Prezident icra başçısını cəzalandırdı (RƏSMİ)
- 02 iyul 2017, 15:57
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski” adlanan ərazisində
Hacı Cavad məscidinin sökülməsinə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin münasibəti barədə açıqlama verib
Əli Həsənov hələ aprel ayında Prezident İlham Əliyev "Sovetski” adlanan ərazidə
Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv
araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verdiyini
deyib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlmişdir ki, həmin məscidin
sökülməsi qaçılmazdır və nəticə barədə dövlətimizin başçısına məruzə olunub.
Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev yerli icmanın da rəyi
nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin
sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi.
Əli Həsənov onu da bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun
olaraq, Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin
tikilməsi üçün yer və vəsait ayrılmış, müvafiq tikinti işlərinə başlanıb.
Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni
məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə
özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat
aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması
barədə göstəriş verib.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon
icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib. (azərtac)