Rusiya sanksiya burulğanında - RF görünməmiş zərbələr alır

  • 01 mart 2022, 10:04

Ekspertlər SWIFT və valyuta ehtiyatları ilə bağlı qərarların ağır nəticələri olacağını deyir

Dünya dövlətləri tərəfindən Rusiyaya sanksiyaların tətbiqi davam edir. Avropa Birliyi, ABŞ, Asiya ölkələri tərəfindən tətbiq olunan koordinə olunmuş sanksiyalardan əlavə, ayrı-ayrı sektorlar üzrə sanksiyalar da davam edir. Belə ki, indiyədək 6 ölkə Rusiya Mərkəzi Poçtu ilə bağlama mübadiləsini dayandırıb, Avropanın əksər ölkələrindəki iri pərakəndə ticarət şəbəkələri Rusiya və Belarus mənşəli məhsulların satışını dayandırırlar. Rusiya şirkətlərinə verilən sifarişlər kütləvi şəkildə ləğv olunur. Hətta bir sıra ölkələrdə ali təhsil ocaqları rusiyalı tələbələri xaric edirlər.
Dünən gün ərzində Rusiya mənşəli şirkətlərin səhmlərinin görünməmiş həddə ucuzlaşması baş verib. London birjalarında “Nornikel”in səhmləri 60 faiz, “Novatek”in səhmləri 55 faizə yaxın, “Fosaqro” 50 faiz, “Rosneft” 50 faizə yaxın, “Polimetall” 40 faizdən çox, “Globaltrans” 39 faiz, “Yevraz” 19 faiz dəyər itirib. Bu, təkcə “Rosneft”in kapitalının 28 faiz və ya 12,5 milyard dollar azalması deməkdir.
Sanksiyaya məruz qalan “Sberbank”ın səhmləri 76 faiz ucuzlaşdıqdan sonra bu kağızlarla ticarət dayandırılıb.
“LUKoyl” şirkətinin kağızları 63 faiz, “Qazprom”un kağızları isə 57 faiz dəyərsizləşib.
Dünən səhərdən həmçinin Forex bazarında Rusiya rublunun dollar və avro qarşısında sürətli dəyərsizləşməsi başlayıb. Bloomberg xəbər verir ki, dollar 117 rubla, avro isə 132 rubla qədər bahalaşıb.
Rusiyanın özündə isə Mərkəzi Bank çöküşün qarşısını almaq üçün valyuta və repo birjalarının fəaliyyətə başlama vaxtını yerli vaxtla saat 10.00-a çəkib.
Səhər erkən toplaşan Rusiya Mərkəzi Bankı İdarə Heyəti uçot dərəcəsinin 20 faizə artırılmasına dair qərar qəbul edib. Axırıncı dəfə Rusiya MB uçot dərəcəsini fevralın 11-də 9,5 faizə qaldırmışdı.
Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi daxili valyuta bazarında ajiotajı azaltmaq üçün həmçinin ixracla məşğul olan bütün sahibkarlıq subyektlərinin satışdan əldə edilən xarici valyutanın 80 faizini dərhal daxili bazarda satışa çıxarmaları barədə qərar qəbul edib.
Rusiya hökuməti sanksiyalara neçə ay əvvəldən hazırlaşdığını bəyan etsə də, onların əhatə dairəsinin genişliyi və sərtliyi göstərir ki, vəziyyətdən ciddi itkilər vermədən çıxmaq mümkün olmayacaq. Məsələ burasındadır ki, bir çox analitiklər Rusiyanın əsas banklarının dönər valyutalara, SWIFT sisteminə çıxışının dayandırılmasından, valyuta ehtiyatlarına sanksiya tətbiq edilməsindən sonra yaranmış vəziyyətdən çıxmaq üçün Çinin yardımından bəhrələnəcəyini proqnozlaşdırırlar. Lakin Çinin iki ən böyük dövlət bankı -  ICBC və Bank China Rusiyaya qarşı sanksiyalara qoşulub. Onlar Rusiya şirkətlərinin ixrac-idxal əməliyyatlarına hesablaşmalar üçün akkreditiv verməkdən imtina ediblər. Buna baxmayaraq, Rusiyanın dollar əldə etmək üçün Çin banklarının xidmətlərindən yararlanması ehtimalı qalır. Eyni zamanda Rusiyanın Çinin öz daxilində bank əməliyyatlarını tənzimləyən sisteminə qoşulması variantı da irəli sürülür. Bu ehtimalları dəyərləndirən iqtisadçı-alim, ABŞ Şimali Amerika Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə, Çin üçün ərazi bütövlüyü ən vacib məsələlərdən biridir: “Tayvan məsələsini qeyd etmək bəsdir. Məsələyə bu prizmadan yanaşmaq lazımdır. İkincisi, Çin alternativ beynəlxalq maliyyə sistemi yaratmaq istəmir. Çünki təcrid olacağını bilir. Əksinə, indiki maliyyə sistemini öz lehinə istifadə etməyə çalışır. Digital yuan layihəsi üçün demədi özümə sistem qurum. Getdi SWIFT-ə dedi, gəlin birgə platforma quraq. Dedi, tək Çinlə olmaz, siz də digital valyuta sisteminə keçin. Yəni mövcud kanalların kranlarını və kanallarda axan pulu bəlkə idarə etməyə çalışar, nə vaxtsa, amma oradan çıxın gəlin mənim ayrı ”suvarma sistemimə" qoşulun deməz. Məntiqsiz və taktiki cəhətdən yanlışdır.
Üçüncüsü, Çin dünya ilə ticarət edir və bunu artırmağa çalışır. Bu bazarlarda Yaponiya, Cənubi Koreya kimi ölkələrin texnologiyası ilə də rəqabət aparır. Bazar payı önəmlidir. İndi durub Putinin kefinə, avantürasına görə özünü təcridə salacaq deyil. Avropaya da mesaj verəsi deyil, “hazır siz birləşmişkən, mən də sizdən özümü uzaqlaşdırım. Rusiya, Kuba, Venesuela, Kiribati, nə bilim Abxaziya, Luganskla özümə alternativ qurum.” Ağıl var, məntiq var".

Məlumdur ki, Qərb Rusiyanın valyuta ehtiyatlarına da sanksiya qoyub. Rusiyanın bu sanksiyalardan kənarda nə qədər valyuta ehtiyatı var? F.Hüseynli bildirir ki, Rusiyanın 2014-dən qabaq haradasa 500 milyard dollara yaxın beynəlxalq rezervləri var idi: “Krımın işğalından sonra haradasa 380 milyard səviyyəsinə düşdü. Ölkədəki iqtisadi böhrana istifadə elədilər. 2018-ci ildən bəri stratejik qərar verdilər. Rezervlərin tərkibində Amerika dövlət kağızlarının sayını azaltdılar (Türkiyə kimi). Yüz milyardlarla Amerika borc kağızlarını satdılar. Amma ümumən rezervlər artmağa davam edirdi, tərkibi dəyişirdi. Neftin-qazın qiyməti qalxdıqca çoxalırdı. İndilərdə 600 milyardı ötüb. Bu miqdar mənə hələ şübhəli gəlir, amma fərz edək ki, hamısı var.
Rusiyanın Ukraynaya hücum qabağı sığortası bu rezervlər idi. Düşünürdü ki, bu vəsaitlərə sanksiya qoyulmaz və onlardan istifadə edib iqtisadiyyatını qoruyar. 22 faizi qızılda, 15 faizi isə yuanda idi. Amma 30 faizi də euro və 16-20 faizi də dollarda.
Yəni yarısı sırf Qərb valyutasındadır və artıq sanksiya qoyulub. Bütün kanallarda axtarıb haradırsa oranı bağlayacaqlar. Qalır qızıl və yuan. Amma qızılı da necəsə valyutaya çevirməlisən. Rubla çevirmək olar, amma onu bazara salsa rublun qiyməti düşəcək və özü qiymət qoymalı olacaq qızıla. Yuan üçün də ancaq barter əməliyyatı ola bilər, başqa valyutaya keçə bilməz. Bəs dollar-avro ödəmələrinin vaxtı gələndə haradan alacaqlar?"
İqtisadçı-alimin fikrincə, hazırda rubl və Rusiya maliyyə sistemi üçün 90-lardaki vəziyyət yaranır: “Böyük ölkə üçün bunun miqyasını təsəvvür etmək belə çətindir. Rusiya Mərkəzi Bankının iki yolu var - rublda faizləri artırmaq və rublu sıxmaq, hansı ki, iqtisadiyyatı daha da çökdürəcək. Ya da əhali və biznesin xarici valyuta tələbini qarşılamayacaq. Valyuta kontrolu gəlməlidir. Bu da bəzi şirkətləri və bankları batırmağa bəs edəcək. Ümid edirəm Rusiya işğalı sonlandırar və zərəri yavaş-yavaş azaltmağa çalışar. İqtisadi ziyandan başqa minlərlə insanın ölümünün qarşısını almaq lazımdır”.
F.Hüseynlinin fikrincə, SWIFT-dən kənarlaşma olmasaydı belə, mövcud sanksiyalar Rusiyaya ciddi zərər vuracaqdı: “Burada əsas faktor budur - bütün dollarda olan müxbir hesablaşmalar gəlib Nyu Yorkdakı FED bankında qarşılaşdırılıb settle olur. Yəni örkən nə qədər uzun olsa da, gəlib keçər haradan? - Nyu Yorkdan. Hara gedirsən get, nağd (ayaqqabı qutularında məsələn) daşımırsansa sistemdə, gəlib keçməlidir Amerikadan. Deməli, sadəcə, kifayətdir ki, ad çəkəsən, filan banka sanksiya. Müxbir hesablaşmalar oturmayacaq o bankla işləyənlər üçün. Deyək ki, VTB bankı. Gündə neçə milyardlıq hesablaşmalar icra edir müxbir hesablaşmalarla. 80 faizi dollardadır. İndi artıq sanksiyadadır. Yəni pulu ötürən ”kanal" müxbir hesablardı SWIFT pulu ötürmür, sadəcə, mesajlaşmanı sürətləndirir və “kanaldakı” vəziyyəti banklara deyir. Bankların məsuliyyətidir ki, sanksiya olunmuş banklarla işləməsinlər"...
Natiq Cəfərli: “Məmurların heç biri indiyə qədər dövlətə vergi ödəməyib”
Natiq Cəfərli 
İqtisadçı-ekspert Natiq Cəfərli Rusiya üçün ən ciddi təsirin SWIFT-dən kənarlaşma və valyuta ehtiyatlarına qoyulan sanksiyalardan gələcəyi qənaətindədir: “SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) sistem nədir və nə üçün vacibdir? Dünyanın 200 ölkəsi və 11 min bankı bu sistemə qoşulub, istənilən transaksiyaların, köçürmələrin anında tez və təhlükəsiz həyata keçməsi üçün SWIFT sistem çox önəmlidir. SWIFT Belçika şirkəti olsa da, onun əməliyyat mərkəzləri Belçikada, İsveçrədə və ABŞ-da yerləşir. Hər bir bankın öz unikal kodu var, o kod ”açar" rolunu oynayır, ona görə də transaksiyalar tez və təhlükəsiz həyata keçirilir. SWIFT vasitəsilə hər gün dünyada 42 milyon transaksiya həyata keçirilir, təqribən 4 trilyon dollarlıq əməliyyat olur. Əməliyyat sayının az olması (bəli, günə 42 milyon əməliyyat çox deyil) onunla izah olunur ki, gün ərzində eyni unikal kod vasitəsi ilə birdəfəyə yüzlərlə əməliyyat həyata keçirmək mümkündür.
SWIFT sistem vasitəsilə əməliyyat sayına görə Rusiya ABŞ-dan sonra dünyada ikinci yerdədir, köçürülən vəsaitin həcminə görə isə dünyada 12-ci yeri tutur. Çinin öz “SWIFT”i olduğu üçün daxili əməliyyatların tamamına yaxını alternativ sistem vasitəsilə həyata keçirilir. 2014-cü ildə Rusiya daxili pulköçürmə sistemini yaratmağa başladı, bank kartı olan “MİR” yaradıldı, daxildə işləyir, amma burada əsas məqam budur ki, “MİR”lə ödənişlər qəbul edən bankların hamısı da beynəlxalq sistemin bir parçasıdır. Yəni bankların tamamının SWIFT-dən qoparılması “MİR” vasitəsilə əməliyyatları da ləngidəcək. Bəzən əməliyyatlar günlər ala bilər ki, bu da bank kartı anlayışını mənasız edir, deməli, Rusiya nəğdləşməyə geri dönəcək".
Ekspertin firkincə, Mərkəzi Bankın aktivləri ilə bağlı sanksiyalar Rusiya iqtisadiyyatının “boğulmasına” səbəb ola bilər: “Sanksiyalar daha da sərtləşərək davam etdirilib, heç olmasa cəmi 1-2 il tam həcmdə qüvvədə qalsa, bu, Rusiya üçün, ən azı 30 il geriyə düşmək, əhalinin kəskin kasıblaması demək olacaq. Amma soyuq başla, emosiyasız baxsaq, Rusiya çıxış yollarını da arayacaq, çox güman, əsasən Qazaxıstan bank sistemi vasitəsilə tranzaksiyaların dolayı bərpasına nail olmağa çalışacaq (yanvarda Qazaxıstanı diz üstə qoymağının səbəblərindən biri də buna hazırlıq idi), və ya Çinə daha çox möhtac olacaq, Çindən yardım gözləyəcək”.
Onu da qeyd edək ki, Rusiya sanksiyalara qarşı əks-addımlar atmağa başlayıb. Belə ki, Rusiya Mərkəzi Bankının qərarına əsasən dünəndən etibarən xarici subyektlər əllərində tutduqları Rusiya qiymətli kağızlarını (istiqaraz, səhm və s.) sata bilməyəcəklər. Bankın bütün broker şirkətlərinə əcnəbilərin müraciətinə əsasən onların sərəncamındakı qiymətli kağızların satışını həyata keçirməyi qadağan edib.
Xaricilərin əlində nə qədər rus mənşəli qiymətli kağız olduğu barədə MB açıqlama verməyib.
Rövşən Ağayev: “...Hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə  bilər”
 Rövşən Ağayev
İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, bankın 2021-ci ilin oktyabrına ölkənin Beynəlxalq İnvestisiya Mövqeyinə dair ən son məlumatında bu haqda bilgi var: “Həmin məlumata görə, xaricilərin Rusiya portfel investisiya yatırımlarının həcmi 300 milyard dollardan çoxdur. Həmin məbləğin 70 milyard dollardan çox hissəsi hökumətin istiqrazlarına, 220 milyard dollara yaxını isə səhmlərə yatırımlardır.  Yeri gəlmişkən, həmin mənbəyə görə, əcnəbilərin Rusiya maliyyə sistemində 70 milyard dollara yaxın da depozitləri mövcuddur”.
Dünya SAKİT,
“Yeni Müsavat”
Oxşar xəbərlər