"Yalançı kimdir, Müşfiq Ələsgərli?" - MŞ funksioneri "SİRR"i açdı

  • 09 yan 2021, 19:43
Bir müddət öncə həbsdən azadlığa buraxılan jurnalist, "Reallıq.info" saytının baş redaktoru İkram Rəhimovla Azərbaycan Mətbuat Şurası arasındakı ənənəvi qarşıdurma yenidən start mərhələyə yüksəlib.
"Demokratik.Az" bildirir ki, baş redaktor 2018-ci il oktyabrın 26-da reallaşan həbsini prezidentin sabiq köməkçisi Əli Həsənovun və Azərbaycan Mətbuat Şurasının aparıcı şəxslərinin sifarişi adlandıraraq həbsdəykən başlatdığı mübarizəsinə davam edir. 
Jurnalist özünün facebook səhifəsində MŞ-nin fəsadlı fəaliyyətinə diqqət çəkməyi, orada əyləşənlərin qanunazidd əməllərinin bilinməyən tərəflərini ifşa edəcəyini anons edir, bu barədə arqumentlərini səsləndirir.
İkram Rəhimov bugünkü açıqlamasında MŞ-nin aparıcı funksioneri Müşviq Ələsgərlini hədəfə gətirərək həbsdə olduğu dövrdə jurnalist Əvəz Zeynallı ilə Müşviq Ələsgərlinin "musavat-tv"-dəki debatını xatırlatmaqla MŞ təmsilçisinin özü və fəaliyyəti barədə səsləndirdiyi xoşagəlməz fikirləri qınayıb. Rəhimov yazısında "Yalançı kimdir, Müşfiq Ələsgərli?" deyərək Ələsgərlini prezidentin keçmiş köməkçisi Əli Həsənovun qapı qulu adlandıraraq onu yalançılıqda suçlayıb. Eləcə də, bir zamanlar Əli Həsənovun "işverəni" qismində yaratdıqları saxta QHT - lərlə, adı olub, özü olmayan Jurnalistlərin Həmkarlar İttifaqı adlı təşkilata sədrlik etməklə əslində uzun illər Əli Həsənovun "projesi" olduğunu, qeyri-şəffaf birisi olduğunu xatırladıb. Lakin, Əli Həsənov "vurulduqdan", cəzalandıqdan sonra özünü qorumaq üçün Müşfiq Ələsgərlinin də maskalandığını, indi də PA - da şöbə müdirinin müavini vəzifəsini daşıyan Vüqar Əliyevin yaxını kimi ortaya atıldığını bildirir.
Ardınca, həbsindən bir neçə saat əvvəl yayımladığı yazını (https://www.aztoday.az/news/30803.html) yenidən xatırladaraq sifarişlə həbsi barədə iddiasının üzərində qalır. Müşfiq Ələsgərli və onun kimilərin ədalət mühakiməsinə çəkilməsini istəyir. 
M.Ələsgərli isə statusa bir neçə cavabında iddiaları rədd etməyə çalışır, həbsi ilə nə MŞ-nin, eləcə də Əli Həsənovun ilgisinin olmamasını isbata çalışır və aşağıdakıları yazır:
"Ikram Rahimov Mətbuat Şurasında səndən olan şikayətləri 2018-ci ilin avqust-sentyabr aylarında müzakirə etmişik. Təmaslarımız da həmin dövrə aiddir. Hətta, növbəti şikayətlər gələndə demişik ki, biz onu bir dəfə müzakirə etmişik, bitib gedib. Bundan sonra səninlə bağlı müzakirəmiz olmayıb, yalnız ara-sıra sənin səsləndirdiyin ittihamlara cavab vermişik. Sən həmin müzakirələrdən, yəni, barəndə gələn şikayətlərin Mətbuat Şurasında araşdırılmasından il sonra, 2019-cu ildə tamamilə başqa şikayətlər əsasında həbsə düşmüsən. Səni həbs edən də, barəndəki şikayətləri araşdıranlar da başqa qurumlardır. Nə tutulmağının, həbsə düşməyinin, nə də tutulmağına səbəb olan hadisələrin bizimlə bağlılığı yoxdur..." və bu kimi fikirlərlə ittihamları təkzibə çalışır cənab Ələsgərli...
Bundan başqa, tərəflər öz arqumentlərini əsaslandırmağa çalışaraq mübahisəni bir az da dərinləşdirə biliblər. Rəhimov MŞ-dəkiləri və Müşviq Ələsgərlini sabiq prezident köməkçisinin "trol"u adlandırır, qarşı tərəf isə fəaliyyətlərində Əli Həsənovun tapşırıqlarının icrasını dövlətə və dövlətçiliyə xidmət və sayğı kontekstində izah edərək polemikanı bacardığı səmtə uzadıb. 
"Reallıq.İnfo"nun redaktorunun statusundan doğan digər detallara varmadan Müşviq Ələsgərlinin yuxarıdakı şərhindəki ağ yalana diqqət etməmək olmur. Jurnalistin həbsində özünü və Əli Həsənovu "aydan arı, sudan da duru" etməyə çalışması təəssüf və müəmma doğurur.
Azərbaycan Mətbuat Şurası kimi strateji bir QHT-də kimlərin və hansı düşüncə sahiblərinin başbilənlik etməsi faktı çılpaqlığıyla ortaya çıxır. Medianın çökdürülməsində Şuranın rolunu ifşa edir.
MŞ-ni təmsil edənin açıqlaması əslində İkram Rəhimovun sifarişlə həbs edilməsi barədə dediklərini dolayısıyla təsdiq edir.
Çünki, MŞ funksioneri bildirdiyi kimi, MŞ "İkram Rəhimov məsələsi"ni 2018-ci ilin avqust-sentyabr aylarında müzakirə etdikdən çox qısa zaman sonra (oktyabrın 26- da) və Əli Həsənova acı müraciət məktubundan da dərhal sonra tutuklanıb. Ələsgərli isə tarixləri qarışdırır.
Aydındır ki, MŞ birmənalı olaraq "reket" adı qoyub adıçəkilən baş redaktorun həbs edilməsini hüquq mühafizə orqanlarından xahişini edə, Əli Həsənovun dililə də tələb edə bilərdi.
Bundan başqa, İ.Rəhimovun həbsindən sonra onun barəsində günlərlə televiziya ekranlarında verilişlərin məqsədli təşkili, başda Əflatun Amaşov və M.Ələsgərli də olmaqla digər MŞ təmsilçiləri tərəfindən Əli Həsənova yaxın media orqanlarında İkram adının "topa tutulması" yalnız və ancaq sifarişli həbs görüntüsü yaradır.
Deyəsən, MŞ funksioneri jurnalistə cavabında Əli Həsənovun və təmsil etdiyi ictimai qurumun "SİRR"ini açdığının fərqinə də varıb, yoxsa sonradan yazdığına təhrifi düzəlişilə öz izini də itirməyə çalışmazdı...
Tənzimləyici media qurumu olmaq əvəzinə, müstəqil KİV orqanlarına və adi jurnalistlərə qarşı Mətbuat Şurası təmsilçilərinin istənilən hücum mexanizmlərini, kobud və qorxuducu rəftarını pisləyir, Müşviq Ələsgərli və qeyrilərini daha səmimi və faydalı işlə məşğul olmağa, ən yaxşısı da postlarından İSTEFA verməyə çağırırıq. Axı onlar yaxşını bacarmadılar, beləcə həbslərlə və intriqalarla özlərini vacib sandılar ki, bu da media üçün deyil, bütün cəmiyyət üçün ziyanlı oldu. Təəssüf...
Osman Nərimanoğlu 
Demokratik.Az
Oxşar xəbərlər