Xəstə doğulmuş bahar...

  • 21 mart 2020, 11:42
Güman ki, son bir neçə ildə Novruz bayramı bu qədər sönük olmamışdı.
İnsanlar şuxluqlarını saxlamağa və yaxud da nikbin görünməyə çalışsalar da, üzə vurmasalar da, bir- birini həmişə olduğu kimi, bayram münasibətilə təbrik etsələr də, sifətlərdə yenə xəfif bir kədər sezilir, üzlərdə sevincdən daha çox sual duyulur...
Elə şəhər də bir az sönükləşibdi, küçə-bazarlarda adamlar xeyli seyrəlibdir, sanki cəmi bir-iki ay bundan əvvəl tünlüyündən, basabasından, eləcə də avtomobil tıxaclarından gileyləndiyimiz şəhər deyil bu!
Biz də həmin o böyük və sıx şəhər üçün darıxmışıq, ürəklərimizdə Tanrıya dua edirik ki, bizə həmin şəhəri qaytarsın, qoy, küçədə, ictimai nəqliyyatda bizi itələsinlər, ayaqlarımızı tapdasınlar, qoy, gənclər yenə də telefona aludə olub metroda, avtobusda bizə yer verməsinlər, amma öz dərs otaqlarına və auditoriyalarına qayıtsınlar, ölkə öz standart həyat ritmini bərpa etsin, küləyindən ağaclarımız qopsun, istisindən bədənimiz qarsılıb-qovrulsun, amma qayıtsın o şəhər - bəli, rədd olsun epidemiya, yaşasın normal, adət etdiyimiz, alışdığımız və sevdiyimiz o böyük şəhər və o gözəl ölkə...
Amma özümüz də bilirik ki, hələ bir azca gözləmək lazım gələcək. Əlbəttə, vəziyyəti dəqiq olaraq dünya üzrə Dünya Səhiyyə Təşkilatı, ölkə içrə isə xüsusi yaradılmış qərargah bilir. Amma tədbirlərin təxirə salınması, dərs və tədris tətillərinin uzadılması göstərir ki, apreli də gözləmək lazım gələcək və güman ki, aprelin yarısından başlayaraq Avropa ölkələrində, xüsusən də İtaliyada proses artıq sönməyə doğru gedəcək – hər halda, Dünya Səhiyyə Təşkilatının məlumalarında belə deyilir.
Çox təəssüf ki, Avropanın bir çox ölkələrində insanlar bir detalı nəzərə almırlar: məsuliyyətli davranmaqla, Dünya Səhiyyə Təşkilatının, eləcə də yerli qurumların göstəriş və tövsiyələrinə əməl etməklə biz yalnız özümüzün həyatımızı və yaxınlarımızın sağlamlığını xilas etmirik, həm də cəmi bəşəriyyəti xilas etmiş oluruq. Min illər bundan əvvəl Talmudda deyilən kimi: bir insanın həyatını xilas edən cəmi bəşəriyyəti xilas edir...
Əminik ki, proses bir neçə aydan artıq çəkməyəcək. İndi ən çox narahatlıq yaradan bəzi Avropa ölkələridir. Bir daha deyirik ki, burada avropalı insanların məsuliyyətsizliyi də az rol oynamadı: başa düşürük, insanlar azadlığa və sərbəstliyə alışıb, yasaqlara ciddi yanaşmır, onlara əməl etmirlər. Amma bir şeyi bilmək lazımdır: azadlıqla təhlükəsizlik daim qoşa addımlayıb, insan öz təhlüküsizliyinin fərqində deyilsə onun azadlığı da uzunömürlü, uzun müddətli ola bilməz...
Burada bir məsələni də qeyd etmək yerinə düşər. Ekspertlər potensial yoluxma regionu kimi Yaxın Şərqi də nəzərdən keçirir. Düzdür, burada da dövlətlər Dünua Səhiyyə Təşkilatının tövsiyələrini yerinə yetirməyə çalışır və digər ölkələr kimi öz əlaqələrini müvəqqəti olaraq məhdudlaşdırmağa qərar verirlər. Amma bu məsələdə iki məqam var.
Avropada insanlar azadlığa, sərbəstliyə alışıb yasaqlara ciddi yanaşmadıqları kimi, bu reginonda da insanlar dini ayinlərin icrası üçün daha çox sərbəstlik istəyirlər. Amma reallıq var və nüfuzlu din adamları durmadan insanları dini ayinlərin icrası zamanı müəyyən məhdudiyyətləri gözləməyə çağırır. Digər bir məqamsa, əlbəttə ki, daha çox münaqişə zonaları ilə bağlıdır: ekspertlər Suriyadakı, qismən İraqda hökm sürən vəziyyəti nəzərə alırlar. Sözsüz ki, bura Liviyanı da əlavə etmək olardı. Ən çox təhlküə Suriya tərəfindən güman edilir, çünki ölkə humanitar fəlakət yaşayıb, milyonlarla insan qaçqın vəziyyətindədir və bu insanlar bir çox hallarda elementar gigiyena qaydalarının olmadığı bir şəraitdə, çox sıx və tünlük mühitdə yaşayırlar...
Bu gün dünya ölkələri və Dünya Səhiyyə Təşkilatı səylərini əlaqələndirməyə çalışır, amma daha sıx koordinasiyaya ehtiyac var, ona görə ki, planetdə nəzarət edilməyən və ya az nəzarət edilən bölgələr, hətta ölkələr də var. Onları heç kim planetdən silıib atmayıb. Odur ki, bu insanlara da dəstək olmaq haqqında düşünmək lazımdır. Yadımızdadır, sovetin vaxtında müəyyən həmrəylik aksiyaları keçirilirdi və dünyanın böhran yaşayan ölkələrinə maliyyə yardımları göstərilirdi. Düşünürük ki, belə aksiyalar indi də faydalı ola bilər: bir neçə qəpik ayrılıqda götürüləndə bir şey deyil, amma milyonlarla insan bir neçə qəpiyindən keçəndə bu, artıq çox böyük maliyyə yardımı ola bilir...
 

Hüseynbala Səlimov
Oxşar xəbərlər