Çin şirkətləri ABŞ birjalarından çıxmağa başlayır

  • 29 may 2020, 23:47
Çinin texnologiya nəhəngi “NetEase” səhmlərinin ABŞ birjalarında dövriyyəsini dayandırmağa hazırlaşır.CNBC-nin məlumatına görə, şirkət səhmlərini ikinci əl yerləşdirilməsi yolu ilə Honqkonq birjasına çıxarmaq planlarını açıqlayıb.
Bu, Çinlə ABŞ arasında münasibətlərin gərginləşməsi fonunda Çin şirkətlərinin ABŞ bazarından çıxmağa hazırlaşması kimi qiymətləndirilir. “NetEase”nin baş direktoru Uilyam Dinq səhmdarlara göndərdiyi məktubda qeyd edib ki, şirkət öz köklərinə qayıtmaq niyyətindədir. Cəlb olunacaq kapitalın həcmi, yeni listinqin müddəti açıqlanmır. Yerləşdirmənin sponsorları Çinin CICC, İsveçrənin “Credit Suisse” və ABŞ-ın J.P. Morgan banklarıdır.
Qeyd edək ki, ABŞ Senatı ölkə birjalarında dövr edən, lakin şəffaflığa dair mövcud qanunlara əməl etməyən şirkətlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul edib. Ekspertlər bu qanunun bilavasitə Çin şirkətlərinə qarşı yönəldiyi qənaətindədirlər. Belə ki, məhz bu ölkəyə məxsus şirkətlər şəffaflıqla bağlı tələblərdən yayınırlar. Layihəyə əsasən 3 il ərzində ABŞ Qiymətli Kağızlar Komissiyasına öz sənədlərinə çıxış imkanı yaratmaqdan 3 dəfə imtina edən şirkətlərin birjalarda dövriyyə hüququndan məhrum olunacaqlar.
Hazırda ABŞ birjalarında 150-dən yuxarı Çin şirkətinin səhmləri dövr edir. Onların ümumi dəyəri 1,2 trilyon dollardan yuxarıdır. Mənbələr NASDAQ birjasının Çindən olan müştərilərin 30 faizinə qədərinin birjalarda yerləşmədə iştirakını dayandıracaq yeni məhdudiyyətlər hazırlayır.
Oxşar xəbərlər