Əflatun Amaşov efirdəki əlbəyaxa davadan yazdı - "təbii qarşıladım.."

  • 23 fev 2022, 14:24

Əflatun Amaşov: "Belə səhnələri nəinki ölkəmizdə, hətta qonşularımızda – Rusiya və Türkiyədə daha çox müşahidə etmişik"

Dünən dostumuz Rauf Arifoğlunun “Musavat TV”dəki “Dərin təhlil” verilişində yaşanmış xoşagəlməz olaya – Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə, siyasi ekspert, istedalı jurnalist Tofiq Abbasov arasında müşayiət olunmuş gərginliyə görə təəssüfləndim. Amma yalnız təəssüflənmədim.
İnsidenti müəyyən mənada təbii qarşıladım. Belə səhnələri nəinki ölkəmizdə, hətta qonşularımızda – Rusiya və Türkiyədə daha çox müşahidə etmişik. Dünyanın digər müxtəlif ölkələrində də analoji hallar yaşanıb və heç kəs təminat verə bilməz ki, yaşanmayacaq.
Bəri başdan bildirim - belə situasiyalarda məsuliyyət birbaşa verilişə dəvətlilərin üzərinə düşür. Bu deyimim heç də “Dərin təhlil”dəki tərəflərdən hansınısa ittiham etmək məqsədi daşımır. Yəni günahkar axtarmayacam. Diqqət yetirmək istədiyim iki başlıca məqam var.
Birincisi, cəmiyyətdə siyasi mədəniyyətin mövcudluğu son dərəcə vacibdir. Vaxtilə biz bu mədəniyyətin olmamasının acı nəticələrini görmüşük. Qütbləşmələr, ziddiyyətlər, ittihamlar, qurşaqdan aşağı sayılacaq ritorika, siyasi partiya və təşkilatların nümayəndələrinin bir-birinə əks fikirlərinin media orqanlarının fəaliyyətinə də təsir göstərməsi, medianın siyasi rupor rolunda çıxış etməsi. Bütün bunları keçilmiş yol saymaq mümkündür. Amma mütləq mənada demək olmaz ki, bu yol keçilib.
Siyasi xarakterli verilişlərdə haqqında söz açılmış hadisə və proseslərin təbiətindən, eləcə də opponentlərin emosional durumundan asılı olaraq əldə edilmiş dediyimiz müsbət nəticələrin bir anda puç olma mənzərəsi ilə üzləşə bilərik. Amma məsələyə skeptik yanaşmıram. Çünki siyasi mədəniyyət tam şəkildə qazanıla bilən dəyər deyildir. Həm də ona görə ki, istənilən cəmiyyət siyasi mədəniyyətin ən üst səviyyələrinin  axtarışındadır.
İkinci məqama keçid alıram. Bəli, ideya cəhətdən bir-birinə zidd tərəflərin ən yüksək çinli nümayəndələrini siyasi mədəniyyətin daşıyıcısı qismində görmək önəmli dividentdir. Müşahidə etdiyim qədər Rauf Arifoğlunun “Dərin təhlil”i məhz bu missiya üçün yola çıxıb. Buna görə qısa zaman ərzində böyük populyarlıq qazanıb. Həm də o səbəbdən populyarlıq qazanıb ki, orada ənənəvi klişelərdən uzaqlaşma, yeni format təqdim olunur. Adından da göründüyü kimi, hadisə və proseslərə dərindən yanaşılır. Cəmiyyətə çatdırılmalı olan baxış və fikirlərin sərhədi geniş götürülür. Bu yanaşmanı jurnalistika prinsiplərinin ümumi maraq və mənafelər naminə daha işlək duruma gətirilməsi niyyəti kimi də vurğulamaq yerinə düşər. Və belə yanaşma nəticəsində gərginliyin artması müəyyən mənada labüddür.
Publika gərginliyi, konfrantasiyaları görmək və duymaqda maraqlıdır. Hətta müəyyən kəsim üçün maraqlı olan yalnız budur, başqa heç nə. Ancaq “Dərin təhlil”in kökləndiyi məqsəd var. Həqiqətlərin, deyilməli olanların dərinliyinə varmaq. Elə bir dərinliyə ki, haqqında söz açdığım siyasi mədəniyyət eyni zamanda dözüm və tolerantlıq işinə çevrilməklə diqqət çəksin, insanlarda rəğbət formalaşdırsın. Rəğbət formalaşdıranın hansı tərəfi təmsil etdiyinin fərqi yoxdur. Kim ideya və siyasi cəhətdən daha hazırlıqlıdırsa, qoy ictimaiyyət onu dəstəkləsin.
Əlbəttə, heç istəməzdim ki, Rauf bəyin müəllifi olduğu və taleyüklü proseslərə işıq salmaq missiyasını uğurla yerinə yetirən “Dərin təhlil”i məhz belə bir xoşagəlməz olayın müstəvisində təqdir edim. Görünür, qismət beləymiş. Konkret deyim, “Dərin təhlil” Azərbaycan jurnalistikasının cəmiyyətə xidmət prinsipiallığı baxımından son dərəcə vacib layihədir. Əminəm ki, veriliş gələcəkdə daha da populyarlaşacaq, azad sözün, müstəqil və ən əsası faydalı fikrin tribunası kimi böyük uğurlara imza atacaqdır.
Əflatun Amaşov, Mətbuat Şurasının sədri
Oxşar xəbərlər