Direktorun intihara cəhdinə dair şok TƏFƏRRÜAT - adına saxta ərizə yazılıb

  • 23 iyun 2022, 16:51

Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayevanın dünən səhər saatlarında dərmanlar içərək intihara cəhd etməsi barədə məlumat vermişdik. Onun intihara qərar verməsinə səbəb kimi Anar Qədimalıyevin təzyiqlərini, yarıtmaz idarəçilik fəaliyyətini yazmışdıq. Eləcə də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (RTİ) rəisinin sözügedən məktəbə öz yaxın qohumunu gətrmək istəyində olduğunu BİLDİRMİŞDİK

Demokratik.Az hadisənin deyilən hal üzrə daha mühüm detalını da əldə edib. Sən demə, Anar Qədimalıyevin gizli göstərişilə məktəbin direktorunun adından guya "işdən öz ərizəsilə azad olunması" istəyinə dair ərizə hazırlanaraq, RTİ-nin kadrlar şöbəsinə - baxılıb icra edilməsi üçün İqbal Kərimova "dərkənar" edilib. Məlumata görə, ərizə direktordan xəbərsiz olaraq iyunun 14-də məktəbin xadiməçisi olan D.Hacıyevaya yazdırılıb və saxta ərizənin imza yerində Mətanət Qarayeva yazılsa da kənar şəxs imza atıb. 

Bildirilir ki, həmin tarixdən bir gün sonra, yəni, iyunun 15-də direktor Qədimalıyev tərəfindən sıxışdırıldığına və təhqir olunduğuna dair ölkə rəhbərliyinə şikayətlər göndərib. Adından saxta ərizə hazırlandığını bildikdən sonra daha da hiddətlənib və daha açıq qarşıdurmaya gedib. Nəticədə, təhsil rəhbərilə polemika-qarşıdurmaya əsəbləri tab gətirməyərək dünən məlum intihara cəhd edib.

Bildirilir ki, direktor yaşadığı Göygöl rayonu Üçtəpə kəndindəki evində intihara cəhddən əvvəl məlumat xarakterli izahat yazıb. Və həmin kağızda da baş verənlərdə Anar Qədimalıyevi müqəssir hesab edib.

Hadisə üzrə Baş prokurorluq və Təhsil nazirliyi tərəfindən müvafiq araşdırma aparıldığı, Göygöl rayon prokurorluğunda müvafiq cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi açıldığı bildirilir. Prokurorluq və polis direktorun adına yazılıb hazırlanan ərizənin necə və hansı niyyətlə saxtalaşdırıldığına hüquqi qiymət verilməsi üçün tərəflərin izahatlarını toplayır.

Saytımızın əldə etdiyi və ictimaiyyətə təqdim etdiyi səhih məlumatlara rəğmən, Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramilə Məmmədova bugün açıqlamasında bildirib ki, səslənən iddialar həqiqəti əks etdirmir.

“Biz direktorun ailəsilə əlaqə saxlamışıq. Onlar bildirdilər ki, direktor içdiyi dərmanın dozasını artıq qəbul etdiyi üçün zəhərlənib, yəni intihar etməyib”-deyə Məmmədova qeyd edib.

Məktəbin müvəqqəti idarəçiliyi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib, baş verənlər kollektivdə narahatlıq doğurub.

Demokratik.Az 

Oxşar xəbərlər