Xəbər lenti
Bütün xəbərlər

Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

  • 16 okt 2018, 09:05

Elxan Şahinoğlu: "Ermənilər, həmişəki kimi, hiyləgər gediş etdilər”; Əhəd Məmmədli: "Fransanın Azərbaycana münasibətini bu səfərlə ölçməməliyik”

Ötən həftə Fransa prezidenti Emmanuel Makronun İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının sammitində iştirak etmək üçün Ermənistana səfəri çərçivəsində Azərbaycana da gələcəyi gözlənilirdi. Lakin bu səfər baş tutmadı. Bu da bir sıra müzakirələr doğurub.

Doğrudur, ötən ayın sonlarında Bakıda olan Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Makronun bu ilin sonunda Azərbaycana rəsmi səfər edəcəyini açıqlamışdı. Amma bununla belə, Fransa rəhbərinin İrəvandan Bakıya gələcəyi xəbərləri sammitdən günlər öncə yayılmışdı. Ekspertlər ilin sonunda Makronun Azərbaycana səfəri planlaşdırıldığı üçün onun ölkəmizə gəlmədiyini bildirirlər. Hətta Fransa prezidentinin Cənubi Qafqazın digər ölkəsi Gürcüstana da getməməsini bununla əlaqəndirirlər. Çünki Makron Tiflisə gedərdisə, üç Cənubi Qafqaz ölkəsindən birinə gəlməməsi normal qarşılanmazdı.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın hiyləgər gediş etdiyini söylədi: "Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqaz ölkələrindən birinci Azərbaycana gəlməli idi. Bunu Fransanın Azərbaycandakı səfirliyi də təsdiqləyirdi. Ancaq ermənilər, həmişəki kimi, hiyləgər gediş etdilər. Rəsmi İrəvan Fransa prezidentini Ermənistan paytaxtında keçirilən Frankofoniya sammitinə dəvət etdi. Açıq demək lazımdır ki, Fransa prezidenti bu dəvəti qulaqardına vura bilməzdi. Çünki söhbət Fransa dilinin dünyada daha geniş yayılmasını nəzərdə tutan təşkilatının tədbirindən gedirdi. Makronun İrəvanda verdiyi açqılamalar və ”soyqırım" abidəsini ziyarət etməsi xoşumuza gəlmədi. Buna baxmayaraq, Makronun İrəvana səfəri və verdiyi açıqlamalar Ermənistana heç bir üstünlük qazandırmayacaq. Çünki bir müddətdən sonra Makron Bakıya gələcək və Azərbaycanla hərtərəfli müqavilələr imzalayacaq. Bu sıraya hərbi əməkdaşlığı ehtiva edən saziş də daxildir. Məhz bu səfər Azərbaycanla Ermənistanın fərqini bir daha ortaya qoyacaq. Makron İrəvanda heç bir saziş imzalamadı. Çünki kasıb Ermənistan iqtisadi və regional layihələr zəminində Parisə heç nə təklif edə bilmir. Fransa-Azərbaycan iqtisadi əməkdaşlığı Fransa-Ermənistan iqtisadi əməkdaşlığını xeyli üstələyir. Fransa prezidentləri hər dəfə Ermənistanın ünvanına xoş sözlər desələr də, əsas əməkdaşlıq formatını Azərbaycanla həyata keçirirlər. Çünki Fransaya əsas fayda Azərbaycanla əməkdaşlıqdan gəlir".

Siyasi təhlilçi Əhəd Məmmədli bu səfəri indiki erməni iqtidarına Qərbin dəstəyi kimi qəbul edir: "Makronun Ermənistandan Azərbaycana gələcəyi barədə xəbərlər dezinformasiya da ola bilər. Amma bu xəbər gerçək idisə, səfərin gerçəkləşməməsinə müxtəlif səbəblər ola bilərdi. Bunlardan biri Ermənistan ola bilər. Fransa Qərbi Avropada Ermənistana ən yaxın olan ölkədir. Bu ölkədə çox güclü erməni lobbisi var. Üstəlik Ermənistanda məxməri inqilab nəticəsində qərbyönümlü qüvvələr hakimiyyətə gəlib. Yeni, erməni iqtidarına indiki zamanda Qərbin dəstəyi lazımdır. Makronun Qafqazda təkcə Ermənistana səfərini, fikrimcə, bu səbəblə əlaqələndirmək olar. Fransa ilə dostluq həmişə Ermənistan üçün bir üstünlük olub. ATƏT həmsədrləri içində də Rusiya ilə Fransanın olması işğalçı Ermənistan üçün üstünlükdür. Makronun bu səfəri də Qərb dünyasında Ermənistan üçün üstünlükdür. Parlament seçkiləri öncəsi Makronun bu səfəri həm də Qərbin demokratik Ermənistanın yanında olmasının göstəricisidir. Rusiya bu səfərə necə baxır, bu artıq başqa bir məsələdir. Ermənistan eyni zamanda Rusiyanı da, Qərbi də yanında saxlamaq istəyir. Bu, onlarda alınsa, bizim üçün ziyan olacaq. Həm Rusiyanın, həm Qərbin yanında yer alan Ermənistan Azərbaycanla müqayisədə daha üstün vəziyyətdə olacaq. Ona görə də çox tez bir zamanda Azərbaycan Qarabağ problemini öz xeyrinə həll etməlidir. Makronun təkcə Ermənistana bu səfəri ilə biz Fransanın Azərbaycana münasibətini ölçməməliyik. Makron Azərbaycana səfər etsə də, yenə Fransa Ermənistana daha çox yaxın olacaq. Çünki ortada bir din amili var. Ermənistan Rusiyadan yavaş-yavaş ayrılsa və Rusiya bunun qarşısını ala bilməsə, nəinki Fransa, bütövlükdə Avropa Ermənistana Azərbaycandan daha çox yaxın olacaq. Bunun olmaması üçün Azərbaycan tezliklə ərazi bütövlüyünə qovuşmalıdır”. /Y.M/

Oxşar xəbərlər