Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Paşinyan "Qarabağ klanı” qarşısında niyə geri çəkildi? Politoloq: "Qatillərdən təşkil olunan ”Qarabağ klanı”nın üzvləri birbaşa Rusiya ilə əlbir şəxslər olublar...”
27 iyulda həbs olunmuş Ermənistanın ikinci prezidenti Robert Köçəryanın 13 avqustda Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılması həm gözlənilən oldu, həm də təəccüb doğurdu. Ona görə gözlənilən idi ki, getdikcə mövqelərini itirən Nikol Paşinyanın Rusiya təzyiqləri qarşısında artıq duruş gətirə bilmədiyi aydın görünür.
Xüsusilə də prezident Putinin telefon zəngindən və Rusiya XİN rəhbəri S.Lavrovun Ermənistan hakimiyyətinə yönəlik sərt açıqlamasından sonra Paşinyanın Kremldə qıcıq doğuran addımlardan yayınacağı bəlli idi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Xaçaturovun həbsdən operativ buraxılması da Moskvanın sərt "baxışları” nəticəsində baş vermişdi. Ermənistan məhkəməsi hətta girov müqabilində barəsində həbs-qətimkan tədbiri dəyişdirilmiş Xataturova ölkədən kənara çıxmaq, səlahiyyətlərinin icrasını davam etdirmək şansını tanımışdı ki, bu da nonsens sayıla bilər. N.Paşinyan çox çalışdı ki, Xaçaturovu başqa bir erməni generallar əvəzləsin, lakin Moskva onun icazəsi olmadan atılan addıma görə Ermənistanı cəzalandırmaq xəttini tutdu və sonda baş katibin azadlığına nail oldu.
Ermənistanda politoloqlar və siyasi şərhçilər sabiq ölkə prezidenti Robert Köçəryanın azadlığa buraxılmasını həm təqdir ediblər, həm də "köhnə hakimiyyətin təzyiqinin hələ də mövcud olduğunu” iddia edərək etirazlarını bildiriblər. Bəziləri isə hadisəni "Moskva amili” ilə əlaqələndirib.
R.Köçəryan çox ağır ittihamlarla həbs edilmişdi. Xatırladaq ki, 2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində” Serj Sərkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı ölmüş, 200-dən çox insan xəsarət almışdı.
Ancaq onun bu tezliklə azadlığa çıxacağı inandırıcı deyildi. Robert Köçəryan barəsində birinci instansiya məhkəməsinin həbs-qətimkan tədbirini dəyişmək haqqında qapalı proses avqustun 9-da başlayıb və iki gün davam edib. Daha əvvəl Ermənistan Baş Prokurorluğuna 40-dan çox Ermənistan millət vəkili eks-prezident Robert Köçəryanın həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciət etsə də, onların müraciəti rədd edilmişdi. Bunun ardınca qəfil nə baş verdi ki, o, sərbəst buraxıldı?
Bir sıra Köçəryan tərəfdarları ilə Apelyasiya Məhkəməsi yanında olan Serj Sərkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP) mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov deyib ki, eks-prezidentin "həbsdə qalması adekvat olmazdı”. "İkinci prezident barəsində həbs-qətimkan tədbirinin əsaslandırılması ən azı müəmmalıdır. Çünki görünməmiş haldır ki, sabiq prezidenti şahid kimi dəvət edib, yarım saat içində deyirlər: sən müttəhimsən və həbs edirlər”, - jurnalistlərə Şarmazanov deyib ("BBC News” azərbaycanca) Vəkil Ruben Sahakyan isə məhkəmənin qərar çıxararkən sabiq prezidentin toxunulmazlıq statusuna əsaslandığını bildirib. "Heç bir şəxs öz vəzifə borcunu yerinə yetirərkən və vəzifəsini tərk etdikdən sonra öz statusundan irəli gələn hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə Robert Köçəryanın toxunulmazlığını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv edib, vəkillərin şikayətini təmin etdiyini bəyan edib”, - Ruben Sahakyan deyib.\
Düzdür, R.Köçəryanla bağlı Kremlin birmənalı açıq mövqeyi olmadı. Amma pərdə arxasında hansı müzakirələrin aparılmasından təbii ki, geniş ictimaiyyət xəbərsizdir. O da istisna deyil ki, hakimiyyətdə olduğu 10 il ərzində Rusiyanın Ermənistandakı varlığı üçün əlindən gələni etmiş R.Köçəryan müdafiəsiz qala bilməzdi. Üstəlik, Köçəryanın həbsi "Qarabağ klanı”nın dayaqlarının da sarsıdılması, həmçinin digər cani eks-prezident Serj Sərkisyanın azadlıqdan məhrum edilməsi ilə sonuclana bilərdi. Təsadüfi deyil ki, S.Sərkisyan ötən həftə İtaliyadan Ermənistana dönən kimi, Azərbaycanın işğal altındakı ərazilərinə gəldi. Sərkisyan "anası ilə görüşmək üçün gəldiyini” iddia etsə də, əksər müşahidəçilər burada siyasi məqsədin olduğunu istisna etmədi.
Şübhə yox ki, S.Sərkisyan N.Paşinyanın qəzəbindən qorunmağın bir yolunu Dağlıq Qarabağa, separatçıların arasına sığınmaqda görüb. 10 illik hakimiyyəti dönəmində və ondan əvvəl Sərkisyan Qarabağdakı sərvətlərimiz hesabına milyardlara sahib olub, eyni zamanda onu müdafiə edən terrorçu qüvvələri də "yemləməyi” bacarıb. Bu mənada onun işğalçı ordunun içərisində də kifayət qədər dəstəkçilərinin olduğunu demək olar. O mənada S.Sərkisyanın günün birində Qarabağdan Paşinyana ultimatum verməsi də gözlənilən idi.
Yeri gəlmişkən, avqustun 10-da Ermənistan xüsusi istintaq xidmətinin rəisi Sasun Xaçatryanın Dağlıq Qarabağa gələrək baş separatçı Bakoo Saakyanla görüşməsi də ilginc idi. Bu görüş o zaman baş tutdu ki, S.Sərkisyan Xankəndinə, "anasının yanına” gəlmişdi. Tamamilə mümkündür ki, Xaçatryan eks-prezidentlə bağlı "dosye”ləri gətirərək onu özü ilə aparmaq istəyib.
Elə avqustun 13-də Ermənistanın Xüsusi İstintaq Xidmətinin Apelyasiya Məhkəməsinin eks-prezident Robert Köçəryan barədə çıxardığı qərarı "qanunsuz” sayması da maraqlı məsələdir. Məlumata görə, 28 iyulda həbs edilmiş keçmiş prezidentin azadlığa buraxılması ilə bağlı qərara etiraz edən İstintaq Xidməti bununla Apelyasiya Məhkəməsinin öz səlahiyyətlərini aşdığını vurğulayıb. "İnanırıq ki, Baş Prokurorluq kasasiya şikayəti verəcək”- açıqlamada deyilir. Deməli, Xaçatryan Qarabağa əbəs yerə gəlməyibmiş. Yəni "Qarabağ klanı”nın ikinci lideri barədə prosesi davam etdirdiyi halda, R.Köçəryanın sərbəst buraxılması ona sürpriz olub.
Politoloq Arzu Nağıyev "Yeni Müsavat”a bildirdi ki, Apelyasiya Məhkəməsinin Robert Köçəryanın vəkillərinin şikayətini təmin edərək onun haqqında qəbul edilən həbs-qətimkan tədbirini ləğv edərək azadlığa buraxması təsadüfi deyil:"Təbii ki, bu, tək vəkillərin şikayəti əsasında olmayıb. Burada səbəb kimi onun eks-prezident kimi toxunulmazlığı səbəb gətirilir. Bu məsələnin həllinə isə Ermənistan parlamentində bu gün də çoxluq təşkil edən Sərkisyanın rəhbər olduğu Respublika Partiyası iddia qaldırmaqla nail oldu. Guya ki, Ermənistanın ikinci prezidentinin həbsi dövlətin imicinə zərbə vurur və bu demokratiyaya və qanunların aliliyinə ziddir. Hətta iddia olundu ki, bu, daxili siyasi proseslərə də zərbə vurur, insan haqlarının tapdalanması və hüququn pozulması kimi fikir yaradır”.
Ancaq A.Nağıyevin fikrincə, inandırıcı deyil ki, burada Rusiya faktoru rol oynamayıb: "Çünki qatillərdən təşkil olunan ”Qarabağ klanı"nın üzvləri birbaşa Rusiya ilə əlbir şəxslər olublar və Levon Ter-Petrosyanın prezident seçilməməsi üçün bir mərkəzdən təlimatlanıblar. Lakin bu, o demək deyil ki, Köçəryana qarşı qaldırılan cinayət işi tam xətm oldu. Bu, inandırıcı görünmür. Çünki belə olduğu halda Paşinyan hakimiyyəti öz qarşısına qoyduğu məqsədə çata bilməyəcək. Bundan öncə parlamentin 45 deputatı Köçəryanın azad edilməsi ilə bağlı müraciət etsə də, prokuror onu həbsdə saxladı. Deməli, tapşırıq siyasi xarakterlidir və hakimiyyətin ən yuxarı eşelonundan, daha doğrusu, Paşinyandan gəlir. Xaçaturovla müqayisədə Köçəryan Rusiya üçün elə də vacib fiqur deyil, lakin bir çox qanunsuz əməllərin icraçısı və şahididir. Buna görə də təbii ki, onun sahiblərinə nə qədər azadlıqda olsa xeyirdir. Paşinyan üçün təbii ki, seçkilərə qədər böyük çətinliklər var. Avqustun 17-də təşkil ediləcək mitinqlərdə bir sıra məqamlara da aydınlıq gətirilməlidir. Ola bilsin, Paşinyan buna görə və eyni zamanda Rusiya ilə də konfrontasiya yaratmaq istəmir. Amma bu proseslərin "Qarabağ klanı” tərəfindən demarş olması o qədər də inandırıcı görünmür".
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun işğal altındakı Dağlıq Qarabağda hərbi andiçmə mərasiminə qatılması barədə xəbərin tirajlanması da daxili auditoriyaya hesablanıb. N.Paşinyan 17 avqustda İrəvandakı 100 günlük hesabatından qabaq bölgələrdə görüşlər keçirir, əhalini dinləyir, "xalqın adamı” olduğunu sübut etməyə çalışır. Eyni zamanda oğlunu "ön cəbhəyə” göndərəcəyi barədə vədinə əməl etdiyini nümayiş etdirir. Lakin bütün bunlar həm də onun "Qarabağ klanı” ilə bağlı ssenarisindən imtinasının fonunda baş verir. Paşinyan faktiki olaraq geri çəkilir.
Ancaq gələn il keçiriləcək parlament seçkilərinə qədər o, əlindəki kapitalı sonuncu dramına qədər xərcləyə və dramatik situasiya ilə üz-üzə qala bilər. Qərbə reveranslar edən Paşinyan Rusiyanın qəzəbi ilə üz-üzədir. Təsadüfi deyil ki, baş nazir Tavuş vilayətində görüş zamanı Köçəryanın həbsi ilə bağlı sualı cavablandırmaqdan yayınmışdı. Ancaq çətin ki, Rusiya olanları unutsun. Bunun cavabı mütləq olacaq. Xaçaturovdan sonra Köçəryan da Moskvanın işarəsi ilə azadlığa çıxdı.
Bu arada məlum olub ki, Ermənistanın axtarışda olan keçmiş müdafiə naziri Mikayıl Arutyunyan Moskvada gizlənir (axar.az). "Qraparak” qəzetinin yazdığına görə, hüquq-mühafizə orqanları Arutyunyan haqqında məlumatlı olsalar da onu Rusiya vətəndaşı olduğu üçün həbs edə bilmirlər. Yada salaq ki, Arutyunyan bundan öncə 1 mart qırğınlarında günahkar bilinib və qiyabi olaraq həbsə məhkum edilib. Sonradan rəsmi İrəvan Arutyunyanı beynəlxalq axtarışa verib.
Eks-prezidentlər R.Köçəryan və S.Sərkisyan isə sakit oturmayacaqlar. Artıq onlar Paşinyanı "dişə vurdular” və bundan sonra çətin ki, ona fürsət versinlər. Hələ həbs olunduğu dönəmdə Köçəryanın tezliklə həbsdən çıxacağı və hakimiyyətə gəlmək üçün revanşa başlayacağı barədə təxminlər var idi. Gözləyək...