Azərbaycanda bir-birlərini təkrarlayan nazirliklər niyə birləşdirilmir? - SƏBƏB

  • 26 okt 2015, 15:56

Azərbaycanda demək olar eyni səlahiyyətləri icra edən bir neçə qurumun, nazirliyin birləşdirilməsi təklif olunsa da, məsələ hələ ki həllini tapmayıb.

Bəs, eyni fəaliyyət sahələrini koordinasiya edən dövlət komitələri və ya nazirliklər, digər rəsmi orqanlardan hansılar birləşdirilməlidir?

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı ekspert Oqtay HaqverdiyevModern.az saytına deyib ki, ölkədə nazirliklərin sayı 10-12 arasında olmalıdır:

"Bizdə hazırda 20 nazirlik var. Bununla yanaşı, bir neçə də dövlət komitəsi də fəaliyyət göstərir. Onların bəzilərinin əsasnaməsinə baxsaq, görərik ki, bir-birlərini təkrarlayan qurumlardır. Mən konkret olaraq hansılarının birləşdirilməsini deməyim, bu,  düzgün olmaz.

Amma nazirliklərin, dövlət qurumlarının sayının azalması mütləqdir. Struktur islahatları dövlət orqanlarındakı idarəetmə sistemində də aparılmalıdır. Azərbaycanda idarəetmə sovet dövründən qalmadır”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev isə rəsmi qurumların azaldılmamasının səbəblərini izah edib.

O bildirib ki, nazirliklər birləşdirilsə belə, bunu islahat adlandırmaq olmaz:

"Nazirliklər əslində siyasi qurumlar olmalı və siyasi qərarlar qəbul etməlidir. Həm də onların hansı sahələri koordinasiya etmələri barədə dəqiq çərçivələr olmalıdır. Lakin Azərbaycan hökuməti Nazirlər Kabineti strukturlarının fəaliyyətini tənzimləyən heç bir sənəd ortaya qoymur. Bu sənəddə göstərilməlidir ki, hansı qurum nə iş görməlidir və konkret funksiyası nədən ibarət olmalıdır. Hansının komitə, hansının nazirlik, hansının büro səviyyəsində olması müəyyənləşdirilməlidir”.

Ekspert hesab edir ki, Azərbaycanda nazirliklərin səlahiyyət çərçivələri dəqiq bəlli deyil:

"Azərbaycanda nazirliklər hələ də institutlaşa bilməyiblər. Məsələyə kompleks yanaşdıqda, təklif etmək olar ki, Azərbaycan hökumət strukturları haqqında ciddi bir sənəd hazırlanmalı və bunun əsasında islahat aparılmalıdır”.

Aqşin Kərimov

Oxşar xəbərlər