"MTN-in 7 vəzifəli şəxsi həbs olunub" - Baş Prokurorluqdan rəsmi açıqlama
- 20 okt 2015, 20:46
Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Yaxın saatlarda Baş Prokurorluq MTN-dəki proseslərlə bağlı rəsmi açıqlama yayacaq. Bu haqda musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamaı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bundan sonra MTN-nin 10 nəfər zabiti barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
"MTN işi"nin istintaqı Baş Prokurorluqda aparılır. İstintaqa rəhbərlik etmək baş prokurorun 1-ci müavini Rüstəm Usubova həvalə olunub.