Çovdarov zərərçəkmişə şərəfsiz dedi

  • 16 yan 2017, 21:19
Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Biləcəri qəsəbəsinin sabiq bələdiyyə sədri İlham Xəlilovun epizodu üzrə şahidlər dindirilib.

Məhkəmdə şahid qismində Natiq Hümbətov ifadə verib. O, Akif Çovdarovla qohum olduğunu deyib.

Şahid bildirib ki, hazırda zərərçəkmiş kimi tanınan İlham Xəlilov A.Çovdarov həbs ediləndən sonra ona müraciət edərək deyib ki, guya A.Çovdarovun təkidi ilə onun adına borc yazdırıb: "Dedi ki, A.Çovdarov onu məcbur edib ki, sənədə qol çəksin ki, guya İlhamın mənə 60 min borcu var. 
İlhamı iki dəfə Akif müəllimin evində məclis olanda görmüşəm. Akif müəllim İlhamı masanın başında əyləşdirirdi. Münasibətləri o qədər yaxın idi. Akif Çovdarov həbs ediləndə İlham gəlib dedi ki, onun Akif Çovdarova borcu olub, amma rəsmi sənəddə mənim adıma yazılıb. Guya İlhamın mənə 60 min borcu var. Notariusdan ona sənəd verməyimi istədi. Mən də dedim ki, bu, necə ola bilər ki, mənim xəbərim yoxdur? Dedi ki, "sənin xəbərin olmayıb". İlham dedi ki, "əgər borcun yoxdursa, nədən çəkinirsən? Bir sənədi niyə vermək istəmirsən?". Mən də düşündüm ki, bu, Akif müəllimin yaxın dostudur. İstəyirsə, edim. Mən də qəlbində qara qalmasın deyə razılaşdım. Əgər bilsəydim ki, belə bir addım atacaq əlbəttə verməzdim. Mən ona inanmışdım".

A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, notariusdan məhkəməyə göndərilən arayışda belə bir razılıq sənədinin verilməsi təkzib edilib.

Akif Çovdarovun kürəkəni Rövşən Qasımov da məhkəmədə ifadə verib.

Qeyd edək ki, İlham Xəlilov A.Çovdarovun kürəkəninə 6 sot torpaq səhəsi verdiyini ittihamda qeyd edib. İ.Xəlilov deyib ki, o, A.Çovdarovun təzyiqi və hədə-qorxusu ilə torpaq sahəsini Rövşən Qasımova verib. 

Deyilənlərin yalan olduğunu söyləyən Rövşən Qasımov məhkəmədə bunları deyib: "İlhamdan torpaq sahəsi almaq istəməyim doğrudur. Amma bunun Akif Çovdarov vasitəsi ilə alınması və təzyiqlərin olması yalandır. Torpaq sahəsi alınan ərəfədə sənədlərdə problem var idi və torpağı bəyənmədim. Mən atamgil üçün bağ evi tikdirmək istəyirdim. Amma həmin ərazidə yaşıllığın olduğunu gördük. Orada tikinti aparmaq mümkün deyildi. Bu işi görmədik. Sonra Akif Çovdarov həbs ediləndə İlham zəng elədi ki, bu işlə bağlı Biləcəri bələdiyyəsində də yoxlamalar başlayıb. O, xahiş etdi ki, o vaxt ona verdiyi sənədləri qaytarım. Mən də sənədləri geri qaytardım. Əgər torpaq mənim adıma olsa idi, niyə qaytarardım?"

İlham Xəlilov isə deyib ki, A.Çovdarovun kürəkəninin adına olan torpaq sahəsi ilə bağlı çıxarış olub. A.Çovdarovun vəkilləri isə belə bir çıxarışın olmasını təkzib ediblər.

Məhkəmədə digər sabiq bələdiyyə sədri Elman Salmanov da İlham Xəlilovla bağlı əlavə ifadə verib. Keçmiş Binəqədi bələdiyyəsinin sədri Elman Salmanov deyib ki, İlham Xəlilov ondan A.Çovdarova vermək adı ilə əlavə 16 min manat da alıb.

Vəkil Sadiq Rəsulovun sözlərinə görə, sabiq bələdiyyə sədri Elman Salmanov məhkəmədə bunları deyib: "Bunu istintaqda da dedim ki, İlham məndən əlavə 16 min də alıb. Amma bunlar yazılmadı. İlham Xəlilov məndən A.Çovdarova vermək adı ilə 150 mindən əlavə 16 min də aldı. O, dedi ki, Novxanıda Akif Çovdarova tikilən bağ evinin birinci mərtəbəsini mən tikdirməliyəm. Qalan mərtəbələrini də İlham Xəlilov özü tikdirəcəyini dedi. Məndən bu adla 16 min də aldı. Bu pulu da hissə-hissə alıb. Qum, taxta və digər matüriallar üçün..."

Sadiq Rəsulovun dediyinə görə, məhkəmədə məlum olub ki, A.Çovdarov bağını həmin vaxt tikdirməyib. İlham Xəlilov Elman Salmanovdan 2008-də pul alıb ki, A.Çovdarov Novxanıda bağ evi tikib. 

"Amma A.Çovdarov dedi ki, bağ evinin inşasını 2005-ci ildə bitirib" - deyə S.Rəsulov bildirib. 

Məhkəmədə Binəqədi bələdiyyəsinin sabiq sədri Elman Salmanov ona dəymiş zərəri ilk olaraq İlham Xəlilovdan istədiyini söyləyib.

S.Rəsulov əlavə edib ki, Elman Salmanov ifadəsində qeyd edib ki, A.Çovdarov həbs ediləndə o, İlham Xəlilova müraciət edib və pulunun generaldan alınaraq geri qaytarılmasını istəyib: "Amma İlham ona təklif edib ki, birlikdə A.Çovdarova qarşı ifadə versinlər. İlham Xəlilov Elman Salmanova deyib ki, "sən mənim dediklərimin əksini dedikdə mənim ifadəm şübhə altına düşür. Sənə 10 sot torpaq təklif edirəm. Məm deyən şəkildə ifadə ver". İlham bunun üçün Elmana pul da təklif edib. Amma o, bunu qəbul etməyib. Elman məhkəmədə onu da söylədi ki, İlhamın dediklərinin yalan olduğunu məhkəmədə başa düşüb".

Məhkəmədə Akif Çovdarov da deyilənlərə münasibət bildirib. Vəkilin sözlərinə görə, A.Çovdarov istintaqdan narazılığını bildirərək bunları söyləyib: "Narazılığım budur ki, belə yalançı, şərəfiz adamları generallarla üz-üzə qoyublar. Onlara generallara qarşı ifadə verdirirlər".

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

İlkin Muradov
Musavat.con
Oxşar xəbərlər