Penitensiar xidmətdə inqilabi islahat- Probasiya nədir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin
humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ
cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə
bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların
icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin
artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin
cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən
istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması
tapşırılıb.
Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi
fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin
sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və
mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s.
istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan
Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə
edilib, Ədliyyə Nazirliyinə tapşırıq verilib.
Həmçinin Ədliyyə Nazirliyinə Probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini
bir ay, elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ-hüquqi
aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini Baş Prokurorluq ilə
birlikdə bir ay, məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına
şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun
layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək
tapşırılıb.
Baş Prokurorluğa həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən
ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü araşdırmaq,
böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin
seçilməsi barədə təqdimatları müstəsna hallarda həbsin tətbiqinə dair cinayət-prosessual
qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda vermək tövsiyə edilib.
Məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham
olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi
əsaslarının mövcudluğunu araşdırsınlar, bununla bağlı təqdimatlara baxarkən digər
qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri
yoxlasınlar, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası,
məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması
məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına
dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına
xüsusi diqqət yetirsinlər.
Ali Məhkəməyə tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsi və
azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini
mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin
formalaşdırılmasını təmin etsin.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə Ədliyyə
Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etmək
tapşırılıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, elektron nəzarət vasitələrinin
tətbiqi ilə əlaqədar maliyyələşmə məsələlərini Ədliyyə Nazirliyinin və Baş
Prokurorluğunun təklifləri əsasında həll etsin, məhkumların məntəqə tipli cəzaçəkmə
müəssisələrində saxlanması və təminatına dair Cəzaların İcrası Məcəlləsinin
müddəalarına riayət olunmasının təmin edilməsi məqsədilə tikinti və təchizat
işlərinin yerinə yetirilməsi üçün vəsaitin ayrılması mümkünlüyünə baxsın,
ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri
və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını təsdiq
etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, Ədliyyə Nazirliyi
yanında İctimai Komitənin üzvü Sahib Məmmədov hesab edir ki, prezidentin sərəncamı
tarixi əhəmiyyətə malikdir.
"Azərbaycanda indiyə qədər cəza sisteminin humanistləşdirilməsi ilə bağlı bir
sıra addımlar atılıb. Ölkə başçısı bununla bağlı ciddi qərarlar qəbul edib.
Prezidentin ötən gün imzaladığı sərəncam həmin sənədlərin davamıdır. Hesab edirəm
ki, sərəncam cəza sistemində humanistləşdirmə istiqamətində atılan tarixi
addımdır”.
S.Məmmədov vurğulayıb ki, prezidentin sərəncamı orada qeyd olunan sahələr üzrə
çox ciddi dönüş yaradacaq: "Ədliyyə Nazirliyi ilə Avropa İttifaqının arasında
layihə var və orada probasiya məsələləri qoyulub. Probasiya bizim üçün
aktualdır. Avropada probasiya geniş tətbiq olunur. Bizdə də zaman-zaman
probasiya elemenetləri olub. İndi görünür, alternativ cəza növlərinin tətbiqini
ayrıca koordinasiya etmək lazımdır. Ümidvaram ki, probasiya xidmətində
ictimaiyyət nümayəndələri ən azı müşahidəçi qismində təmsil olunacaq. Hesab
edirəm ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrin yükünün azaldılması, həm
dekriminallaşdırma, həm probasiya, həm də elektron nəzarət vasitələrinin tətbiqinə
ehtiyac var. Bu aktual məsələdir.
Elektron nəzarət dünyanın bir sıra ölkələrində tətbiq olunur. Məsələn, elektron
brosletlər sistemi var. Bu vasitə ilə şəxsi nəzarət altında saxlamaq olur. Məqsəd
odur ki, həmin şəxs qaçıb aradan çıxmasın və yeni cinayət əməlləri törətməsin.
Başqa bir məsələ cəzaların dekriminallaşdırılası ilə bağlıdır. Elə cəzalar var
ki, onların dekriminallaşdırılmasına ehtiyac var. Sərəncamda da
dekriminallaşdırma məsələsi qoyulub. Hesab edirəm ki, elə cəzalar var ki, onlar
inzibati məsuliyyətlə, yaxud pul cəriməsi ilə əvəzlənə bilərsə, bununla bağlı təkliflər
hazırlanıb təqdim olunmalıdır. Bunların hamısı vacib məsələdir”.
Komitə üzvü bildirib ki, sərəncamda əksini tapan digər bir vacib məsələ qətimkan
tədbirləri ilə bağlıdır: "Prosessual məcburiyyət tədbiri kimi bizdə xeyli qətimkan
tədbiri var. BMT-nin İnsan Hüquqları Komitəsi bu məsələyə diqqət cəlb etmişdi.
Bizim təşkilat da BMT-yə təqdim etdiyi alternativ hesabatda bunu bir problem
kimi göstərmişdi. Eyni zamanda Ali Məhkəminin Plenumu məsələyə toxunmuşdu. Məhkəmə
Hüquq Şurasının iclasları zamanı şura sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri
Ramiz Rzayev dəfələrlə bununla bağlı mövqe ortaya qoyub. Bildirilib ki, bəzən
Azərbaycanda inzibati rayonlar üzrə həbs qətimkan tədbiri üzrə təqdimatlar yüz
faiz təmin olunur. Ümumiyyətlə, lüzum olmayan yerdə qətimkan tədbiri kimi həbsin
seçilməsi məqsədəuyğun deyil. Çünki, insanların azadlıq hüququ pozulur. Bu
Avropa Konvesiyasının beşinci maddəsinin pozulması deməkdir. Bununla bağlı Azərbaycanda
bir sıra məhkəmə qərarları var ki, beşinci maddənin pozuntusu göstərilib. Ona
görə də mümkün halda digər qətimkan prosessual məcburiyyət tədbirləri seçmək
olar. Məsələn, başqa yerə getməmək, zaminliyə verilmək, pul girovu qoymaq və.s.
Bu məsələ təbii olaraq ölkə başçısının diqqətini cəlb edib və sərəncama daxil
edilib.
Növbəti məsələ ictimai işlərə cəlbetmədir. Azərbaycanda ictimai işlərə cəlbetmə
cəza növü kimi qalsa da, formal xarakter daşıyır. Belə cəza növü təyin
olunubsa, bunun üçün müvafiq iş yerləri olmalıdır ki, şəxslər gedib orada
ictimai işləri yetirsinlər. Əks halda məhkəmələr tərəfindən verilən cəzalar
havadan asılı qalır. Eyni zamanda məşğulluğun təmin olunması cəzaçəkmə müəssisələrində
əmək islah prosesinin əsas tərkib hissələrindən biridir. Bu, Avropa penitensiar
qaydalarında, BMT-nin minimal standart qaydalarında, bizim icra məcəlləsində
göstərilib. SSRİ dövründə bu cəza islah əmək koloniyaları sistemi idi. Burada əmək
istismar olunurdu. Məcburi əmək tətbiq olunurdu və hər bir məhkum işləməli idi.
Bizim qanunvericilik bu münasibətdə liberaldır, yəni işləmək könüllüdür. Amma,
könüllü işləmək istəyənlər üçün iş yerləri çox azdır. Cənab prezidentin sərəncamında
istehsal sahələrin bərpa edilməsi məsələsi qoyulub”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirib ki, prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi
ilə bağlı imzaladığı sərəncam ölkədə həyata keçirilən məhkəmə-hüquq siyasətinin
məntiqi davamıdır.
Komitə sədri qeyd edib ki, bu, müasir dövrün tələblərinə uyğun olaraq
islahatların keyfiyyətcə yeni mərhələsidir: "Sərəncam həmçinin Azərbaycanda
bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanın göstəricisidir”.
