Putinə sürpriz - Qərb seçkilərin nəticələrini tanımaya bilər

  • 20 mart 2018, 10:55

Əhəd Məmmədli: "Azərbaycan üçün Putin ən xoşagəlməz seçimdir”; Elşən Mustafayev: "Navalnı da seçkiyə  qatılsaydı...”

Martın 18-də Rusiyada keçirilən prezident seçkilərində hazırkı prezident Vladimir Putin qalib gəlib. Gözlənildiyi kimi, Qərb ölkələrinin reaksiyası bu seçkilərin legitimliyini şübhə altına almaq yönündə oldu.

Lakin politoloq Əhəd Məmmədli seçkilərin nəticələrinin tanınmamasının Rusiya üçün heç nəyi dəyişməcəyini düşünür: "Nə qədər ki, Qərb Rusiyanın qazı və neftinə embarqo qoymayacaq, Putin və ətrafının bank hesablarını dondurmayacaq, Putin və ətrafını öz ölkələrinə səfərlərinə qadağa qoymayacaq, bu sanksiyalarla Putin Rusiyasına qalib gəlmək mümkün olmayacaq. Bunu ilk növbədə Qərbin özündə çox yaxşı bilirlər. Qərbin hakim dairələrinin özləri isə hələlik buna hazır deyillər. Avropa nə vaxta qədər ki, rus qazından asılı olacaq, o vaxta qədər Rusiyaya qarşı hər hansı ciddi təzyiqdən danışmaq yersizdir. Azərbaycan üçün Putin ən xoşagəlməz seçimdir. Amma hələlik reallıq budur və bu reallıqla dünya kimi, Azərbaycan da barışmağa məcburdur. Rusiyada seçkilərdə həmişə saxtakarlıq olub. Saxtakarlıq olmasaydı, qalib gəlməsə belə, Qrudin Putinin başını ağrıda bilərdi. Azərbaycandan fərqli Rusiyada bir orta təbəqə var və bu orta təbəqə ölkələrində tüğyan edən korrupsiyadan narazıdır. Narazı elektorat alternativ kimi Qrudinə səs verəcəkdi, bu da Putinə problemlər yarada bilərdi. Ancaq rusların düşüncəsi ilə Putin Rusiyanı dağılmaqdan xilas edib. Üstəlik, Putin dönəmi neft və qaz bumuna təsadüf etdi. Rus iqtisadiyyatı kifayət qədər dirçəldi. Putin Krımı qaytardı, dünya Rusiyadan danışmağa başladı. Bunlar hamısı şovinist rus təfəkkürü üçün çox vacib məqamlardı. Ona görə bütün problemlərə rəğmən, rus xalqı hələ də Putini sevir və dəstəkləyir. Rusiya kimi dövlətdə seçkiyə təsir etmək asan deyil. Ələlxüsus da Qərb-Rusiya qarşıdurması dönəmində Rusiyadakı seçkilərə təsir etmək ABŞ üçün ikiqat çətindir. Çünki Putin daxildə anti-amerikanizm kartından çox məharətlə istifadə edir. Bir də unutmayaq ki, hazırda əsas alternativi olan oliqarx Xodarkovskini Putin ölkəsindən dolayısı ilə didərgin salıb. Bu seçkidə Putinin güclü alternativi olsaydı, Amerika daha fəal iştirak edərdi. Həmçinin Amerika-Avropa siyasi istiblişmentləri indi heç də yaxşı vaxtlarını yaşamırlar, başları özlərinə qarışıb. Rusiya isə güclü liderin ətrafında monolit bir dövlət təəssüratını bağışlayır”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyir ki,  heç kim, o cümlədən Qərb dairələri bu seçkidən azacıq da olsa fərqli nəticə gözləmirdilər: "Çünki ölkədə mövcud olan, uzun illər boyunca formalaşan siyasi mühit, əhalinin böyük əksəriyyətinin passivliyi, ən əsası, narazı elektoratın yarısını belə ətrafında toplaya biləcək  milli liderlərin olmaması yaxın gələcək üçün Rusiyada seçki yolu ilə demokratik qaydada hakimiyyət dəyişikliyini mümkünsüz edir. Qərb bunu yaxşı anlayır. Ona görə də Rusiyada seçkilər yolu ilə Putinin hakimiyyətdən getməsinə ümid etmirlər. Konkret səbəblərə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə onu iqtisadi cəhətdən zəiflətmək, hakimiyyət haqqında dünyaya təhlükə yaradan rejim imici yaratmaqla maksimim beynəlxalq aləmdən təcrid etmək hazırda əsas hədəflərdir. Putinin növbəti 6 ildə bu təzyiqlərə necə dözəcəyi ölkəsinin və əhalinin  iqtisadi durumunun vəziyyətindən asılı olacaq. Düşünürəm ki, ən ağır vəziyyətdə belə daxildən son dərəcə ciddi təzyiqlər olmayacağı təqdirdə Putinin müqaviməti davam edəcək. Bu müqavimət Qərb və ABŞ-la təhdid və hücum dilində danışmağa qədər gedəcək.  Eyni zamanda bütün vasitələrdən istifadə etməklə münasibətlərin normallaşması istiqamətində də işlərini davam etdirməyə çalışacaq.

turkiye_qerari_elshen_mustafayev_(1).jpg (7 KB)

Amma problem ondadır ki, Rusiyaya qarşı duran və Qərb dövlətlərinin də bu istiqamətdə dəstəyini alan ABŞ-dır. Son günlər ABŞ-da Rusiyaya qarşı loyal mövqeyi olduğu bildirilən Reks Tillersonun dövlət katibliyindən çıxarılması onun yerinə kəskin anti-Rusiya mövqeyində olan Mayk Pompeonun gəlməsi, MKİ-yə isə yenə də eynimövqeli Cina Xespelin təyin olunması qarşıda ciddi hadisələrin, qarşıdurmaların ola bilməsindən xəbər verir. Son 60-70 ildə, xüsusilə sovetlər dönəmində SSRİ-ABŞ münasibətləri düşmənçilik səviyyəsində olub. ABŞ-la hər hansı əlaqəsi olan, yaxud onların hansısa fikirləri ilə razılaşan siyasətçilər insanların müəyyən bir hissəsi tərəfindən düşmən kimi qəbul olunublar. Baxın Rusiya müxalifətinin önündə getmiş Nemtsov, Kasiyanov, indi də Navalnı və digərləri  bu ittihamlarla üz-üzə qalıblar, Rusiya dövlətinin maraqlarını satanlar kimi cəmiyyətə təqdim olunublar. Əslində isə onların məqsədi güclü  Rusiya qurmaq olub və hətta bəzilərinin imperiya ambisiyaları olub. Beləliklə, Rusiyada son illər şovinist meyllərin daha da artması, məhz digər müxalifətçilərlə müqayisədə Putinə üstünlük verilməsinə gətirib çıxardıb. Hesab edirəm ki, hamının  olmasa da, müəyyən qədər aktiv əhalinin əhəmiyyətli bir hissənin Putinə olan sevgisi məhz bu müqayisədən qaynaqlanır. Amma get-gedə fərqli düşünən, liberal düşüncə daşıyan insanların da sayı artmaqdadır. Belə görürəm ki, bütün bunları və bizim bilmədiyimiz digər reallıqları bildiyi üçün Qərb bu seçkilərə hər hansı mənada təsir etməyi belə düşünməmişdi”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər