Sərt karantin rejimi ləğv edilsinmi - Vasif İsmayıldan açıqlama

  • 16 iyul 2020, 00:13
İyulun 14-də Bakıda “Neftçilər” prospekti boyunca yüzlərlə insan hərbiçilərimizə dəstək şüarları ilə Azadlıq Meydanından Şəhidlər Xiyabanı istiqamətində yürüş keçirib.
Mütəxəssislər bildirir ki, insanların orduya, dövlətinə dəstək, vətənpərvərlik nümayiş etdirməsi çox müsbət haldır. Lakin bu da bir faktdır ki, yüzlərlə insanın bir yerə toplaşması, yürüşdə iştirak etməsi karantin qaydalarının pozulması deməkdir və bu, dünyanın bəlasına çevrilən koronavirusun daha da genişlənməsinə səbəb ola bilər. Məlum məsələdir ki, cəbhədəki gərginlik, şəhidlərin olması insanlarda böyük emosiya yaradır və əksər halda küçəyə çıxanda maskadan istifadə etmək, sosial məsafə saxlamaq qaydaları tamamilə unudulur.
Ötən gün baş verən olaylardan dolayı bir çox mütəxəssislər təklif edir ki, hazırda ölkədə mövcud olan sərt karantin rejimi ləğv edilsin, əvəzinə karantin qaydalarına nəzarət gücləndirilsin. Sərt karantin rejiminin bitməsinə artıq 5 gün qalır. Bəs yenə də sərt karantin rejiminin davam etdirilməsinə zərurət varmı?
Tanınmış həkim Vasif İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim də qeyd edib ki, son olaylar ölkədə koronavirusun yayılmasına xeyli şərait yaradır: “Amma bu yürüşlər insanların kütləvi toplanaraq, öz dərdini, fikrini bildirdiyi bir vəziyyət idi. Doğrudur, bu vəziyyət koronavirusun artmasında rol oynayacaq. Lakin başqa çarə yoxdur”.
Vasif İsmayıl qeyd etdi ki, mövcud vəziyyət ilə bağlı sərt karantin rejimi daha da uzadıla bilər:
“Son günlərdə ölkədə koronavirusa yoluxanların sayında bir qədər azalma müşahidə edilir. Lakin bu,  karantin qaydalarının yumşaldılmasına dəlalət etmir. Hətta böyük ehtimalla sərt karantin rejimi yenidən uzadıla bilər”.
Xatırladaq ki, ölkədə sərt karantin rejimi iyulun 20-dək uzadılıb. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Həmçinin xüsusi karantin rejimininin sərtləşdirildiyi şəhər və rayonlarda karantinin qüvvədə olduğu tarixlərdə həftəsonları bütün ictimai nəqliyyat dayandırılır. Bəzi iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilmir. Şəxslər yaşayış yerini və olduğu yeri yalnız SMS icazə müraciətinə müsbət cavab aldıqdan sonra tərk edə bilər. /“Yeni Müsavat”/
Oxşar xəbərlər