İkram Rəhimov: “KİV-də cinayətkar şəbəkənin məhvinə nail olacağam”

  • 18 fev 2021, 13:16
2017-2018-ci illərdə Mətbuat Şurası İdarə Heyəti üzvlərinin və digər xadimlərin cinayət işləri ilə bağlı mətbuata dəfələrlə məlumat vermişəm və buna görə də MŞ həbs olunmağım tələbilə hakimiyyətə müraciət edib. Lakin mən onları ifşa etməyə davam edərək Prezident Administrasiyasının o zamankı şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi trol şəbəkəsi və KİV-in qanunsuz fəaliyyəti barədə məlumat verirdim. Mənə hücumlar oldu, saxlanmalar oldu, kompüterlər götürüldü, mənim domenim, Reallig.info saytı bağlandı.  Lakin jurnalistlər üçün ev tikilərkən maliyyə pozuntuları, söz azadlığı hüququnun pozulması, sonradan ləğv edilmiş KİV-ə Dövlət Dəstəyi Fondunda (o vaxt icraçı direktor Vüqar Səfərli idi) vəsaitlərin mənimsənilməsi barədə məqalələrin dərcini dayandırmadım.
2018-ci ildə məni iki dəfə Prezident Administrasiyasına dəvət etdilər. Əli Həsənov və onun tabeliyində olan şöbə müdiri mənimlə söhbət etdilər. Ə.Həsənovun şəbəkəsinin ifşasından imtinanın əvəzində mənə maliyyə təminatı təklif etdilər.  Dedilər ki, onların maliyyələşdirdikləri  60-dan çox KİV öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmir, mənim ifşalarımın qarşısında acizdir. Mənə təklif etdilər ki, Mehman Əliyev, Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Əvəz Həsənovun yaratdıqları “Media Klub”a hücum edim. Dedilər ki, əgər razılaşsam əvvəllər heç zaman yaşamadığım kimi zəngin yaşayacam.
28 oktyabr 2018-ci il tarixində  mən Əli Həsənova açıq məktub yazdım: “Özümü sizin yerinizə qoya bilmərəm”. 5 saatdan sonra məni həbs etdilər. 
- Əli Həsənov işdən çıxarıldıqdan sonra sizi Prezident Administrasiyasına dəvət etmədilər? Axı Vüqar Əliyev əvvəlki vəzifəsində qalır.
- Dəvət etmədilər. V.Əliyev onun yaratdığı trol şəbəkəsinə rəhbərlik edir, buna görə də orada saxlayırlar. O, Prezident Administrasiyasında olduğu müddətdə mətbuatda heç bir irəliləyiş olmayacaq. O, jurnalistlər üçün evlərlə bağlı cinayətlərdə, mənzillərin paylanmasında, mətbuatın məxfi rəhbərliyində bilavasitə iştirak edib. V. Əliyev həbs edilməli, aqressiyanı təşviq edən trol şəbəkəsi buraxılmalı, qanunsuz olaraq verilmiş mənzillər götürülməlidir.
- Niyə Ə. Həsənovu çıxardılar, V. Əliyev isə vəzifədə qaldıV.Əliyevi çıxarmaq və  bütün cinayətləri onun üstünə atmaq, Ə. Həsənovu isə vəzifədə saxlamaq məntiqli olardı.
- Ona görə ki, Əli Həsənov KİV vasitəsilə müxtəlif dövlət xadimlərinə informasiya hücumlarının təşkili ilə məşğul olurdu. O, öz üzərinə düşən vəzifələri doğrultmadı, məxfi rəhbərlik etdiyi qəzet və saytların heç biri xalq tərəfindən oxunmur. A. Həsənovun xanımına məxsus "Kaspi" Tədris Mərkəzində cinayət halları aşkarlanıb.
- Sizi reket ittihamı ilə həbs  və mühakimə ediblər.
- Tamamilə saxta, sübut olunmamış ittihamdır. Audioyazıda mənim səsim saxtalaşdırılıb. Şahid ifadələrində uyğunsuzluqlar var. Bu saytın mövcud olmadığı vaxtlarda çıxan nəşrlər haqqında danışılır. Digər şahid bizim görüşümüzdən danışır, amma söylədiyi tarixdə mən İstintaq Təcridxanasında olmuşam. Həbsimdən sonra bir həftə Ə.Həsənova və onun oğluna tabe olan bütün KİV-lər mənim həbs olunmağım və sonra mühakimə edilməyim barədə xoş xəbərlər yayırdılar.
- Vüqar Əliyev Prezident Aparatında fəaliyyətini davam etdirir. Həbs olunmuş Vüqar Səfərlinin yerinə başqa məmur təyin edilib, onun rəhbərlik etdiyi təşkilatın adı dəyişdirilib. İndi bu, Fond deyil, Medianın İnkişafı Agentliyidir.
- Bu o deməkdir ki, ölkədə heç nə dəyişməyib, siyasi xətt də eyni qalıb. Vüqar Əliyev, Mətbuat Şurasının İdarə Heyəti əvvəlki yerindədir. Adın dəyişdirilməsindən mahiyyət dəyişmir, müstəqil KİV dövlət dəstəyini, bu dəyişikliklərin faydasını görmür.
- Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov ardıcıl iki vəzifədən azad edilib, KİV-ə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli həbs edilib. Mətbuat Şurasının İdarə Heyəti isə fəaliyyətini davam etdirir. Qalanları, tənqid etdiyiniz xadimlər azadlıqdadır və sizə qarşı müsahibə verirlər. Bu, mübarizəni uduzduğunuz anlamına gəlirmi?
- Mənim məğlubiyyətimdən danışmaq düzgün deyil, çünki işdən çıxarılanlar var, istintaq gedir. Mən Vüqar Rəhimzadə, Azər Həsrət, Müşfiq Ələsgərli üçün qrantlarla bağlı Strasburqa, Avropa Şurasına sorğu verdim. Mənə bildirdilər ki, Jurnalistlərin Həmkarlar İttifaqı adlanan qurumun sədri Müşfiq Ələsgərli oradan on minlərlə avro alıb. Bəzi Azərbaycan KİV-ləri AŞ-dən üç dəfə 77,500 avro məbləğində qrant alıb. AŞ-nin verdiyi məlumatları bütövlükdə mənə təqdim etmirlər, çünki AŞ-nin Bakı nümayəndəliyində çalışan Pərvanə Bayramova tez-tez Müşfiq Ələsgərli və Əli Həsənovla görüşüb, onlarla birgə layihələri müzakirə edib.
Bu yaxınlarda yenidən AŞ-nin Bakı ofisinə və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etdim, bir çox jurnalist qeyri-hökumət təşkilatlarını sadaladım, onlara verilən qrantlar haqda məlumat tələb etdim. Mətbuat Şurasının üzvləri üçün qrantlar haqda bilmək istəyirdim. Cavab gəlmədi. O zaman 2021-ci il fevralın 16-da Azərbaycan ombudsmanına müraciət edərək informasiya əldə etmək haqqında qanunun pozulmasından şikayət etdim, onun reaksiyasını gözləyirəm. Sükut davam edərsə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevdən məhkəməyə müraciət edəcəyəm. Baş Prokurorluqda mənim xahişimə cavab olaraq bildirirlər ki, istintaq davam edir.
Mətbuat Şurasının İdarə Heyətində Vüqar Rəhimzadə ("İki sahil" qəzeti) var, o, SOCAR-dan yüz minlərlə manat məbləğində qrant alıb. Orada "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov var, jurnalistlər evində mənzil alıblar, halbuki, onlara düşmür.  Ümidvaram ki, oğurlanmış dövlət vəsaitlərinin geri qaytarılmasına və əsl  jurnalistlər üçün inşa edilmiş mənzilləri onlardan almağa nail olacağam.
- Bakıda jurnalistlər üçün üç ev inşa edilib, tikinti zamanı miqyaslı oğurluq aşkar edilib. Buna görə iki nəfər həbs olunub. İki nəfər belə böyük maxinasiya edə bilməz.
- Tikintiyə məsul şəxs Vüqar Səfərli evlərin tikintisi zamanı mənimsədiyi 6 mln. manatı dövlətə qaytarıb. Onun həbs edilmiş əlbiri, "Portos" MMC-nin direktoru Nadir Məmmədov inşa edilmiş yaşayış sahəsinə qanunsuz olaraq kvadrat metrlər əlavə edib ki, dövlət vəsaitlərini cibinə qoysun. İki binadakı mənzillər gerçək və saxta (40% saxta) jurnalistlərə paylanılıb. Bununla bitmir. Hazırda deputatlar və Mətbuat Şurasının İdarə heyəti Baş Prokurorluğa müraciət edərək onlara qarşı istintaqın dayandırılmasına nail olmaq istəyirlər. Onlar qorxurlar ki, Aynur Camalqızına məxsus axar.az saytının maliyyə mənbəyi və Vüqar Rəhimzadənin, Müşfiq Ələsgərlinin digər şübhəli əməllərinin üstü açılar, KİV-də bütün cinayətkar şəbəkə ifşa olunar. Onlar bu işin bağlanmasını, bütün cinayətlərini cəmiyyətdən gizlədilməsini istəyirlər.
- Mətbuat Şurasının İdarə Heyətindəki opponentləriniz bildirirlər ki, mətbuatda reketçiliklə effektiv mübarizə aparıblar.
- Onlar bununla necə mübarizə apara bilər, əgər ki, Aynur Camalqızı, Aydın Quliyev, Yadigar Məmmədli, Azər Həsrət, Rauf Arifoğlu və Mətbuat Şurasının İdarə Heyəti şəbəkəsindən digərləri özləri reketlə məşğul olurlar, öz KİV-lərini bu yolla maliyyələşdirirlər? Mətbuat Şurası bilavasitə reket həyata keçirir, həmin adamların tənqidçi KİV-in Mətbuat Şurasının qara siyahısına daxil edilməsini sifariş edən bir sıra şirkətlərlə, müəssisələrlə şübhəli işləri məlumdur. Əflatun Amaşov öz katibəsinə iyirmi-otuz min manat dəyərində mebel alıb, Pirşağıda özünə üçmərtəbəli villa tikdirib. Hansı pula? Onlar düzgündür, amma məni, kirayədə yaşayan birini reketçilikdə ititham edirlər?
- Siz onları ittiham edirsiniz, onlar da sizə deyirlər ki, hər bənd üzrə sübut təqdim et. Öz puluna villa almaq olar, mebeli nənənin puluna almaq olar, avtomobil də xidməti ola bilər. Buna nə deyirsiniz?
- Onlar inkar etmirlər. Müşfiq Ələsgərli cavab verir: Mənim xarici avtomobilim var, amma onun qiyməti 80 min yox, 50 min manatdır. Kardiomərkəzə telefon etdiyini təsdiqləyir, ancaq təhdidlərlə bağlı ittihamları rədd edir. Əflatun Amaşovun Mətbuat Şurasının sədri olmazdan əvvəl necə yaşadığına baxmaq lazımdır. İndi etiraf edir ki, Pirşağıdakı villa (ictimaiyyətə fotosunu mən təqdim etdim) ona məxsusdur. Onu hansı maaşla inşa etdi?
- Sizi yenə həbs edə bilərlər, yaxud hüquq müdafiəçisi Oqtay Gülalıyevin başına gələnlər sizin də başınıza gələ bilər.
- Belə şey gözlənilir. Mən Allaha inanıram, hər şeyi o həll edir. Bilirəm ki, əgər susmasam, mənə qarşı dəhşətli hadisələr baş verə bilər. Amma dayanmayacağam.
- Siz məhkəmənin müəyyən etdiyi müddətdən əvvəl həbsdən azad olmusunuz. Bu o deməkdirmi ki, ölkədə ədalətli məhkəmə icraatı var? Axı deyirlər ki, vaxtından əvvəl azad etmə rüşvətlə olur.
- Azərbaycanda məhkəmə sahəsi dəhşətli vəziyyətdədir. Hakimlər müstəntiqlərin ittihamlarını kopyalayırlar. Mənim azadlığım məhkəməyə müraciətimin, etiraz aclığının nəticəsində olub. Məni həbsdə saxlaya bilərdilər, ancaq bundan ötrü onlarda mənim həbs qaydalarını pozmağımla bağlı sənəd yox idi. Mən 5 il, 6 ay müddətinə mühakimə edilmişdim. Vəkilim Elçin Sadıqov həbs müddətinin azaldılması ilə bağlı şikayətim ilə əlaqədar iki ay məhkəməyə gedib və məhkəmə prosesi iki ay təxirə salınıb. Ə.Həsənov işdən çıxarıldıqdan sonra məhkəmədə cəzanı 3 il ilə əvəz etdilər və həbs qətimkan tədbirini dəyişdirdilər. Jurnalistlərdən rüşvət almırlar, mənim pulum yoxdur, hətta bir milyon tapsaydım belə, məndən  pul almazdılar. Mən özüm də azadlığa çıxmağıma təəccüblənirəm.
Mən ləyaqətli jurnalistlərə müraciət edirəm ki, Əli Həsənovun şəbəkəsinin cinayətlərilə bağlı onlarda olan faktları istintaq orqanlarına təqdim etsinlər. Jurnalistlərin ümumi mübarizəsi olmadan biz yaxşılaşma görməyəcəyik. Mətbuat Şurası İdarə Heyətinin cəzasızlığını müşahidə edərək susmaq olmaz. Mən dövlətdən 26 mln. manatı mənimsəmiş Ə.Həsənovun mühakimə olunmasını tələb edəcəyəm. Əgər o, azadlıqdadırsa, deməli, hüquq-mühafizə orqanları dövlətə hörmətsizlik edirlər.
/Mənbə - TURAN.AZ informasiya agentliyi/
Oxşar xəbərlər