Vergilər Nazirliyinin 255 mini ödənildi - "Rabitə işi"

  • 08 fev 2017, 12:28
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinə cəmi 3 şahid gəlib.

Məhkəmə prosesində Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilov iştirak edib.

N.Xəlilov Vergilər Nazirliyinin mülki iddiasını müdafiə etmək üçün məhkəməyə dəvət edilib. Ötən proseslərdə də Vergilər Nazirliyinin təqdirləndirilən şəxslərə qarşı mülki iddiasının olması haqda məlumat vermişdik.

Vergilər Nazirliyinin nümayəndəsi məhkəmədə billdirib ki, nazirliyin mülki iddiası iki MMC-yə qarşı olub.

Həmin MMC-lər "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” olub. Adı çəkilən MMC-lərinin direktoru Bayram Vəliyev olub. Mülki iddianın məbləği isə 255 min manat olub. 

Vergilər Nazirliyinin nümayəndəsi N.Xəlilov qeyd edib ki, həmin MMC-lərin nazirliyə olan vergi borcları ödənilib. 

Hakim isə bildirib ki, belə olan halda mülki iddia əsassız sayılır. 
 
Məhkəmədə şahid Əsəd Orucov ifadə verib. O, Ağstafa Poçt Filialının rəisi olub. Ə.Orucov istintaqa ifadəsini təsdiq etdiyini deyib.

Özəl tikinti şirkətinin rəhbəri olan Vaqif Hacıyev də şahid qismində dindirilib. O, "Azərpoçt" MMC ilə əməkdaşlıq etdiklərini və onlara ayrılan işlərin görülməsi zamanı qiymətlərin şişirdildiyini söyləyib. V.Hacıyev ayrılan pulun bir hissəsini "Azərpoçt"un baş mühasibi Oktay Rüstəmova verdiyini deyib. O.Rüstəmov isə deyilənlərin yalan olduğun söyləyib. 

Samux Poçt Filialının müdiri Kərimov Zirəddin də məhkəmədə ifadə verib. O, istintaqa ifadəsini təsdiq etdiyini söyləyib.

Hakim Əfqan Hacıyev bildirib ki, bəzi şahidlərin məhkəməyə gətirilməsi mümükün olmayıb. Hakim deyib ki, şahidlərdən Vəli Əliyev 13 avqust 2016-cı ildə vəfat edib, Məmmədov Şahin məzuniyyətdə olduğu üçün prosesə gətirilməsi mümkün deyil, Nofəl Qocayev isə onurğasından əməliyyat olunub və yataq xəstəsidir.

Ə.Hacıyevin sözlərinə görə, şahidlərdən biri isə boşanıb. Həmin şəxs aliment verməmək üçün ölkədən qaçıb.

Vəkillər isə qeyd edib ki, 206 şahiddən 170-dən çoxu dindirilib. Digər şahidlərin istintaqa ifadəsi elan olunmaqla məhkəmənin davam etdirilməsi təmin edilə bilər. 

Sabiq aparat rəhbəri Vidadi Zeynalov da vəsatətlə çıxış edib. Vidadi Zeynalov ittiham aktı ilə tanış olduğunu, bəzi rəqəmlərin düzgün qeyd edilmədiyini söyləyib: "Biz ittihamı oxumuşuq. Yazılanlar arasında yanlışlar var. Buna görə də prosesi uzatmağa dəyməz. Əgər şahidlər gəlmirsə, digər mərhələyə keçilməsini xahiş edirik. Baxılması vacib olan məqamlar var".

Hakim Əfqan Hacıyev Vidadi Zeynalova ifadə vermək təklif edib: "Siz ifadə verməmisiniz. Məhkəmə sizə təklif edir ki, ifadə verəsiniz".

V.Zeynalov yoxlamaları həyata keçirən Maliyyə Nazirliyinin nümayəndələrinin də məhkəmə gətirilməsini isrəyib: "Onlar da məhkəməyə gəlib, suallara cavab verməlidilər. Bundan sonra mən də ifadə verəcəm. Bəzi rəqəmləri necə yazıblarsa, soruşaq. Mən ifadə verməyə hazır deyiləm. İfadəmi hazır edəndə vərəcəm".
 
Məhkəmə zamanı Beytulla Hüseynovun müdafiəsinə yeni vəkilin qoşuldu elan edilib.

Vəkil Beytulla Hüseynovdan rabitə sahəsində görülən işlərin niyə bir neçə MMC-yə tapşırıldığını soruşub.

B.Hüseynovun cavabı: "Rabitə spesifik sahədir. Bu sahəyə hər kəsi buraxmaq olmaz. Bu sahədə məhdud sayda şirkət var. Elə kabellər var ki, dövlər əhəmiyyətlidir. İşlərin görülməsi üçün şəxslərin adlarrı əvvəlcədən müəyyənləşdirilirdi, yoxlanılırdı. Çox az sayda MMC var ki, onlar rabitə sahəsində işlər görə bilər. Burada deyilir ki, tenderlər formal keçirilib, bəzi şirkətlərin işləri görməsinə şərait yaradılıb. Amma bu belə deyildi. Səbəb şirkətlərin məhdud olması idi".

İttiham aktında bəzi ziddiyyətlərin olduğunu qeyd edən Beytulla Hüseynovun vəkili bildirib ki, ittihamda yazılır ki, "Eurovision 2012" ərəfəsində ölkənin müxtəlif ərazilərində və Bayraq Meydanında görülən işlər ya tam yerinə yetirilməyib, ya da görülən işlərə ayrılan vəsaitin məbləği şişirdilib. 

Beytullah Hüseynov isə bildirib ki, qeyd edilən bütün işlər yerinə yetirilib: "İşlərin görülməməsi mümkün deyil. "Eurovision" ərəfəsində işlər görülüb. Ölkə rəhbərliyinin göstərişi idi. Bu işlər də ölkə üçün edilirdi. Bayraq Meydanı ərazisində də işlər tam şəkildə görülüb".

Növbəti məhkəmə prosesi fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

İlkin Muradov,
Musavat.com
Oxşar xəbərlər