Qüdrət Həsənquliyev: “Məhkəmə Hüquq Şurasına hökumətin üzvü sədrlik edir”

  • 24 dek 2021, 15:05
Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisdə müzakirə olundu.
Deputat Qüdrət Həsənquliyev çıxışında yeni hakimlərin Apelyasiya Məhkəməsinə hakim vəzifəsinə təsdiqlənməsi barədə danışdı, bildirdi ki, Apelyasiya Məhkəməsinə daha yaşlı hakimlərin təyin olunması faydalı olardı. Amma Q.Həsənquliyev namizədliyi irəli sürülən 8 hakimin hamısının gənc və 3 illik təcrübəyə malik olduğuna diqqət çəkdi: “Mən onların bilikləri barədə bir söz deyə bilmərəm, məlumatım yoxdur. Amma müdriklik yaşla bağlı məsələdir”.
Deputat digər məsələyə də münasibət bildirdi: “Mən burda desəm ki, gəlin hansısa hökumət üzvünü özümüzə spiker seçək, yəqin hamınız təəccüblənərsiniz. Amma Məhkəmə Hüquq Şurasına hökumətin üzvü sədrlik edir. Mənim Fikrət Məmmədova böyük hörmətim var, lakin ölkədə hakimiyyət bölgüsü varsa, buna əməl edilməlidir”. Q.Həsənquliyev dedi ki, Məhkəmə Hüquq Şurasına hakim rəhbərlik etməlidir: “Fikrət müəllim də, digər hökumət üzvləri də şuranın iclaslarına qatıla bilər”.
Deputat Siyavuş Novruzov isə çıxışında bildirdi ki, vətəndaşların şikayətləri daha çox yerli məhkəmələrdəndir.
Parlamentin komitə sədri Əli Hüseynli isə Q.Həsənquliyevin dediklərinə reaksiyasında bildirdi ki, Məhkəmə Hüquq Şurası ilə bağlı fikirlər dəfələrlə söylənilib: “Məhkəmə Hüquq Şurasının təyinatını Avropanın çox yaxşı modeli hesab edirik. Orada sədr ədliyyə naziridir. Lakin sədr dəyişə də bilir. Qərarların qəbulu isə ancaq hakimlərə aiddir”.
Oxşar xəbərlər