Bozulalım, təzədən düzüləlim!

  • 13 fev 2020, 09:24

MSK "analoqu olmayan fəaliyyət göstərdi”, növbədənkənar seçkilərdə "köhnə qvardiya” hər üç deputat yerindən ikisini saxladı

 

 

 

 


Seçicilərdən başqa, seçki kampaniyasının üç böyük qrup iştirakçısı olur: seçilənlər, seçkini təşkil edənlər və media.

Seçilənlər. "İslahatlara yol açmalıyıq, biz bacarmırıq, bizi burax” xahişi ilə Prezidentə müraciət etmiş "YAP deputat korpusu”, bir türk həmkarımızın danışdığı lətifədəki kimi, "Əfəndilər, bozulalım, təzədən düzüləlim” çağırışı ilə əsasən köhnə heyətlə geri qayıtdı. Yenilənmə, dəyişmə alınmadı. Və əgər Prezident Milli Məclisi istefaya göndərib növbədənkənar seçki keçirirsə, nəticədə tərkibinin 2/3-si etibarı ilə eyni parlamenti alırsa, bir müddətdən sonra onların ikisindən ən azı birinin problemi yaranacağını deyə bilərik.

Bununla belə, parlamentin üçdə biri, yəni 43 nəfər ilk dəfə deputat kürsüsünə yiyələnmiş şəxslər oldu. Bu qrupun tərkibinə nəzər yetirsək, görərik ki, 43 nəfərin 23-ü MSK-da YAP-çı, 20-si  bitərəf kimi qeydə alınıb. Onların 10 nəfəri qadındır, yeri gəlmişkən, 80-dən artıq köhnə deputatın da arasında, təxminən bu qədər – 11 qadın var. Yeni millət vəkillərinin orta yaşı, təxminən 47-dir, aşağı hədd 27, yuxarı hədd 65 yaşdir. Cəmi 5 nəfər şərti gənclər kateqoriyasına, yəni 35 yaşınadək olanlara aid edilə bilər.

Təzə deputatların məşğuliyyət sahələri də mühüm keyfiyyət göstəricisidir. 21 nəfər indiyə qədər dövlət orqanlarında və ya dövlətlə sıx bağlı işlərdə çalışıb, 4 nəfər müəllim, 4 nəfər iş adamı, 3 nəfər jurnalist, 2 nəfər elm sahəsinin adamıdır. 3 nəfər qeyri-hökumət təşkilatlarından gəlib, 3 nəfər işsiz kimi qeydiyyata alınıb. Hərçənd, sonunculardan biri tanınmış hüquqşünasdır. Yəni indi parlamentin daha 2 hüquqşünası, bir marketoloqu və hər ehtimala qarşı bir uşaq həkimi var.

Seçkini təşkil edənlər. "Cəmil Həsənlinin siyahısı” ilə exit-pollun və "Məzahir Pənahovun siyahısının” üst-üstə düşməsı xeyli şərhlərə rəvac verdi. Hətta həmkarlarımızdan biri bundan sonra exit-pollara pul xərcləməməyi, növbəti seçkilərdə Cəmil müəllimin "pulsuz xidmətlərindən” istifadə etməyi məsləhət gördü. Çünki tarixçi-professor ikinci seçkidir ki, gələcək deputatların siyahısını 95% dəqiqliklə qabaqcadan elan edir. Digər həmkarımız Rahim Sadıqbəyli isə İsveçdən Vaşinqtona bir sual ünvanladı, professorun nə vaxtdan Məzahir Pənahovla "işbirliyində” olduğunu soruşdu.

MSK sədri Pənahovun isə seçki gününün gecəsi "Biz analoqu olmayan fəaliyyət göstərdik” deməsi çox mətləbdən xəbər verirdi. Zaman bu rəhbər şəxsin nəinki təfəkkür və iş üsullarını, heç leksikonunu da dəyişmir. 9 fevral seçkilərindəki pozuntuların bir qismini, "karusel” adlanan metodun təcrübədə tətbiqini bizlərdən birimiz Xətai rayonundakı məntəqələrdə öz gözləri ilə görüb.

"Facebook”da digər seçki dairələrindəki saxtakarlıqlarla bağlı xeyli kadrlar, müsahibələr dolaşır. Məzahir Pənahov onların hamısının araşdırılacağına söz verir. Ancaq döydüyü qapılardan qovulan namizədlərin də adı MSK-nın sehirli qutularından birinci çıxırsa, bu təşkilatın "analoqsuz fəaliyyətinin” davamı olan araşdırmaların nəticələrini söyləmək üçün yenidən "uzaqgörən” professora müraciət etməyə ehtiyac yoxdur. Biz iddia edə bilmərik ki, bu il pozuntular əvvəlkilərdən çox olub. Amma əhalinin seçkilərə maraq göstərən qisminin budəfəki inadkarlığı və dirənişi, məhz belə təsəvvür yaradır. Maraqlıdır ki, məntəqələrdə çəkiliş aparan jurnalistlər və əli telefonlu müşahidəçilər üçün də əvvəlki qədər məhdudiyyətlər qoyulmurdu.

Media. Medianın seçki tədbirlərini geniş işıqlandırmaq, iri siyasi kampaniyalar zamanı xalqı maarifləndirmək kimi cəmiyyət qarşısında mühüm ictimai öhdəlikləri var. Amma bu seçkilər ərəfəsində onun həmin öhdəlikləri yerinə yetirməkdən faktiki olaraq imtina etdiyi barədə çox yazılıb, çox danışılıb.

Ədalət naminə söyləmək lazımdır ki, bu boşluğu jurnalistlər, sosial media fəalları seçki günü xüsusi canlanma nümayiş etdirməklə qismən doldurdular. Lakin biz yenə də əsl jurnalist fəaliyyətinin məhsulu olan reportajların, müsahibələrin, təhlillərin şahidi olmadıq. Jurnalistin vəzifəsi baş verənləri çatdırmaq, hadisələrin gedişi barədə əhalini dürüst və qərəzsiz məlumatlandırmaqdır. Bir çox media nümayəndələri isə bunun əvəzinə hadisələrin birbaşa iştirakçısına, hətta bəzən təşəbbüskarına çevrilmişdi. Onlar proseslərə müdaxilə edir, namizədlərin vəkilləri kimi danışır, əlbəyaxa davaya da qoşulur, müşahidəçilərə dərs, məntəqə katiblərinə tapşırıqlar verir, təzyiq göstərirdilər. Məntəqələrə getmiş xarici jurnalistlər və müşahidəçilər şahidi olduqları belə hallar barədə heyrətlə danışırdılar.

Seçkinin sonrakı günlərində də məhz seçki saxtakarlıqlarından şikayətlər mövzusu saytların və sosial şəbəkələrin gündəmini müəyyənləşdirdi. Amma bu, yenə də faktların təqdimatı, pozuntuların təhlili yox, daha çox onların jurnalistlərin özləri tərəfindən qiymətləndirilməsi, hətta təhqirlər forması aldı. Təkcə saxtakarlıqlarda iştirak edən, müəllim şəxsiyyətini qoruya bilməyənlərə görə bu müqəddəs peşə sahiblərinin hamısının sosial şəbəkələrdə çirkin, əxlaqsız ifadələrlə təhqir edilməsi nəyə desən dəyər. Kimlərsə bunu kampaniyaya çevirməyə çağırır, söyüşlər altında imza toplayır. Kimlərsə xalqı, milləti, ölkəni, aşağılayır. Axı nəinki xalqın maarifləndirilməsi, heç siyasi mübarizə də bu üsullarla aparılmır. Seçicilərin haqqını yeyənlərin heyfi millətdən, ölkədən çıxılmır. 

 

Əlbəttə, bütün bunlar səbəbsiz baş vermir. Cəmiyyətdəki ümid qırıqlığı, medianın uzun illər peşə vərdişlərini yadırğaması, ictimai maraqlardan uzaq düşərək qrup maraqlarına xidmət etməsi öz sözünü deyir. Bununla belə, biz hətta emosiyaların coşduğu şəraitdə də jurnalistikanın təməl prinsiplərini, əxlaq çərçivələrini unutmamalıyıq. Həm peşə şərəfini, həm xalqın ləyaqətini qorumalı, milli natamamlıq kompleksini gücləndirməməliyik. Qurunun oduna yaşı yandırmamalıyıq! 

P.S. Bu məqalə dünən axşam yazılıb. Səhər isə iki tanınmış həmkarımızın sosial şəbəkələrdə paylaşdığı statusları gördük. Onlar ayrı-ayrı mövzulardadır, daha doğrusu, seçki marafonunun ayrı-ayrı mərhələlərindən bəhs edir. Amma bir-birini və bizim söylədiklərimizi tamamlayır...

 

Xəyal Tağıyev (Khayal Tagiev)

 

Seçki məntəqələrində aparılan videoçəkilişlərə baxıram. Hər yerdə qovğa, dava-dalaş, fitnə-fəsad. İnsanlarda zərrə qədər bir-birinə hörmət qalmayıb. Yaşlı cavan üzərinə yeriyir, gənc ahıl abrı tökür, qadınların gözü bərələ qalır, kişilər hay-həşir salır. Qədir-qiymət bilən qalmayıb. Sanki əlacsızlıqdan doğan əsəbilik bürüyüb hər yanı. Baxır və düşünürəm... Ölkənin sosial landşaftı çox dəyişib...

 

Ramin Deko

 

MSK önündə oturaq aksiyaya nə qədər sadə adam dəstək verdi, kimisi çay, şirniyyat, kimisi yorğan gətirdi. Çadır belə, gətirənlər oldu. Amma çox keçmədi, müdaxilə edildi, iştirakçılarla yanaşı jurnalistləri də döyüb avtobuslara doldurdular. Şəhəri gəzdirib, sonra Bayıl istiqamətinə apardılar. Hamı güman edirdi, Qobustan çöllüyündə buraxacaqlar. Praktikada var bu. Hamı yazdı, dəstəyə çağırdı, adamları daşımaq üçün maşın istədik. Bayıla bir neçə dəqiqə sonra onlarla maşın gəldi. Çoxu da boş qayıtdı. Belə insanları necə sevməyəsən? Ümid var, həm də lap çox...

 

Arif Əliyev

Elçin Şıxlı

Qulu Məhərrəmli

Oxşar xəbərlər