Eldar Mahmudovun qudası prokurorluğu məhkəməyə verə bilər

  • 02 noy 2016, 17:16
"Umid edirəm ki, bu açıqlama Baş Prokurorluq adından verilməmişdir. Əks halda müvəkkilimlə bu məsələni müzakirə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şəxsin təqsizsizlik prezumsiyasının kobud şəkildə pozulması hərəkətlərindən məhkəməyə şikayət verəcik”. Bunu Bizimyol.info saytına açıqlamasında   "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcov deyib.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
E.Sultanov xatırladıb ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digərlərinin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 19.07.2016-cı il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, məhkəmənin 14.10.2016-cı il tarixli hökmü ilə C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O əlavə edib ki, hökmə əsasən C.Hacıyev 27.03.2001-ci il tarixdən 02.04.2015-ci il tarixə kimi "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə mütəşəkkil dəstə yaradaraq öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törədib və vəzifə səlahiyyətlərini aşaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. E.Sultanov bildirib ki, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına yol verilməsi barədə C.Hacıyev tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığı müəyyən edilib.

Baş Prokurorluq rəsmisi əlavə olaraq qeyd edib ki, C.Hacıyev və qeyriləri tərəfindən Beynəlxalq Bankdan yüz milyonlarla dollar vəsait çoxpilləli köçürmələr vasitəsilə ayrı-ayrı xarici ölkələrdə bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi şəxslərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrə yönəldilməsi və mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Vəkil Aqil Layıcov hesab edir ki, Eldar Sultanovun bu açıqlaması şəxsin və ya şəxslərin Konstitusion qorunan hüquqlarına ciddi hörmətsizlikdir. "Dövlət orqanları xüsusilə dövlət ittihamını həyata keçirən prokurorluq dönmədən şəxsin təqsirsizlik prezumsiyasına hörmət etməlidirlər. İlk öncə qeyd edim ki, prokurorluğun bu açıqlaması təqsir müəyyən edən dildə yazılıb. Amma prokururluğun təqsir müəyyən etmək səlahiyyəti yoxdur, təqsiri birbaşa qüvvəyə minmiş məhkəmə aktı müəyyən edir. İkincisi isə apellyasiya instansiyası baxışı öncəsi Baş Prokururluq adından belə bir məlumatın yayılması yolveriləzdir”.

Vəkil əlavə edir ki, hər hansı mənimsəmədən söhbət gedə bməz. "1 manatın da dolayı və ya birbaşa H.Cahangir və onunla dırnaqarası qrup halında olan şəxslərə çatması nə istintaqda araşdırıldı, nə də məhkəmədə. Məhkəmə sadəcə ittiham aktını öz hökmünə köçürdü”.

Vəkil vurğilayıb ki, sözügedən açıqlamanın Baş Prokurorluq adından verilməsi təsdiq olunrasa, bununla bağlı məhkəməyə müraciət edəcəklər. "Müvəkkilimlə bu məsələni müzakirə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şəxsin təqsizsizlik prezumsiyasının kobud şəkildə pozulması hərəkətlərindən məhkəməyə şikayət verəcik. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Bu açıqlama isə açıq-aşkar şəkildə təqsizsizlik prezumsiyasının pozulmasının kulliminasiya nöqtəsidir. Hesab edirəm ki, bu işə apellyasiya instansiyasında baxan məhkəməyə təzyiqdən və cəmiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyil” - vəkil bildirir.
 
Demokratik.Az
Oxşar xəbərlər