“Məktəb direktorlarının 90 faizində qüsur var!" - Ekspert sadaladı

  • 13 sen 2021, 20:48
Ötən gün Təhsil naziri Emin Əmrullayev Real Tv-yə müsahibəsində müəllimlərin işə qəbulu ilə bağlı dəyişikliklərin olacağını, bəzi məktəb direktorlarına müəllim seçmək səlahiyyəti veriləcəyini söyləyib.
Bu fikir cəmiyyətdə müzakirələrə səbəb olub. Müəllimlərin direktorlar tərəfindən seçilməsinin müəyyən problemlərlə müşayiət olunacağını düşünənlər az deyil. Söhbət heç də yüksək təhsili olmayan dost-tanışın, yaxın qohumların məktəblərə yol tapmasından gedir.
Təhsil eksperti Elşən Qafarov açıqlamasında nazirin bir qədər irəli getdiyini söyləyib:
“Cənab nazir bu qərarla biraz irəli getdi. Hazırda bir neçə seçilmiş məktəblər var ki, onlarda vəziyyət belədir. MİQ imtahanından keçib, yüksək bal toplayan şəxsləri məktəblərə təqdim edirlər. Məktəbin özündə müsahibə gedir. Orada komissiya təşkil olunur, nazirliyin nümayəndəsi və məktəbin rəhbərliyi iştirak edir.
Bu qərar ölkə üzrə bütün məktəblərə aid deyil. Cəmi 5-6 məktəbə belə səlahiyyət verilir. Nəzərə alsaq ki, ölkə üzrə 4472 məktəb var”.
Ekspertin sözlərinə görə, məktəb direktorunun müəllim seçməsi istənilən bir ölkənin marsa gedib, bir həftə qalıb, geri qayıtmasına bənzəyir:
“Əgər ümumitəhsil məktəblərində məktəb direktorunun adi dərs bölgüsünü belə aparmağı etibar etmiriksə, hansısa qondarma düsturlar və yaxud da hər hansı hesablamalar mərkəzinə tapşırırıqsa, bu gün məktəb direktorlarının müəllim seçməsi istənilən bir ölkənin marsa gedib, bir həftə qalıb, gəlməsinə bənzəyir. Çox utopik bir fərziyyədir.
Amma hazırda doğurdan da ölkə üzrə cəmi 4-5 məktəb üçün bu qərar nəzərdə tutulub. O da Təhsil Nazirliyinin komissiyada oturma şərti ilə həyata keçiriləcək”.
E.Qafarovun fikrincə, direktorların təyinatında çox ciddi problemlər var:
“Ölkə üzrə bunun keçirilməsi qeyri-mümkündür. Çünki ölkə üzrə son 5-6 ildə təyin olunan məktəb direktorlarının 90 faizində çox ciddi qüsurlar var.
Təhsil Nazirliyi özü o direktorlara etibar etmir. Güvənsəydi, birinci növbədə dərs bölgüsünü etibar edərdi.
Düşünürəm ki, müəllimlərin işə qəbulu məktəblərə həvala edilməsinə qədər məktəblərə müəyyən muxtariyyət verilməlidir. O cümlədən də məkəbin öz işini, dərs bölgüsünü və digər məsələlərini direktorlara etibar etmək lazımdır”.
Oxşar xəbərlər