Çin qarşısıalınmaz qüvvə və təhlükədirmi?

  • 07 okt 2019, 08:53

Politoloq: "Çində iqtisadi geriləmə ABŞ-ın ona qarşı hərəkətə keçməsindən əvvəl başlayıb”

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Çinin qarşısını almaq mümkün deyil. Soçidə keçirilən Valday Beynəlxalq Diskussiya Klubundak1ı çıxışında bu mövzuya toxunan Rusiya Kreml rəhbəri bildirib ki, Çinə mane olmağa çalışan yalnız özünə zərər verəcək: "Hər kimsə ona qarşı çıxsa, bu, destruktiv və zərərli olacaq”.

Putinin mesajı kimə yönəlib? Çinin qarşısıalınmaz qüvvəyə çevrilməsi fikri nə qədər realdır? Azərbaycanın Çinlə münasibətləri hansı səviyyədədir? Onların genişləndirilməsi Azərbaycan üçün hansı dividendlər  gətirə bilər?

Bu və digər suallarımıza politoloq Şahin Cəfərlidən cavab aldıq. Onun fikrincə, Putin o mənada haqlıdır ki, ABŞ Çinin inkişafının və beynəlxalq nüfuzunun artmasının qarşısını almaqda xeyli gecikib: "Qırx il əvvəl - Den Syaopin dövründə Çin dünyaya açıldıqdan və Nikson dövründə Vaşinqton bu ölkə ilə münasibətlərin inkişafına qərar verdikdən sonra Çinin inkişafında ABŞ-ın mühüm rolu olub. Əvvəl ABŞ-ın əsas məqsədi bu idi ki, Çin kommunizminin sovet kommunizmi ilə vəhdətini, bu iki nəhəng dövlətin müttəfiq olmasını, güclərini Qərbə qarşı birləşdirməsini əngəlləsin. Bu məqsədə nail olundu və SSRİ təkləndi. Sonralar isə ABŞ-da belə hesab edirdilər ki, Çin özünütəcriddən çıxıb, Qərblə yaxınlaşaraq bazar iqtisadiyyatına keçərsə və iqtisadi inkişafa nail olarsa, tədricən bu ölkənin siyasi transformasiyası da baş verə bilər. Yəni Çində sistemin yumşalması, demokratikləşməsi və bu ölkənin Qərbin dostuna çevrilməsi mümkün sayılırdı. Bu səbəblə, Çinin Qərbdən iqtisadi və texnoloji baxımdan dəhşətli geriliyini aradan qaldırmaq üçün hər yolu mübah saymasına və oyun qaydalarını pozmasına xeyli müddət göz yumuldu”.

Ş.Cəfərli bildirir ki,  Çinin texnoloji tərəqqiyə nail olmasında əvvəlcə casusluq (insan faktoru ilə), internet texnologiyaları və rəqəmsallaşmanın geniş yayılmasından  sonra isə haker hücumları vasitəsilə Qərbin texnoloji sirlərini oğurlaması, eləcə də Qərb və Yaponiya şirkətlərinin ölkədə faəliyyətinə icazə verməyin müqabilində onların öz texnologiyalarını və patentlərini yerli ortaqla (əslində Çin dövləti ilə) bölüşməsi şərtini irəli sürməsinin önəmli rol oynadığı inkarolunmaz həqiqətdir: "Bundan başqa, Çin öz şirkətlərinə ixrac subsidiyaları ayırmaq və digər addımlarla onlar üçün haqsız rəqabət mühiti yaradıb, nəticədə çinlilər Qərb bazarında ucuz və keyfiyyətli mal təklif edərək yerli şirkətləri sıxışdırıblar. Çin vaxtaşırı valyuta manipulyasiyaları həyata keçirərək yuanı dollar qarşısında ucuzlaşdırmaqla da öz ixracını stimullaşdırmaq metodundan yararlanıb. Çinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun gəlməməsinə və dövlət kapitalizmi bərqərar etməsinə baxmayaraq, ABŞ onun Dünya Ticarət Təşkilatına üzvlüyünə dəstək verib. Bütün bunların nəticəsində və əlbəttə ki, özünün nəhəng potensialını hərəkətə keçirməsi sayəsində Çin sürətlə inkişaf edib, ABŞ-ın böyük şirkətləri isə ucuz işçi qüvvəsi, aşağı vergilər, aşağı ekoloji standartlar və digər səbəblərdən istehsalı bu ölkəyə köçürüblər, nəticədə ABŞ-da bir çox sənaye müəssisələri bağlanıb, işsizlik və sosial gərginlik yaranıb”.

Çinin inkişafına dəstək verən Amerika nəzərdən qaçırmışdı ki, Çin Xalq Respublikası gənc dövlət olsa da, Çin zəngin mədəniyyətə və tarixi ənənələrə malik qədim sivilizasiyadır: "Çin uzun illər tarixi-fəlsəfi mirasından irəli gələn strateji təmkin siyasətinə üstünlük verərək öz ambisiyalarını ustalıqla gizlətməyə nail olub. 1"36 stratagema” (savaş hiyləsi) adlanan 3 min illik qədim Çin traktatı var, orada bildirilir ki, öz məqsədlərinə nail olmaq və düşmən qarşısında üstünlük qazanmaq üçün görünməyən, nəzərə çarpmayan taktiki gedişlərdən səbirlə, ardıcıl şəkildə istifadə etməlisən. Məşhur Çin mütəfəkkiri və strateqi Sun Tszı da "Savaş sənəti” traktatında bənzər metodları qeyd edib. S.Tszı düşmənlə açıq döyüşə girmədən ona qarşı üstünlük qurmağı məsləhət görür, "Böyük qüvvə ilə toqquşmadan qaçmaq qorxaqlıq yox, mürdiklikdir” deyir. Den Syaopin də buna uyğun olaraq məsləhət görmüşdü ki, öz gücümüzü gizlədək və əlverişli məqamı gözləyək. Lakin Si Tzsinpin hakimiyyətə gəldikdən sonra yavaş-yavaş bu strategiyadan kənara çıxmağa başladı. Yəqin ki, yoldaş Si sələfi D.Syaopinin dediyi əlverişli məqamın yetişdiyini və Qərb sivilizasiyasının tənəzzül mərhələsinə daxil olduğunu düşünür. Onun 2013-cü ildə irəli sürdüyü "Bir yol, bir kəmər” qlobal infrastruktur proyekti iqtisadi mahiyyətli olsa da, əslində geosiyası maraqlara xidmət edir. ABŞ-ın gec də olsa ayılıb Çinə qarşı tədbir görməyə başlamasında bu layihənin də rolu olduğu şübhəsizdir".

Amma Çində də vəziyyət ürəkaçan deyil

Politoloqun sözlərinə görə, hazırda ABŞ-ın səyləri ona yönəlib ki, Çinin yüksək texnologiyalar sahəsində liderliyinə imkan verməsin: "Çünki müasir texnologiyalar, süni zəka iqtisadi tərəqqinin əsas drayverinə çevrilməkdədir. ABŞ eyni zamanda öz korporasiyalarını Çindən çıxmağa sövq etməklə onların Çin şirkətləri ilə istehsalat əlaqələri zəncirini qırmağa çalışır. Hazırda ABŞ Çin malları üçün əsas istehlak bazarıdır və iki ölkə arasındakı qarşılıqlı ticarətdə Çinin xeyrinə 400 milyard dollara yaxın müsbət saldo var. Çin üçün Amerika bazarının alternativi hələlik yoxdur. Bu səbəblə Çin daxilində belə fikirlər səslənir ki, biz deyəsən, öz niyyətlərimizi büruzə verməkdə tələsmişik. Artıq Çin iqtisadiyyatının artım tempi aşağı düşməyə başlayıb və bunun  səbəblərindən  biri də Amerikanın yeni siyasəti və öz mili təhlükəsizlik strategiyasında Çini strateji rəqib elan etməsidir. 2018-si ilin yekunlarına əsasən Çində Ümumi Daxili Məhsulun artımı 6,6 faiz təşkil edib ki, bu, 1990-cı ildən bəri ən aşağı göstəricidir. 2019-ci ilin ilk 6 ayında isə artım 6,3 faiz təşkil edib. Müqayisə üçün qeyd edim ki, 2007-ci ildə Çində ÜDM artımı 14,2 faiz olmuşdu. İnvestisiyaların artımı da zəifləyir. Məsələn, 2011-ci ildə bu sahədə 31,8 faiz artım olmuşdusa, 2017-ci ildə bu rəqəm 7,2 faizə geriləyib. Bu rəqəmlər geriləmə trendinin ABŞ-ın Çinə qarşı yeni strategiyasından əvvəl başladığını göstərir. Ona görə də Qərb siyasi və akademik çevrələrində Çindəki siyasi sistemin iqtisadi tərəqqini tormozladığı və totalitar rejimin mövcud inkişaf səviyyəsindən daha artığına qadir olmadığı yönündə fikirlər yayılır. Daron Acemoğlu və Ceyms Robinsonun məşhur ”Millətlər niyə tənəzzül edir" kitabında da bu modelin (ekstraktiv) dayanıqlı olmadığı və böyük ehtimalla tənəzzülə səbəb olacağı bildirilir. Si Tszinpin dövründə Kommunist Partiyasının bütün sahələrdə, o cümlədən özəl sektorda ağırlığı daha da artıb, dövlətin iqtisadiyyat üzərində var olan nəzarəti daha da güclənib. Yoldaş Si şəxsiyyətə pərəstiş ənənəsini də dirçəldib, Konstitusiyanı dəyişdirərək özünün müddətsiz hakimiyyətinin önünü açıb və öz adını Konstitusiyaya daxil edib".

Ş.Cəfərli hesab edir ki, ABŞ-Çin ticarət müharibəsi bütün dünyanın, o cümlədən Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərir: "Çin və dünya iqtisadiyyatının inkişafındakı yavaşlama o deməkdir ki, xammala tələbat azalır, bu isə öz növbəsində xammalın ucuzlaşmasına səbəb olur. Rusiyanın əsas ixrac məhsulları isə xammaldır: neft, qaz və metallurgiya. Ona görə də Moskva ticarət müharibəsinin dərinləşməsində maraqlı deyil. Amma digər tərəfdən, Putin həm də Amerikaya mesaj verir ki, Vaşinqtonun indiki siyasəti Moskvanı Pekinlə yaxınlaşmağa məcbur edir və bu iki nəhəng dövlətin güclərini birləşdirməsi Qərb üçün yaxşı nəticələr verməz. Təsadüfi deyil ki, Avropa Birliyi bunu başa düşüb və Rusiya ilə yaxınlaşma kursu seçib. Əslində Tramp da bunu bilir və iqtidara gəldiyi gündən Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışır, lakin ABŞ Konqresi və dövlət aparatı buna mane olur, onlar Putin rejimini cəzalandırmağın tərəfdarıdır”.

Azərbaycan-Çin münasibətlərindən nə gözləmək olar?

Qeyd edək ki, Azərbaycan son illərdə Çinlə iqtisadi-siyasi əlaqələri genişləndirməyə can atır. Öz ərazisində tranzit-logistik hab yaratmaqda olan Bakının bu habın aktiv işləməsində əsas gözləntisi Çindən Avropaya və əksinə daşınan yüklərin öz ərazisindən keçən marşruta cəlb olunmasıdır. Azərbaycan hökuməti Ələtdə yaratdığı Beynəlxalq Dəniz Limanı, formalaşdırılmaqda olan Azad İqtisadi Zona kimi proyektlərinin inkişafını məhz Çin məhsullarının daşınma həcminin artırılmasında görür. Bunun üçün Azərbaycan Çinin "Bir kəmər, bir yol” layihəsi çərçivəsində tətbiq olunan güzəştlərdən yararlanmaq istəyir. Bundan başqa, son vaxtlar Çin investisiyalarının ölkə iqtisadiyyatına cəlbi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çin bazarında tanıdılması istiqamətində də addımlar atılmaqdadır.

Ş.Cəfərli bildirir ki,  ölkəmiz "Bir kəmər, bir yol” strategiyası çərçivəsində bölgədə Çinin tərəfdaşlarından biridir: "Amma hələlik iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox aşağıdır. Məsələn, 2018-ci ildə qarşılıqlı ticarət həcmi cəmi 1,3 milyard dollar təşkil edib. Üstəlik, Azərbaycan Çinə 1,7 milyard dollar investisiya yatırdığı halda, nəhəng Çinin bizim ölkəmizdəki sərmayəsinin həcmi komikdir - cəmi 800 milyon dollar. Siyasi əlaqələr normaldır və inkişaf edir, amma Çinin Ermənistanla da yaxşı münasibətləri var. Çin dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyir, bu baxımdan Bakı ilə Pekinin mövqeləri üst-üstə düşür. Amma bununla yanaşı, Çin Qarabağ məsələsində tərəfsiz mövqe sərgiləməyə üstünlük verir və bu məsələyə müdaxilə etmir. Yaxın gələcəkdə Çinin mövqeyində radikal dəyişiklik olacağına şübhə edirəm”.

"Yeni Müsavat”

Oxşar xəbərlər