Putin hakimiyyətini itirir? - ŞƏRH

  • 17 avq 2019, 21:41

Elxan Şahinoğlu: "Kreml sahibinin vəziyyəti ürəkaçan deyil”

Məhəmməd Əsədullazadə: "2024-cü ilə kimi Rusiyanın zəifləməsi prosesi gedəcək”

Bildiyiniz kimi, Rusiyada ötən 2 həftə ərzində arda-arda izdidhamlı etiraz mitniqlər keçirildi, 2 mindən çox adam həbs olundu. Buna görə də Moskva rəhbərliyi müxalifətin avqustun 17-də keçirilməsi istənilən yürüşə icazə vermədi. Həmçinin son 2 həftə ərzində 2 hərbi hissədə partlayış baş verdi və partlayışların hansı səbəbdən yaşandığı açıqlanmadı. Eyni zamanda Sibirdə də meşələr yanır. Butun bu səbəblərə görə Putin hətta Soçi görüşünü təxirə saldı. Göründüyü kimi, Rusiyada ciddi proseslər baş verir və Putin hakimiyyəti üçün təhlükə yaranıb.

"Bunlar Putin üçün böyük baş ağrısı yaradır”

Rusiyada baş verən prosesləri şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Hürriyyət”ə dedi ki, Kreml sahibinin vəziyyəti ürəkaçan deyil: "Sibirdə yanğınlar baş verir. Onları hələ tam söndürə bilməyiblər, prtlayışlar baş verdi. Hətta belə fikirlər səsləndi ki, partlayışlar Çernobılla müqayisə oluna bilər. Çünki sızıntı var. Üstəlik də Moskvada sistemdən kənar müxalifət ard-arda izdihamlı mitinqlər keçirir. Bunlar Putin üçün böyük baş ağrısı yaradır. Çünki Putin öyrəşmişdi ki, 20 ildə onun bir "əldəqayırma müxalifət”i, yəni kommunistlər və liberal demokratlar var, bu müxalifət parlamentdə təmsil olunur, ona ayrı müxalifət lazım deyil və beləcə istədiyi siyasəti yürüdə bilir. Amma indi artıq gənc nəsil oyun qaydalarını qəbul etmir və ona qarşı ciddi müqavimətə başlayıb. Mənim diqqətimi çəkdi, hətta bir gənc mitinqdə şüar qaldırmışdı ki, "Putin hakimiyyətdə olanda doğuldum, Putin hakimyyətdədir, 18 yaşım var. Yəqin öləndə də hələ Putin hakimiyyətdə olacaq”. Yəni bu 20 illik hakimiyyət camaatda narazılıq yaradıb. Artıq Putinin reytinqi düşməyə başlayıb. Keçirilən sorğular göstərir ki, reytinqi düşüb. Bir neçə il əvvəl Krımı ilhaq edəndə bir az reytinqi qalxmışdı. Artıq üstündən 5 il keçib, insanlar Krımı da unudub və real həyatda dəyişikliklər istəyirlər. İqtisadiyyatda vəziyət ağırdı, infliyasiya var. Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına çox ciddi təsir etməyə başlayıb. Amma deməzdim ki, Putin artıq hakimiyyətini itirir və ya itirmək üzrədir. Məsələni belə qoyardım ki, Putinin problemləri artıb. O problemləri necə həll edəcək. Bunu indidən söyləmək çətindir”.

"Bu mitinqlər Putinin bütün planlarını pozur”

E. Şahinoğlu vurğuladı ki, baş verənlər Rusiyanın gələcəyi ilə bağlı ciddi sualları ortaya qoyur: "Bəlkə də Putin öz varisini gətirəcək. Çünki 2024-cü ildə artıq prezidentliyə namizəd olmayacaq. Özü də bunun işartılarını verir. Konstitusiyanı da dəyişməyəcək. Əlbəttə, istəyəcək öz varisi olsun və yaxud istəyə bilər ki, Qazaxstanda olduğu, yəni Nursultan Nazarbayev kimi hakimiyyətdən getsə də, bir lider olaraq hakimiyyətə kənardan nəzarət edə. Bəlkə belə bir statusu özü üçün formalaşdırdı.

İkinci bir yol Ermənistanda olduğu kimi prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçsin. Özü güclü bir baş nazir olsun. Ermənistanda belə düşünülürdü, amma tərsi baş verdi. Sərkisyan özü üçün hakimiyyəti gücləndirdi, amma məcbur qalıb hakimiyyəti Paşinyana verdi, devrildi. Ona görə, Putin belə planlar çıza bilər. Amma indi bu mitinqlər onun bütün planlarını pozur. Moskva Rusiyanın paytxatıdır. Moskvada liberal əhval-ruhiyyə çox güclüdür. Bu təzyiqlər artdıqca Putin yəqin ki, planlarına yenidən göz gəzdirmək məcburiyyətində qala bilər”.

"Rusiyada dəyişikliklər olacaqsa, bu, bizim maraqlarımıza xidmət edə bilər”

Şahinoğlu Rusiyada baş verən proseslərin Azərbaycana birbaşa təsiri olacağını düşünmür: "Sadəcə, Rusiyanın xarici siyasəti bizdə hər zaman suallar yaradır. Ən başlıca sual da Rusiyanın işğalçı Ermənistana verdiyi dəstəkdir. Əlbəttə, biz istəmərik ki, Rusiyada çox böyük dağıdıcı proseslər olsun. Çünki Şimali Qafqaz Rusiyanın nəzarətindən çıxsa, orada elə proseslər cərəyan edə bilər ki, bizə də mənfi təsirləri olar. Buna baxmayaraq, biz istəyərdik ki, Rusiyanın xarici siyasəti korrektə olunsun, bizə təzyiq etməsinlər, Ermənistanın işğalçı siyasətini dəstəkləməsinlər. Bu mənada əgər Rusiyada belə bir dəyişikliklər olacaqsa, əlbəttə, bu, bizim müəyyən qədər maraqlarımıza xidmət edə bilər”.

"Kreml çox ciddi narahatdır”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə nəzərə çatdırdı ki, senytabrda Moskva şəhər dumasına keçiriləcək seçkilərdə müxalifətin namizədlərinin qeydə alınmaması Moskada geniş etirazlara səbəb oldu: "Hazırda bu etirazlar fonunda Kreml çox ciddi narahatdır və Putin dilemma qarşısnda qalıb ya müxalifəti seçkiyə buraxacaq, idarə olunmayan müxalifətlə hesablaşacaq və müxalifətin güclənməsinə gətirəcək, ya da sərt repressiyalara əl atıb, yenə də öz siyasi nüfuzunu Rusiya miqyasında zəiflədəcək. Hazırda həm daxildə, həm də xaricdə baş verən proseslər demək olar ki, Putinin siyasətinin əleyhinə işləyir. İdarə olunmayan, yeni nəsil formalaşan müxalifət 20 illik Putin sisteminin getməsinə çalışır. Məhz burada onlara xarici dəstəyin də verilməsini mən istisna etmirəm. Burada Qərb də xüsusi rol oyanayır. Çünki 2024-cü ildə Putinin vaxtı bitir və onun ikinci dönəm prezident seçilməsi Konstitusiyaya görə qadağandır. Təbii ki, baş verənlər, etiraz mitinqləri 2024-cü ilə hesablanıb. Çünki Navalnın rəhbərliyi ilə keçirilən bu mitinqlərə Qərbin dəstəyini istisna etmirəm. Ona görə ki, 2024- cü ildən sonra Qərb hesablayır ki, Rusiyada post-Putin dönəmi başlayacaq və 90-cı illərdə olduğu kimi Rusiya Qərb üçün bir idarə olunan dövlətə çevriləcək. Müxalifətin avqustun 17-də keçirmək istədiyi mitiqin rədd edilməsinə baxmayaraq 24-nə də mitinq təyin ediblər. Hesab edirəm ki, bu mitinqlər ardıcıl olarsa və inkişaf edərsə, Putin müəyyən dərəcədə manipulyativ siyasətə əl atıb müəyyən dərəcədə müxalifəti razı salan gedişlər edə bilər. Təbii ki, baş verənlər, etirazlar həm də Rusiyaya qarşı sanskiyaların nəticəsidir. Çünki sosial vəziyyət əvvəlki illərdən fərqli olaraq daha da ağırlaşıb, ölkədə işsizlik artıb. Bu kimi daxili faktorlardan irəli gələn iqtisadi problemlər Putinə qarşı etirazların dalğalanmasına gətirib çıxardacaq”.

"Putinin daha çox güvəndiyi hərbi elitanı sarsıtmaq istəyirlər”

Əsədullazadə hesab edir ki Rusiyada hərbi hissələrdə baş verən partlayışlarda müəyyən dövlətlərin əli ola bilər: "Çünki Rusiya kimi məxvi və geniş miqyaslı, böyük hərbi imkanlara malik olan ölkədə birdən-birə partlayışların baş verməsini təsadüfi saymaq olmaz. Bildiyiniz kimi, rus hərbçilərindən Qərb kəşfiyyatına "verbovka” olanlar var və müəyyən dairələr var ki, Putinin hakimiyyətini laxlatmaq, 2024-cü ilə kimi hakimiyyətdən getməsi, xalq qarşısında nüfuzdan düşməsi üçün Putinin daha çox güvəndiyi hərbi elitanı sarsıtmaq istəyirlər. Hesab edirəm ki, həmin partlayışlar da müəyyən dərəcədə təxribatlar ola bilər”.

"2024-cü ildə Moskvada hakimiyyət dəyişikliyi ola bilər”

"Soçi görüşünü təxirə salnmasına gəlincə, hesab edirəm ki, bu, İran ətrafında baş verən proseslərlə bağlıdır. Həmçinin Rusiya-İran əlaqələrindən qaynaqlanır. Eyni zamanda Rusiyada baş verən daxili siyasi böhrandan irəli gəlir. Çünki hazırda Kremldə də müəyyən kluarlarda çox ciddi siyasi böhran yaşanır. Putinin varisi, Putindən sonra Rusiya hansı istiqamətdə davam edəcək? Putin 2024-cü ilə kimi hakimiyyətə qala biləcək, bilməyəcək kimi məsələlər müzakirə olunur. Çünki qeyd etdiyim kimi, müxalifətin etirazları daha da kəskin xarakter ala bilər, Moskvadan Vladivastoka kimi nümayişlər başlya bilər. Artıq Putinin reytinqi 50-60% arasındadır və getdikcə onun reytinqinin aşağı düşməsi gözlənilir. Onun apardığı siyasi-iqtisdi islahatlar demək olar ki, daha da ləngiyir, xalqın rifahına uyğun olaraq islahatlar paketinə vəsait demək olar ki, tükənmək üzrədir. Çünki ölkənin maliyyə gəlirləri zəifləyib. İqtisadi vəziyyət durmadan zəifləyir. Hesab edirəm ki, 2024-cü ilə kimi Rusiyanın zəifləməsi prosesi gedəcək və 2024-cü ildə Moskvada müəyyən dərəcədə hakimiyyət dəyişikliyi ola bilər. Burada idarə olunmayan, yeni nəsil müxalifət prosesləri üzərinə götürə biləcək. Təbii ki, Navalnı və yaxud xalqın içindən çıxan digər liderlər prosesi apara bilər. Yenə bu da Qərbin Rusiya daxilində hansı istiqamət liderlərə dəstək verəcəyindən asılı ola bilər”,-deyə politoloq vurğuladı.

"Putinin varisi hakimiyyətə yiyələnsə, onun Putin kimi Rusiyanı idarə etməsi mümkün deyil”

M. Əsədullazadənin fikrincə, Putin çalışır ki, öz varisini təyin eləsin: "Amma yeni bir siyasi elitar müxalifət ortaya çıxır və xalq kütləvi etirazla buna qarşı gələ bilər. Təbii ki, Putin bu istiqamətdə planları qurur. Ona görə də müxalifəti siyasi proseslərdən uzaqlaşdırmağa çalışır. Əgər Putinin varisi hakimiyyətə yiyələnsə, onun Putin kimi Rusiyanı idarə etməsi mümkün deyil. Rusiyada yeni çalxalanmalara, daxili siyasi proseslərə, ciddi problemlər yol aça bilər və bu da Rusiyanın zəifləməsinə səbəb ola bilər. Elə Qərb istəyir ki, Rusiyanın zəifləməsinə yol açsın və Rusiya idarə olunan bir ölkəyə çevrilsin”.

"Rusiya Azərbaycanın böyük qonşusudur və orada baş verənlər Cənubi Qafqaza keçməyəcəksə də, Azərbaycandakı siyasi proseslərə müəyyən dərəcədə təsir edəcəyini istisna etmirəm. Təbii ki, Putinin hakimiyyətdən getməsi Azərbaycanda müəyyən bir siyasi dönəmə gətirib çıxara bilər”,-deyə politoloq əlavə etdi.

Şamo EMİN

Oxşar xəbərlər