Kəlbəcər azad edildi, amma Söyüdlü (Zod) qızıl yatağı…

  • 28 noy 2020, 21:10
Azərbaycanın noyabrın 25-də 27 illik işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində çox sayda filiz yatağı var. Bu yazıda onlardan birindən, Söyüdlü (Ermənistanda adı “Zod” və ya “Sot”) yatağından bəhs edəcəyik.
Azərbaycanın rəsmi araşdırmalarına görə, onun ehtiyatlarının təqribən 112 tonu qızılın payına düşür. Ekspertlərin fikrincə, filizdə qızıl tərkibi isə çox yüksəkdir – bir tonda 7.3 qram. Bu, “Anglo Asian Mining”in (AAM) qiymətləndirməsinə görə, Cənubi Qafqaz regionunda ən yüksək göstəricilərdən biridir.

Yatağın tarixi…

Yataq 1951-ci ildə Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonunun sərhədində kəşf edilib. Onun böyük hissəsinin (qızıl ehtiyatlarının 75 faizi və ya 25 qızıl quyusundan 17-si) Azərbaycan ərazisinə düşdüyü bildirilir. Amma SSRİ Geologiya Nazirliyinin əmri ilə yatağın idarəetməsi Ermənistanın geologiya idarəsinə verilib. Yatağın sənaye istismarına 1976-cı ildən başlandığı,1990-cı illərin əvvəlinə qədər ondan 27.6 ton qızıl çıxarıldığı qeyd edilir.
1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu yataqda işlər dayandırılıb. Bununla belə, 1997-ci il avqustun 20-də Azərbaycan hökuməti onu “RV Investment” şirkəti ilə imzaladığı ilk uzunmüddətli beynəlxalq qızıl müqaviləsinə daxil edib. Amma Ermənistanın 1992-ci ildə Kəlbəcər rayonunu işğal etməsi ilə əlaqədar həmin şirkətin bu yatağa çıxışı olmayıb.
“Azərbaycan hökuməti və AAM lazımı vaxtda 1997-ci il tarixli məhsul bölgüsü haqqında sazişə (PSA) daxil edilmiş və Azərbaycanın hazırda çıxışı olan rayonlarında yerləşən müqavilə sahələri ilə bağlı planları haqqında bazarı məlumatlandıracaq”, – “Anglo Asian Mining” şirkətinin noyabrın 24-də yaydığı məlumatda bildirilir.
“RV Investment”lə sazişə (PSA) Zəngilan rayonunda Veynəli və Ağdərə rayonunda Qızılbulaq yataqları da daxil edilib. Amma məhz Söyüdlü ən dəyərli yataqlardan biri hesab olunur. Ekspertlərin fikrincə, ondakı qızılın aşqarı azdır, onun təmizlənməsi (affinaj) prosesi daha asandır və böyük maliyyə xərci tələb etmir. İndiyədək Kəlbəcər rayonundakı hissə Rusiyanın “GeoProMining” şirkətinin nəzarəti altında idi.

Son günlər yaşananlar…

Rusiya kütləvi informasiya vasitələrində (KİV) noyabrın 27-də yayılan məlumata görə, Ermənistanın Azərbaycanın nəzarəti altına keçən Kəlbəcər rayonu ilə dövlət sərhədi Söyüdlü (Zod) yatağını iki hissəyə bölüb.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçataryan isə jurnalistlərə bunları bildirib: “”GeoProMining” əvvəlcədən təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görüb, yolda buraxılış məntəqəsi yerləşdirilib, Azərbaycan hərbiçilərinə isə bunun Rusiyaya məxsus obyekt olduğu barədə xəbərdarlıq edilib”
Noyabrın 26-da sosial şəbəkədə Azərbaycan hərbiçilərinin bu qızıl yatağının ərazisinə daxil olduğunu əks etdirən video yayılıb.ataq nə vaxt AAM-in balansına veriləcək?
Noyabrın 26-da axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan və Azərbaycanın nəzarəti altına alınmış Kəlbəcər rayonu arasında sərhədin demarkasiyası (döyüşən dövlətlərin qoşunlarını sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt) həyata keçirilir və işlərin bir hissəsi qızıl yatağı zonasından keçir.
“Turan” agentliyi bu deyilənlərə münasibət öyrənmək məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib, amma oradan, hələlik, şərh almaq mümkün olmayıb.
Ekspertlərin fikrincə isə, demarkasiya prosesi vaxt tələb edir, hələlik, Söyüdlü yatağının nə vaxt AAM-in balansına veriləcəyini demək çətindir.

Nazirlik: “Qızıl mədənin 74 faizi Azərbaycanın ərazisinə düşür”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev isə “Turan” agentliyinə bildirib ki, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə Söyüdlü qızıl mədəninin 74 faizi Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalacaq.
“Bu yataqda aşqar azdır, qızıl tərkibi çoxdur. Onu istismar etmək asandır. Qafqazda ən böyük yataq olan bu yatağın tərkibində qızıl az olan hissəsi Ermənistanda yerləşir. Bunu bilən erməni biznesmenlər Kəlbəcər rayonunun işğalından istifadə ediblər və intensiv olaraq məhz Azərbaycanın zəngin hissəsində, böyük sahədə işləyiblər, bizim zonadan mümkün qədər çox filiz çıxarmağa çalışıblar.”

“Ziyanın qiymətləndirilməsinə başlayacağıq”

Bununla belə o əminliklə bildirib ki, 27 illik işğaldan və mənimsəmədən sonra da Söyüdlü yatağı boş deyil.
“Biz yaxın aylarda bu zonanın monitorinqinə, ziyanın qiymətləndirilməsinə başlayacağıq”.
Onun sözlərinə görə, Kəlbəcər rayonunda bu yatağın istismarı perspektivlərinin müəyyən texnoloji və digər spesifik məqamları var, onlar haqqında danışmaq hələ tezdir, amma bu məsələ ilə bağlı nikbinlik var:
“Bizim son illər bu yataqda operator olan Rusiya şirkəti ilə əlaqəmiz olmayıb. Noyabrın 25-dən etibarən Azərbaycan yatağın əsas hissəsi üzərində hüquqlarını özünə qaytarır”.
Əli Əliyevin sözlərinə görə, noyabrın 27-də nazirlikdə digər qızıl yatağı – Azərbaycanın Zəngilan rayonunda yerləşən Vejnəli ilə bağlı müzakirələr aparılıb:
“Biz onunla bağlı bütün məsələləri qaldırmışıq və artıq yaxın günlərdə onun vəziyyətinin monitorinqinə və qiymətləndirilməsinə başlayacağıq”.
Ağdərə (Tərtər rayonunun ərazisi) yaxınlığındakı “Qızılbulaq” yatağına gəlincə, nazirlik nümayəndəsinin sözlərinə görə, Tərtər rayonunun qalan hissəsi azad edildikdən sonra o da Azərbaycanın yurisdiksiyasına düşəcək:
“Bu üç yataq – Söyüdlü, Vejnəli və Qızılbulaq 1997-ci ilin avqustunda RV İnvestment-lə imzalanmış PSA müqaviləsinə daxildir.
Biz özümüz ilkin monitorinq və qiymətləndirmə apardıqdan sonra bu şirkətin mütəxəssislərini bu yataqların vəziyyətinin qiymətləndirilməsinə cəlb edəcəyik.”

Vejnəli yatağı

Bir müddət öncə Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan burada yerləşən Veynəli yatağını nəzarətə götürüb
Deputat Vüqar Bayramovun sözlərinə görə, tərkibində qızıl olan bu yataq kvars-qızıl-sulfid tərkibli geoloji-sənaye tipli quyulara aiddir: “Yataqda 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C + C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb”.
O deyib ki, Vejəli yatağı 1959-1962-ci illərdə kəşf edilib, 1984-cü ildə Azərbaycanın mineral resurslar balansına daxil edilib. “Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183000 ton, qızıl 2.169 ton. C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4.347 ton. C1 kateqoriyasına aid gümüş – 0.19 ton, C2 kateqoriyasına aid gümüş – 9.9 ton…”, – V. Bayramov AZƏRTAC– a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan biznesmenləri və onların bir sıra xarici tərəfdaşları faktiki olaraq 1992-2020-ci illərdə Azərbaycanın işğal olunmuş ərazilərindəki filiz yataqlarını qanunsuz olaraq talan ediblər.
Oxşar xəbərlər