ABŞ-da 97 texnoloji şirkət prezidentə qarşı çıxdı

  • 06 fev 2017, 18:30

"Apple”, "Facebook”, "Google”, "Microsoft”, "Netflix”, "Twitter”, "Uber” başda olmaqla, ABŞ-ın iri texnoloji şirkətləri prezident Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasına dair qərarının araşdırıldığı apellyasiya məhkəməsinə ekspert rəyi təqdim edib.

 

İKT.lent.az-ın  The Washington Post”a istinadən verdiyi məlumata görə, ekspert rəyini ümumilikdə 97 şirkət imzalayıb.

 

Rəydə bildirilir ki, prezidentin fərmanı diskriminasiya xarakteri daşıyır: "Fərman ona gətirib çıxaracaq ki, Amerika şirkətlərinin dünyadakı ən yaxşı mütəxəssisləri cəlb etməsi çətinləşəcək və bahalı hala gələcək. Bu, şirkətlərin istedadları, biznesi və investisiyaları ABŞ-a cəlb etmək imkanlarını təhlükə altında qoyur”.   

 

Rəydə deyilir ki, miqrasiya və iqtisadi inkişaf bir-birinə sıx bağlıdır. Belə ki, miqrantlar və ya onların övladları ABŞ-da "Fortune 500” siyahısındakı 200-dən çox şirkətin, o cümlədən "Apple”, "Kraft”, "Ford”, "General Electric”, AT&T, "Google”, "McDonald’s”, "Boeing” və "Disney”in yaradıcılarıdır. Sənəddə miqrantların və qaçqınların ailələrindən çıxmış amerikalı Nobel mükafatçılarının, tanınmış yazıçıların, alimlərin adları da sadalanır. Müəlliflər fərmanın biznes və əməkdaşlar üçün problem yaratdığını və qanunsuz olduğunu bildiriblər.

 

Xatırladaq ki, fevralın 4-də Siettl şəhərinin federal hakimi prezidentin fərmanının bütün ölkə ərazisində icrasının dayandırılması barədə qərar çıxarıb. ABŞ Ədliyyə Nazirliyi bu qərarın ləğvi üçün apellyasiya instansiyasına üz tutub. Lakin apellyasiya məhkəməsi bu tələbi rədd edib.

Oxşar xəbərlər