Azərbaycanda neçə koronavirus xəstəsi var? – Açıqlama

  • 15 mart 2020, 11:33
Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, brifinqdə çıxış edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sabahdan ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı danışıb:
“Bu gün ölkədə yaranmış vəziyyətlə bağlı qərarlar var. Dünyada koronavirusun yayılma arealı getdikcə dəyişilir. Dünyadan fərqli olaraq, bizdə olan vəziyyət pandemiya deyil. Bu səbəbdən də başqa ölkələrə nisbətən ölkəmizdə olan yaxşı vəziyyəti qorumaq üçün bir çox mədəni-kütləvi tədbirlər, toy və qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur. Marketlər fəaliyyətini davam etdirəcək, ancaq kafe və restoranlarda şənliklərin təşkili qadağan olunub. Bununla yanaşı, gün ərzində kafe və restoranlar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək”.
Qurum sözçüsü bildirib ki, bu, ölkədə vəziyyətin pis olması anlamına gəlməməlidir:
“Əksinə nisbi əlverişli vəziyyəti qorumaq üçün qabaqlayıcı tədbirlərdir. Bu işdə də hadisələri qabaqlamaq strategiyasını tətbiq edirik. Hamı bir gəmidədir və dövlətimizlə həmrəy olmaq zamanıdır. Anonim səslər, anonim məlumatların yayılmasının qarşısını almaq üçün hüquq-mühafizə orqanları ciddi tədbirlər görəcək. Qida təhlükəsizliyi və iqtisadi vəziyyəti normada saxlamağa çalışırıq”.
İbrahim Məmmədov onu da bildirib ki, indiyədək Azərbaycan daxilində bir-birinə yoluxma halı müşahidə olunmayıb:
“Hazırda 15 nəfər xəstə var və 1 nəfər dünyasını dəyişib. Xəstə olanlar arasında səhhəti müsbət istiqamətdə gedənlər var. 1938-ci ildən olan vətəndaşımızın da vəziyyəti stabildir, iki həftədir ki, həkimlər onu həyatda saxlayır”.
Oxşar xəbərlər