Mingəçevir bələdiyyəsi Demokratik.Az-a cavab yazdı - YENİ SUALLAR ÇIXDI

  • 25 yan 2022, 23:26
Mingəçevir şəhər bələdiyyəsi Demokratik.Az saytının 24 yanvar 2022-ci il tarixli sayında yayımlanmış Mingəçevirdə torpaq zəbti Prezidentin iqamətgahınadək irəlilədi - VİDEO+FOTOLAR başlıqlı xəbərə rəsmi münasibət bildirib.
Qurumdan saytımıza verilən açıqlamada bildirilir:

"Mingəçevir sakini Məmmədov Ceyhun Rəşid oğlunun sizin saytda yerləşdirdiyi videoda göstərilənlər heç də həqiqətə uyğun deyil. Məsələyə aydınlıq gətirmək üçün bəzi məqamları diqqətinizə çatdırırıq. Əvvəla, qeyd edirik ki, Məmmədov Ceyhunun ərazidə çəkib nümayiş etdirdiyi videodakı səliqəsizlik, dağıntı və zibilliyə orada rast gəlinmir.

C.Məmmədov videodakı şərhində buranın sənaye zonası olduğunu göstərir və yanlış olaraq deyir ki, bələdiyyə hara baxır? Sənaye zonasının bələdiyyəyə nə dəxli var?

Doğrudur, ərazinin bir hissəsi bələdiyyə mülkiyyətidir. Mingəçevir Bələdiyyəsi zibilliyə qərq olunmuş həmin torpaq sahəsini 2006-cı ildə bağ salmaq məqsədi ilə Salmanov Eldar Sarvan oğlunun istifadəsinə verib. Şərtə görə, orada heç bir əsaslı tikinti aparılmadan abadlaşdırılmalı və bağ salınmalıdır. E.Salmanov oranı səliqə-sahmana salaraq, bağ salıb.

Onu bildiririk ki, Ceyhunun iddia etdiyi kimi, ərazidə bağ salınması heç bir strateji obyektə təhlükə törətmir. Nəzərinizə çatdırırıq ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi əraziyə baxış keçirərək akt bağlayıb və İqtisadiyyat Nazirliyinə göndərib. Yaxın günlərdə ərazi ilə bağlı müəyyən rəy veriləcəkdir.

Sizə də iradımız var. Jurnalistikanın əsas prinsipini pozaraq, videoda adları çəkilən qurumların məsələ ilə bağlı rəy və fikirlərini almadan videonu birtərəfli şəkildə nümayiş etdirmisiniz".

Mingəçevir bələdiyyəsinin cavabında əsas məqamlar bir-birinin ziddinə olsa da, qarşı tərəf olaraq fikirlərə hörmətlə yanaşırıq. Fürsət ikən, aşağıdakı suallarımıza da cavab istəyirik:

1) Həmin torpaq sahəsi vətəndaş Salmanov Eldar Sarvan oğlunun istifadəsinə son illərdə verilsə də, necə olur ki, indi Mingəçevir Bələdiyyəsinin sənədləşmələrində icarə müqaviləsinin tarixi 2006-cı il olaraq göstərilib?

2) Bələdiyyə Sənaye zonasına aid ərazidə hansı paya və hansı hüquqa sahibdir ki, zibillik adlandırdığı o yerdə park salınmasına təkbaşına qərar verib?

3) Vətəndaşın yalnız park salacağı barədə götürdüyü öhdəlikləri nə zamandan pozub və bələdiyyə qurumu baş verənləri nəzərə alaraq hansı səbəbə müqaviləni ləğv etməyib? 

4) İstənilən halda, prezident iqamətgahının təhlükəsizliyi baxımından yaxınlıqdakı ərazidə hansısa vaqonun qoyulması, naməlum adamların oraya toplaşması xoş ha deyil. Mingəçevir bələdiyyəsi hansı parametrlərlə və hansı əsaslarla strateji obyektə təhlükə törətmədiyinə bizi əmin edir?

Demokratik.Az
Oxşar xəbərlər