Rusiya Novruz bayramında özünə prezident seçəcək

  • 20 sen 2017, 09:07

Elçin Mirzəbəyli: "Rus cəmiyyəti yoluna ”güclü kişi" ilə davam etmək istəyir"; Əhəd Məmmədli: "Rusiya ya dağılacaq, ya da hamıdan böyük olacaq”

Bütün dünyanın maraqla gözlədiyi Rusiyada prezident seçkilərinin keçiriləcəyi gün məlum olub. Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərini 2018-ci il martın 18-nə təyin edib.

Komissiyanın katibi Maya Qrişina qeyd edib ki, Rusiya qanunvericiliyinə əsasən, prezident seçkiləri əvvəlki seçkilərin keçirildiyi ayın ikinci bazar günü keçirilməlidir.

Qanunvericiliyə əsasən, yeni seçiləcək prezident bu vəzifədə 6 il olacaq. Hazırkı prezident Vladimir Putinin namizədliyini irəli sürmək hüququ var, lakin o, hələlik qərarını elan etməsə də, iddiasını irəli sürəcəyi ehtimalları kifayət qədər yüksəkdir. Ekspertlərin Rusiyanın qarşıdakı 6 ili ilə bağlı fikirləri müxtəlifdir. Əksəriyyət Putinin yenidən 6 il müddətində Kreml rəhbəri olacağı təqdirdə şimal qonşumuzun bu dönəmini qaranlıq görür, Qərbdən gələn sanksiyaların, təzyiqlərin daha da sərtləşdiriləcəyini düşünür. Amma bununla belə, bunun əksini dilə gətirib, hazırkı Rusiya üçün Putinin hakimiyyətdə qalmasını ən düzgün variant sayanlar da az deyil. Putinin postunda qalmasının təkcə Rusiya üçün deyil, region üçün də təhlükə mənbəyi olduğunu vurğulayanlar da var.

Politoloq Elçin Mirzəbəyli Kremlə qarşı seçkilərdən sonra da təzyiqlərin artacağını düşünür: "Putinin seçkilərdə namizəd kimi iştirak edəcəyini yəqinləşdirmək üçün xüsusi istedada malik olmaq lazım deyil. Rusiya Konstitusiyasına edilən dəyişiklikdən başlamış daxili siyasətdə edilən ”korrektələr"ə kimi hər şeyin Putini yenidən namizəd olması üçün edildiyi kimsəyə sirr deyil. Bir az mübaliğəli desək, Rusiya seçiciləri Novruz bayramında seçki tonqalının üzərindən atılacaqlar. Putinin yenidən seçilməsi isə regiona və Rusiyaya yeni heç bir şey vəd etmir. Əksinə, şəxsiyyətə pərəstişdən doğan maniya daha da güclənəcək, geosiyasi iddialar və bunun qarşılığında Rusiyaya qarşı təzyiqlər daha da artacaq. Seçkilərdə heç bir sürpriz baş verməyəcək. Sürpriz yalnız hakim komandanın daxilində ciddi və idarəetməyə təsir göstərə biləcək parçalanmalar baş verəcəyi, yaxud xaricdən müdaxilə ediləcəyi təqdirdə ola bilər. Hazırda hakim komandanın daxilində mərkəzdənqaçma meylləri nəzərə çarpmır. Güc və təhlükəsizlik orqanlarında asilik edə biləcək bütün şəxslər ən müxtəlif adlar altında neytrallaşdırılıb. Ölkədə Putin və onun komandasına qarşı istər maliyyə, istərsə də siyasi kapital baxımından qarşı ola biləcək hər hansı bir qüvvə yoxdur. Rusiya cəmiyyəti qısamüddətli demokratik ənənələri də yadırğayıb. Ultramillətçi təbliğat nəhəng bir zombi ordusunun yaranmasına səbəb olub. Neoimperializm təfəkkürü sağlam düşüncəyə hakim kəsilib. Xarici müdaxilələrə gəldikdə isə 2018-ci ilin mart ayınadək Rusiyaya qarşı həyata keçirilən təzyiqlərin ölkənin siyasi sistemin iflic vəziyyətinə sala biləcəyi inandırıcı deyil".

Politoloq Rusiyanın gələcəyinə də toxundu: "Rusiyanın uğurlu gələcəyə doğru irəliləməsi şansı çoxdan itirilib. Rusiyanın ən güclü vaxtında bu baş verməyibsə, enerji resurslarının ixracından əldə olunan böyük vəsaitlər ölkənin iqtisadi gücünün artırılmasına sərf olunmayıbsa, siyasi və iqtisadi islahatlar aparılmayıbsa, indiki vəziyyətdə bütün bunların həyata keçirilməsi çox çətindir. Hakimiyyət də insan orqanizmi kimidir. İlk növbədə reflektiv çağırışlara cavab verir, sonra düşünməyə başlayır. Təzyiqlər və bunun müqabilində böhran dərinləşdikcə sosial gərginlik də artacaq. Sosial gərginlik isə hakimiyyətin reflektiv olaraq özünümüdafiə instktini gücləndirəcək və əks reaksiyaya zəmin yaradacaq. Təsir əks təsirə bərabərdir. Sosial böhran hakimiyyət böhranına yol açır, yaxud əksinə. Rusiya cəmiyyəti avtoritar çar idarəçiliyindən proletar, yaxud bolşevik diktaturasına keçid edib. 90-cı illərin əvvəllərindəki demokratiyanın qısamüddətli və ilkin təzahürləri istisna olunmaqla, bu sahədə heç bir təcrübəyə malik deyil. Rusiyada demokratik ənənələr olmayıb və yaxın zaman kəsiyində olması da mümkün deyil. Rus cəmiyyətinin şəxsiyyəti dəyərləndirməsi hələ də ”mujik" anlayışı üzərində qurulub. Bu cəmiyyətdə intellekt, yüksək mədəniyyət, demokratik dünyagörüşü və davranışlar toplumun böyük əksəriyyəti üçün göstərici deyil. Rus cəmiyyəti hələlik yoluna onun yerinə düşünən və qərar verən "güclü kişi” ilə davam etmək istəyir. Və çox güman ki, davam da edəcək".

"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli şimal qonşumuzda sürprizlərin olacağını düşünmür: "Rusiyada çox güman ki, iqtidarın prezidentliyə namizədi Putin olacaq. Rus xalqı da Putini seçəcək. Düzdür, seçkilər real alternativsiz keçiriləcək  və müəyyən faiz saxtakarlıqlarla müşayiət ediləcək. Ənənəvi Rusiya seçkiləri keçiriləcək. Qısa müddətdə sürpriz olacağını gözləmirəm. Lakin Türkiyədəki hadisələrə bənzər nəsə ola bilər. Yəni sistemin içindən hansısa generallar oliqarxiya ilə birlikdə Putinin siyasətinə etiraz olaraq Qərblə sövdələşərək saraydaxili çevriliş edə bilərlər. Putin seçiləcəyi təqdirdə Qərblə konfrantasiya davam edəcək. Bunun sonunda da ya Rusiyada inqilab olacaq-bu da həmin ölkənin dağılması deməkdir - ya da Qərbin Rusiya ilə sonucda razılaşması ilə bitəcək. Bu isə ən azından Ukrayna, Gürcüstanın işğal olunmuş ərazilərinin rəsimləşməsinə gətirib çıxaracaq. Putinin Rusiya xalqına daha çox ehtiyacı var. Çünki böyük rus şovinistliyi olmasaydı Putin kimilər Rusiyada heç vaxt hakimiyyətə gəlməzdi. Alternativ hər kəsə var. Amma bu alternativlərin çıxmasına Putin imkan vermir. Putin sonda ya Rasputinin, ya da Stalinin taleyini yaşayacaq. Rusiya ya dağılacaq, ya da hamıdan böyük olacaq. Bu yolun ortası yoxdur”.

Cavanşir ABBASLI

Oxşar xəbərlər