yoldur. Onsuz da Paşinyan seçiləcək. Bu qüvvələr özlərini Paşinyansonrası mübarizəyə hazırlayırlar”. Ekspert bildirdi ki, indiki halda Amerika bu proseslərə təsir etmək imkanına malik deyil: "Paşinyan bütün bunları bildiyindən yekə-yekə danışır. Paşinyan Rusiyanın bu məsələlərdə rolunu bilir və Boltonun söylədiklərini guya ki, vecinə almır”.
Qarabağ məsələsinə gəldikdə, Q.Çaxmaqlı özümüzü aldatmamağı məsləhət gördü: "Ermənistanda hakimiyyətdə kim olur-olsun dəyişməz mövqe var. Bu isə Qarabağın son nəticədə Ermənistana de-yure birləşdirilməsidir. Paşinyan əslində Amerikaya mesaj verir. Bunu seçkilərə hesablanmış mövqe də saymaq olar və Paşinyan üçün seçki önəmli məsələdir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun İrəvandakı açıqlamalarından açıq-aşkar narazı qalıb: "Bu, əsassız deyil. Çünki Bolton İrəvanda ciddi mesajlar verdi. Dedi ki, Ermənistan sülh və inkişaf istəyirsə, Qarabağ məsələsini həll etməlidir. Bolton onu da dedi ki, Ermənistan Rusiyadan silah alınmasına göz gəzdirməli və İranla münasibətlərdə ehtiyatlı olmalıdır. Bu açıqlamalar Paşinyanın xoşuna gəlməyib. Bu, o deməkdir ki, Paşinyanın Vaşinqtona olan ümidləri puça çıxdı. Paşinyan düşünürdü ki, Vaşinqton onu Rusiyanın təzyiqlərindən qoruyacaq. Ancaq Vaşinqton emissarı Paşinyanı anlatmağa çalışır ki, onu qorumaq şərtlərini yerinə yetirməlidir. Ermənistanın hakim partiyası anlayır ki, erkən parlament seçkisində məğlub olacaq. Ona görə də Paşinyana sona qədər müqavimət göstərmək istəyir. Ancaq bütün hallarda Respublika Partiyası məğlubiyyətdən yaxa qurtara bilməyəcək. Paşinyan küçənin dəstəyi ilə erkən parlament seçkisinə nail olacaq və bu seçkidə böyük səs çoxluğu qazanacaq”.
Ekspert bildirdi ki, ABŞ diplomatları Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsini istəyirlər:"Ümumiyyətlə, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması həmişə müzakirə predmeti olub. Bunu Ermənistan siyasətçiləri də etiraf edirlər. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Köçəryan son müsahibəsində dedi ki, bütün görüşlərdə vasitəçilər ondan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyi tələb edirdilər. ”Minsk Qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır". Bu, Robert Köçəryanın cümləsidir. Köçəryan həm də onu dedi ki, İrəvan öz mövqeyini dəqiqləşdirməlidir. Köçəryana görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. Köçəryan onu da dedi ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq. Köçəryanın iki məqsədi var. Onun birinci məqsədi erməni cəmiyyətini Qarabağ danışıqlarının detalları haqqında məlumatlandırmaqdır. Onun ikinci məqsədi hazırkı baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməkdir. Çünki Paşinyan parlament seçkisindən sonra Qarabağla bağlı danışıqlarda iştirak etməlidir. Köçəryan erməni cəmiyyətinə mesaj göndərir ki, Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması mövzusunu müzakirə etmək məcburiyyətindədir"./Y.M/