Prezident bunu qadağan etdi

  • 05 may 2015, 20:05

Prezident İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını bir ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 3 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, "Bədən tərbiyəsi və idman haqqında” qanunda kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi ilə bağlı 440-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə sifətini maska ilə gizlədən şəxslər, şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər buraxılmayacaq. Bu tələbləri pozan şəxslər idman obyektlərinin ərazilərindən kənarlaşdırılır, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcək.

Həmçinin qanunun 52.10-cu maddəsində "giriş tariflərini” sözlərindən sonra "idman tədbirinin təşkilatçıları ilə birlikdə” sözləri əlavə edilib və maddəyə aşağıdakı məzmunda yeni cümlələr əlavə edilib: "Olimpiya, paralimpiya, Avropa oyunlarının və dünya, Avropa və ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin tarifləri və satışı qaydası, daha çox tamaşaçının iştirakına imkan verməklə, idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən edilir. Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı-ayrı zonalarda yerləşdirilməsi təmin edilir. İdman tədbirlərinə giriş biletlərinin saxtalaşdırılması və idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur”.

Demokratik.az