Məktəbdə bıçaqla gəzənlər - məsuliyyət kimin üzərindədir?

  • 15 apr 2022, 08:54

Hüquqşünas: “Məktəblərdə bu gün baş verən hadisələr nəticədir, səbəb deyil”

Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub. Xoşagəlməz olay şəhərin Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbinin həyətində qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aydın Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. O, məhkəmə qarşısına çıxarılacaq və barəsində müvafiq qərar veriləcək.
Bu, Azərbaycan məktəblərində qeydə alınan ilk belə hadisə deyil. 7 dekabr 2021-ci ildə Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə baş verən olay da o zaman gündəmin əsas mövzusuna çevrilmişdi.  Şagirdlərdən birinin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsi ilə bağlı məlumatlar yayılmışdı. Məlum olmuşdu ki,  məktəbin 7-ci sinfində təhsil alan şagird sinifdə şalvarını çıxarır, qızları küçə söyüşləri ilə təhqir edir, müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir. Valideynlər polisə müraciət etsələr də, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Araşdırmalar zamanı məlum olmuşdu ki, hadisəni Suraxanı rayonundakı 2 saylı internat evində tərbiyə olunan, orada qalan 7-ci sinfin şagirdi törədib. “Bu məktəbdə baş verənlərdən də həm valideynlərin, həm də direktorun xəbəri olur. İllərdi bu məktəbdə təhsil alan və uşaq evindən bura təhsilə göndərilən şagirdlərlə bu problem yaşanır.  Uşaqlarımızın çantalarından pul oğurlayırlar. Bundan başqa, oradan gələn şagirdlər bufetin, ayaqyolunun qarşısında dayanıb digər şagirdlərdən pul yığırlar, verməyəndə hədələyirlər, hətta elə olub ki, telefon belə oğurlayıblar. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara, polisə də məlumat vermişik, amma internat evinin uşaqlarının bir şüarı var ki, bizim arxamızda dövlət durur. Belə hadisələr burada tez-tez olur. Açığını desək, o, uşaqlarla nə müəllimlər, nə direktor bacarır”, - deyə şagirdlərdən biri bildirmişdi. Məktəbdə olan jurnalistlərə valideynlər 2 saylı internatda acınacaqlı vəziyyətlə maraqlanmağı tövsiyə etmişdilər. 
“Gedin 2 saylı internatdan çəkiliş edin. Burada çəkiliş etməyə nə var ki? Bilirsiniz, orada uşaqlar necə nəzarətdən kənar qalır? Bilirsinizmi, qızlar, oğlanlar orada nə oyundan çıxır? Siz niyə başa düşmürsünüz ki, o uşaqlar tərbiyəsizdir. 2 saylı internat evində valideynin də dediyi kimi, tərbiyəsizlik və əxlaqsızlıq var”, - deyə valideynlərdən biri bildirmişdi.
8 oktyabr, 2021-ci ildə Bakıdakı 322 nömrəli orta məktəbdə dava qeydə alınıb. Münaqişə zamanı İ.V. adlı şagird Ə.Q. adlı şagirdi döyüb, xəsarət yetirmişdi. O zaman məsələyə hüquq mühafizə orqanları qarışmışdı. Məktəblərdə baş verən hadisələrə təhsil naziri münasibət bildirib. Nazir Emin Əmrullayev jurnalistlərə açıqlamasında xatırladıb ki, 1 milyon 600 min şagird təhsil alan məktəblərdə yəqin hər gün hansısa xoşagəlməz hadisə baş verəcək.
“Biz yalnız bu kimi hadisələrin qarşısını almaq haqqında danışa bilərik. Təbii ki, bu kimi hallar birmənalı olaraq qəbul edilmir. Əgər hansısa bir hadisədə cinayət varsa, bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Məktəblərdə şagirdlərin tərbiyəsi və davranışı ilə bağlı məsələyə gəlincə, bununla əlaqəli mütəmadi şəkildə ümumtəhsil müəssisələrinin rəhbərliyi tərəfindən iş aparılmalıdır. Təəssüf ki, 1 milyon 600 min şagirdi, 200 min müəllimi, 3 milyondan artıq valideyni əhatə edən sistemdə 2 nəfər arasında konflikti hər gün müşahidə edəcəyik” - nazir əlavə edib.
Belə hallar nədən irəli gəlir, məsuliyyəti kimlər daşımalıdır?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məktəblərdə mübahisəli vəziyyətlərin yaranması, şagirdlərin bıçağa əl atması kimi xoşagəlməz hallar əsasən ailələrdə uşaqlara düzgün tərbiyə verilməməsindən qaynaqlanır: “Təəssüf ki, bu kimi xoşagəlməz hadisələr yaşanır. Bunun bir səbəbi də odur ki, yaxşı, peşəkar müəllimlər, peşəsini sevən, şagirdləri öz övladı kimi görən müəllimlər məktəblərdə azdır. Təhsilimiz niyə bu səviyyəyə düşdü? Bu səbəbləri təhlil etmək lazımdır.  Məktəblərdə bıçaqlaşma, kütləvi dava, şagirdlərin müəllimlər tərəfindən döyülməsi, məktəblilərin intihar etməsi sırf müəllimlərin problemi deyil, cəmiyyətin problemidir. İndiki uşaqların psixoloji problemləri yetərincədir. Buna görə də orta məktəblərdə psixoloji iş gücləndirilməlidir. Elə uşaqlar var ki, onlarla evdə valideynləri də bacara bilmir. İndi doğulan uşaqların psixoloji rahatsızlıqları daha çoxdur. Gündən-günə psixoloji pozuntular artır. Eyni zamanda müəllimlərin fərdi psixoloji problemləri də mövcuddur. Məktəblərlə valideynlər arasında əlaqələr gücləndirilməlidir. Təhsil qurumlarında idarəetmə ilə bağlı çox ciddi problemlər var. Son illərdə təhsillə əlaqəsi olmayan, yaxud da heç bir təcrübəsi olmayan insanların təhsilin idarəetmə strukturlarına gətirilməsi öz nəticəsini göstərməkdədir. Yəni məktəblərdə bu gün baş verən hadisələr nəticədir, səbəb deyil. Bu kimi hallarda hər hansı bir məqsədin olduğunu düşünmürəm. Sadəcə, ortada olan problemlər təhsilin idarəedilmə forması, ailələrdə olan tərbiyə sistemi kimi mövzulardan qaynaqlanır. Eyni zamanda burada uşaqların sosial şəbəkədə tanınmaq istəyi də rol oynayır. Ümumilikdə baş verənlər məktəblərdə tərbiyə sisteminin nə qədər qüsurlu olduğu ortaya çıxır”.
Bicaq Sekilleri mp4 3gp flv mp3 video indir
Hüquqşünas çox maraqlı bir detala diqqət çəkdi: “Azərbaycanda bu qədər özəl tədris müəssisələri var. Onlardan birində şagirdlərin davası, bıçaqlaşması, müəllimlərin şagirdi döyməsi halı haqda xəbər eşitmisizmi?  Bu, ona görə baş vermir ki, orada müəllim yüksək məvacib alır, işinə məsuliyyətlə yanaşır. Tədris mərkəzinə gələn şagirdin dərs oxuyub, öyrənməkdən başqa asudə vaxtı qalmır ki, kiminləsə mübahisə etsin, əlinə bıçaq alsın. Müəllimlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır. Məktəblər formal fəaliyyət göstərməməlidir. Repetitorluq aradan qalxmalıdır. Müəllimlərin dövlətdən aldıqları məvacib yüksək olmalıdır ki, onlardan keyfiyyətli iş tələb oluna bilsin. Müəllimin fikri məktəbdə dərs saatının tez bitməsi və tədris mərkəzinə özünü çatdırması ilə məşğuldur. Məktəbdə təlim-tərbiyə onun üçün önəmini itirib. Müəllimlərin yanaşması təxminən bu şəkildədir: ”Şagird oxuyur, öyrənir, öyrənsin, öyrənmirsə, mənlik deyil". Şagirdlər də müəllimlərin bu yanaşmasını anlayırlar və istədiklərini edirlər".
Hüquqşünas deyir ki, konkret halda, bıçağa əl atan şagirdlərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür: “14 yaşı tamam olmuş, 18 yaşı isə tamam olmamış şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Uşağın həbsə alınması, tutulması və ya cəzaçəkmə yerinə salınması qanunauyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Heç bir uşaq işgəncələrə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan digər rəftar və ya cəza növlərinə məruz qala bilməz. 18 yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlərə görə ölüm cəzası və ömürlük həbs cəzası tətbiq olunmur”.
Hüquqşünas deyir ki, azadlıqdan məhrum edilmiş hər bir uşaqla humanist rəftar edilməli və həmyaşıdları olan şəxslərin tələbatı nəzərə alınmaqla, onun şəxsiyyətinin ayrılmaz ləyaqətinə hörmət bəslənilməlidir: “Azadlıqdan məhrum edilmiş uşaq, xüsusi hallar istisna olmaqla, yazışmaq və görüşmək yolu ilə öz ailəsi ilə əlaqə saxlamaq hüququna malikdir. Cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın ləngidilmədən hüquqi və digər müvafiq yardım almaq hüququ var. Eyni zamanda bu uşaqlar azadlıqdan məhrum edilməsinin qanuniliyinə məhkəmə və ya digər səlahiyyətli, müstəqil və qərəzsiz orqan qarşısında etiraz etmək hüququna malikdir. Yetkinlik yaşına çatmayan şəxslərin cinayət işlərinə baxılarkən müdafiəçinin iştirakı mütləqdir”.
Hüquqşünas deyir ki, baş verənlərdə valideynlərin də məsuliyyət məsələsi var: “Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri hüquq pozuntusu üçün valideynlərin məsuliyyət məsələsi 2 cür tənzimlənir. Cinayət hüquq sahəsində yetkinlik yaşına çatmayan şəxs törətdiyi hüquq pozuntusu üçün şəxsən məsuliyyət daşıyır. Yəni burada valideynlərin onların əvəzinə məsuliyyət daşıması istisna edilir. Mülki hüquqda isə bu məsələ bir qədər fərqli tənzimlənir. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Əgər 14 yaşından 18 yaşınadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan uşaq müvafiq sosial xidmət müəssisəsində, qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər. Yetkinlik yaşına çatmayan şəxs onun cinayət məsuliyyətinə cəlb olunmasına imkan verən yaşa çatdıqda, lakin öz hərəkətinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və yaxud da onları idarəetmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntu ilə əlaqədar olmayan psixi inkişafdan geri qaldıqda, o, cinayət məsuliyyətinə cəlb edilməyə bilər”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Oxşar xəbərlər