MSK sədrindən iki facebook açıqlaması-qadağa gəlir

  • 09 fev 2018, 09:21

"Seçki kampaniyasında facebook bağlana bilər” iddiası

"Fevralın 9-dan İctimai Televiziyada mərkəzi seçki komissiyalarının üzvləri çıxış edəcək. İctimai Televiziyadakı çıxışlar eyni zamanda İctimai Radioda yayımlanacaq”.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, dairə seçki komissiyalarının (DSK) üzvləri ilə müşavirə də tezliklə keçirilməlidir: "Daha sonra isə yerlərdə DSK üzvləri və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə belə tədbirlər keçirilməlidir. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin də iştirakı ilə mətbuatla bağlı tədbir də keçirilməlidir. Eyni zamanda hesab edirəm ki, sosial şəbəkələrlə bağlı da təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir”.

Qeyd edək ki, sosial şəbəkələrə nəzarət məsələsini son iki gündə Məzahir Pənahov ikinci dəfədir MSK-nın iclasında qaldırır. Mərkəzi Seçki Komissiyanın sədri fevralın 6-da demişdi ki, təşviqat prosesinin tənzimlənməsində sosial şəbəkələr problemlər yaradır. O bildirib ki, sosial şəbəkələr idarəolunmaz amilə çevrilib, bu isə MSK üçün pis vəziyyət yarada bilər: "Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq”.

M.Pənahovun seçki kampaniyası başlayan gündən sosial şəbəkələrdən narahatlığını dilə gətirməsi müxalif düşərgədə, aktiv sosial şəbəkə iştirakçılarında və bəzi ekspertlərdə belə rəy yaradıb ki, seçkinin təbliğat-təşviqat mərhələsində (21 gün) sosial şəbəkələrə, əsasən də facebooka çox ciddi nəzarət mexanizmi, hətta ola bilsin məhdudiyyətlər tətbiq olunacaq. Bu cür düşünənlər hesab edir ki, bəzi müxalifət liderləri sosial şəbəkələrdə aktivdirlər. Xalqa sözlərini çatdırmaq üçün buradan ciddi şəkildə yararlanırlar. Bütün bunların qarşısını almaq üçün addımlar atılması istisna deyil.

Onu da bildirək ki, "KİV haqqında" Qanunla Azərbaycanda internet, o cümlədən sosial şəbəkələr kütləvi informasiya vasitəsi sayılır.

Media üzrə hüquqşünas Xalid Ağaliyev bildirib ki, seçki qanunvericiliyinə görə, dövlətin öhdəliyi var ki, 21 günlük təşviqat müddətində, büdcədən maliyyələşən media, namizədlərə bərabər imkanlar yaratsın. Qalan müddətdə isə namizədin büdcədən maliyyələşməyən mediada, o cümlədən sosial mediada öz platformasını müdafiə etməsi üçün hansısa məhdudiyyət yoxdur, seçkidə namizədlərin bir-birini tənqid etməsi hansısa qanun pozuntusu deyil.

Düşünürəm ki, ölkə daxilində facebooka girişin məhdudlaşdırılması mümkündür. Qanunvericilikdə internetin hansısa formada blok edilməsi, məhdudlaşdırılması yalnız fövqəladə hallarda mümkündür. Amma hökumət hansısa daxili qanunla facebooku bloklaya bilər. Biz bundan əvvəl tənqidi beynəlxalq medianın bloklanmasının şahidi olmuşuq".

Xalid Ağaliyev deyir ki, indiki halda qanunla, yalnız seçkinin məqsədlərindən çıxıldığı halda facebooku media kimi bloklamaq qanuni əsas yarada bilər. Onun sözlərinə görə, bu, məsələn, facebookda zorakılığa çağırış ola bilər.

Qeyd edək ki, bütün bunlar ehtimallardır. Hələlik Azərbaycanda hökumətin sosial mediaya girişə məhdudiyyət qoymasına dair rəsmi bir məlumat yoxdur. Azərbaycan prezidenti ən yüksək səviyyəli beynəlxalq tribunalarda, görüşlərdə çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycanda internet azadlığı, sosial şəbəkələrə çıxış tamamilə azaddır.

Oxşar xəbərlər