Koronavirus Yaponiyada gəmidə sürətlə yayılır
- 06 fev 2020, 08:07
Fevralın 3-dən Yaponiyanın Yokohama limanında qalan "Diamond Princess” gəmisinin daha 10 sərnişinində 2019-nCoV koronavirusu aşkarlanıb.
"Report” TASS-s istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bildirib.
Məlumata görə, bütün xəstələr Kanaqava prefekturasının tibb müəssisələrinə yerləşdiriləcəklər. Virusa yeni yoluxanların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır. Daha əvvəl gəminin 10 sərnişinində koronavirus aşkarlanıb. Onlar Yaponiya, Çin, ABŞ, Avstraliya və Filipinlər vətəndaşlarıdır. Virus daşıyıcıları xəstəxanalara çatdırılıblar. Bununla da Yaponiya gəmisində koronavirusa yoluxanların sayı 20 nəfərə çatıb.
Səhiyyə Nаzirliyinin məlumatına görə, gəmidə təxminən 3,7 min insan var. Onlar 50-dən çox ölkənin vətəndaşlarıdır.
Gəmi yanvarın 20-də Yokohama limanından çıxıb və fevralın 3-də qayıdıb. Sərnişinlər arasında koronavirusun aşkarlandığı Çin vətəndaşı da olub. O, yanvarın 25-də Honkonqda gəmini tərk edib.
Yaponiyanın səhiyyə naziri Kato Kasunobu sərnişinlərin və heyət üzvlərinin daha 14 gün gəmidə qalması arzusunu ifadə edib.