Demokratik TV
İcra başçısı ilə qadın jurnalist arasında qalmaqal
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ötən gün Hacı Cavad məscidi ərazisində ona sual verən jurnalistə əl qaldırması məsələsinə münasibət bildirib.
İcra başçısı "Ölkə.Az”-a açıqlamasında jurnalisti döymədiyini və bu barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib:

Olmaz da, adamı bu qədər boğaza dirəmək. Mənim yerimdə başqaları olsaydı, onlar da eyni cavabı verərdi. Mən o jurnalistə nə deməli idim? Normal dillə dedim ki, xanımsan da, çəkil kənara, icazə ver bu adamlarla danışıq aparım, məsələyə aydınlıq gətirim. Görürdü ki, o insanlar narahatdırlar, məsələyə aydınlıq gətirilməsini istəyirdilər.
Ancaq həmin jurnalist mənə imkan vermirdi ki, camaatla danışım. Belə olmaz! Bizim bəzi müxbirlər etik qaydaları kobud şəkildə pozur. Deyirlər ki, mən müxbirəm, mənə mütləq cavab verməlisən və sairə. Bu doğru deyil. Dünən məscidin önündə olan bütün jurnalistlərin suallarını normal şəkildə cavablandırdım. Ancaq bir o qız jurnalist bizi başa düşmək istəmirdi, öz bildiyini etməyə çalışırdı, balaca boyu ilə adama hücum edirdi”.
İ.Mehdiyev bütün jurnalistlərə açıq adam olduğunu vurğulayıb:
"Mən bütün jurnalistlərə açıq adamam, mətbuatla hər zaman dostluq etmişəm, onların bütün suallarını cavab verirəm. Orada da ən azı 10 jurnalist var idi, onların hamısına cavab verdim, hər biri də razı qaldı. Ancaq mətbuat da qarşısında olan insanı saymayanda, ona hörmət etməyəndə, yaxşı olmur. Axı biz də insanıq, şəxsiyyətimiz var, özümüzə hörmət edən adamlarıq. Belə olmaz axı! Mən jurnalistə qarşı necə hörmət edirəmsə, o da mənə qarşı eyni münasibəti göstərməlidir”.
Big.az məsələ ilə bağlı F.Novruzovanın mövqeyini öyrənib. Jurnalist prokurorluğa müraciət edəcək.
"Mən işlədiyim bu 8 ildə heç vaxt öndə olmağa can atmamışam, bundan hər zaman qaçmışam. Çalışıram ki, həmişə özümü deyil, çəkdiklərimi insanlara göstərim... Heç vaxt bu işdə nələrdənsə, kimlərdənsə qorxmamışam, bunu ağlıma da gətirməmişəm. Çünki haqlı olduğumu bildiyimdən, bu mənə cəsarət verib. O adamın da etdikləri belə qalmayacaq, məhkəməyə və prokurorluğa şikayət edəcəyəm. Bu məsələnin sonuna qədər gedəcəyəm. Olanlar göz qabağındadır, çəkiblər. Mən kameramı qaldırıb çəkirdim, bir tərəfdən də sual verirdim. Əli ilə kameramı necə itələdisə, aparat üzümə sillə kimi dəydi”.
Qeyd edək ki, hadisə icra başçısının "Sovetski”də tarixi "Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı əraziyə gəlişi zamanı olub. Fərqanə Novruzova adlı jurnalist hadisə yerinə gələn İ. Mehdiyevdən açıqlama almaq istəyib. Lakin başçı ona kobud şəkildə "açıqlama vermirəm” deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama almaq üçün İ.Mehdiyevin arxasında gedib. Bu zaman başçı ona qarşı kobudluq edib.
