Koronavirus Azərbaycandan mikroavtobusla “keçdi”: 186 nəfər karantində

  • 28 fev 2020, 09:43

Həkim: “Ölkəmizdə koronavirusa adi xəstəlik kimi yanaşmaq təhlükəni daha da dərinləşdirir”

Azərbaycanda rəsmi dairələrin sözlərinə görə koronavirus olmasa da, ətraf ölkələrdə bu virusa yoluxanların günbəgün artması, ictimaiyyətdə təşviş  yaradıb. Xüsusilə də Gürcüstan hökumətinin açıqlamasından sonra məsələ bir qədər də qəlizləşib. Belə ki, fevralın 26-da Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze keçirdiyi xüsusi brifinqdə bildirib ki, İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında koronavirus müəyyən olunub.
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze isə söyləyib ki, xəstəliyə yoluxan şəxs vətəninə marşrut taksisində qayıdıb. Onun 50 yaşı var. Həmin şəxsin adı açıqlanmasa da, Marneulidə yaşadığı bildirilib.
Qamkrelidze həmin şəxsin Gürcüstan ərazisinə gəldiyin də söyləyib: “Azərbaycan-Gürcüstan sərhədində onda xəstəliyin simptomları aşkar edilən kimi təcili yardımla xəstəxanaya çatdırılıb”.
Bu xəbərdən sonra ölkə ictimaiyyətini düşündürən suallar meydana çıxıb. Sosial şəbəkələrdə insanlar bildirirlər ki, koronavirusa yoluxan şəxs nə üçün Azərbaycan sərhədində müayinə edilməyib? Bu şəxslə birlikdə Gürcüstana gedənlər yoxlanılıbmı?
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ile ilgili görsel sonucu
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə yaydıqları məlumatda bildiriblər ki, xəbər yayılandan sonra dərhal araşdırma aparılıb. Məlumatda qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib: “Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər. Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir”,-deyə bildirilib.
Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını da açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, fevralın 27-də  səhər saat 10.00 üçün  Kiliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında  91 nəfər həkim müşahidəsinə alınıb.
Həkim Hüseyn Mehdiyev ile ilgili görsel sonucu
“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev yayılan xəbərlərlə bağlı bildirib ki, hazırda bölgələrdə karantinə alınan şəxslərin müayinə olunmalarında da qüsur var: “Əvvəlcə onu deyim ki, koronavirusa digər viruslar kimi yanaşmaq olmaz. Eyni zamanda hər hansı bir şəxsin qızdırması varsa bu, onun mütləq koronavirus olduğu mənasına gəlmir. Ona görə də sərhədlərdə bir şəxsin qızdırması yoxdursa, onu müayinə etmədən buraxmaq, sonradan virusun yayılması ilə nəticələnə bilər. Çünki koronavirusa yoluxan insanda xəstəliyin simptomları 14 gün ərzində bilinmir. Deməli, bu gün xəstəliyə yoluxan adamda qızdırma olmaya bilər. Ancaq o, ölkədə yaşadığı müddətdə xəstəlik ağırlaşar və digər insanlara da keçər. Gürcüstana gedən şəxsə gəlincə isə yuxarıda dediyim məntiqlə yanaşdıqda biz hələ xeyli bu xəstəliyin daşıyıcısı olan şəxsi aşkar etməyə bilərik. Deməli, risklər bizim düşündüyümüzdən də artıqdır. Koronavirus təkcə hava damcı yolu ilə deyil, əşya, kontakt ilə də keçə bilir. Bu gün biz iri ticarət mərkəzlərində, avtobuslarda dezinfeksiya işlərinin aparıldığını müşahidə etmirik. Ancaq elə əsas işlər orada aparılmalıdır. Çünki bu kimi yerlərə xeyli sayda insan gəlir. Koronavirus sanitar qovuşaqlardan da keçə bilir. Ona görə də hər bir dövlət öz davranış tərzini, hətta əməkdaş və tərəfdaş olduğu dövlətlərlə münasibətlərini dəyişib, virusla mübarizə aparır. Məsələyə oyuncaq kimi yanaşmaq olmaz. Cəlilabaddakı xəstəxananın durumu hər kəsə bəllidir. Orada hansı müayinələr aparılır? Yerləşdirilən xəstələr necə yoxlanır? Bunun üçün lazımı avadanlıqlar orada varmı? Bütün bunlara doğru-düzgün yanaşmaq lazımdır”.
Həkim bildirib ki, xəstə özü də temperatur salan dərmandan istifadə edib, sərhədi keçə bilər: “Ona görə də temperaturun olmaması ”virusa yoluxmayıb" mənasını vermir. Həkim xəstənin ciyərlərini yoxlamalı, şübhəli olub-olmadığını təyin etməlidir. İnsanlar toplu yerə getdikləri zaman maskadan istifadə etsinlər. Gəldikləri zaman isə bütün paltarlarını dəyişsinlər. Eyni zamanda insanlar tez-tez əllərini yusunlar. Mümkün olduğu qədər çayxanaya, toplu yerə getməsinlər.  Çayxanadakı stəkan, boşqab 1 saat 30 dəqiqə yuyulmalıdır ki, tamamilə dezinfeksiya olunsun. Bu gün çayxanada, restoranda heç 1 stəkanı 1 dəqiqə yumurlar. Ona görə də insanlar bu kimi yerlərə getməsinlər. Dövlət tərəfindən yaxşı olar ki, bayram qabağı tədbirlərə qadağa qoyulsun. Dünyanın hər yerində həyəcan təbili çalınır, bizdə isə hər kəs bu məsələyə qeyri-ciddi yanaşır. Dünyada bu kimi virusa yoluxan xəstələri müayinə edən həkimlər xüsusi geyim qaydasından istifadə edirlər. Bizdə isə həkimlər xəstənin yanına qoruyucu libas, xüsusi maska olmadan girir. Ona görə də bu gün elə virusların çoxunu bəzi həkimlər yayırlar. Həkimin müvafiq geyimi, maskası yoxdur. Burada təkcə Səhiyyə Nazirliyinin deyil, bütün dövlət qurumlarının üzərinə məsuliyyət düşür. Bütün ictimai yerlər dezinfeksiya olunmalı, spirtlənməlidir. Bunlar yoxdursa, virusun yayılma riski də olduqca yüksəkdir".
Onu da bildirək ki, sosial şəbəkələrdə video görüntü yayılıb. Bu videodan belə aydın olur ki, vətəndaşlara Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrindən müayinə üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılacaqlarını desələr də, onlar altı saatdan çox xəstəxanada saxlanılıblar. Bundan başqa xəstəxananın şəraitsizliyi, gigiyena qaydalarına əməl olunmaması, vanna otaqlarında suyun olmaması və vətəndaşlar üçün heç bir tədbirin görülməməsi də görüntülərdə öz əksini tapıb. Vətəndaşlar bu saat ərzində onlara su verilmədiyini də bildiriblər. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"ndən (TƏBİB) açıqlama verib ki, yayılan məlumatları araşdırırlar...
Azərbaycanın Gürcüstandakı səfirliyindən report-a  bildirilib ki, Gürcüstan Azərbaycana quru yolla gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Dövlət Gömrük Komitəsindən isə “Yeni Müsavat”a bildirilib ki, Azərbaycanın Gürcüstanla sərhədində hər hansı bir məhdudiyyət yoxdur.
Qonşu İranda isə koronavirusdan ölənlərin sayı 22-yə çatıb. 141 nəfərin isə koronavirusa yoluxduğu açıqlanıb. İran mediasının yazdığına görə, İranın 31 əyalətindən 20-də koronavirusa yoluxma qeydə alınıb. Ən çox yoluxma halı Qumdadır - 63 nəfər.
Çində virus tapılandan az sonra bu ölkəyə uçuşlarını təxirə salan Azərbaycan qonşu İranla hava nəqliyyat əlaqəsini məhdudlaşdırmayıb. Üstəlik, İrana quru yolla da getmək mümkündür və bunun üçün Azərbaycan və İran vətəndaşlarının xidmətində üç sərhəd-keçid məntəqəsi var, heç birində də hərəkət məhdudiyyəti və ya sərhədlərin bağlanması ilə bağlı rəsmi göstəriş verilməyib.
Oxşar xəbərlər