“Cəmil müəllim, yeni parlamentdə mənə mandat vəd etmişdiniz - nə oldu bəs?”

  • 02 noy 2015, 16:19

Milli Şura sədrinin deputat siyahısı yenidən gündəmə gəldi; Cəmil Həsənli üzr istəyəcəkmi?

 


İlhamiyyə Rza: "Məqsədiniz nə idi?”

Azərbaycanda parlament seçkiləri başa çatdı. Gözlənilən və gözlənilməz nəticələrlə tarixə həkk olan bu seçkidə çoxlarının maraqla gözlədiyi bir məsələ var idi. Bu, ötən ayın 9-da Milli Şuranın sədri Cəmil Həsənlinin 1 noyabr seçkiləri ilə bağlı tərtib etdiyi yeni seçiləcək deputatların siyahısı idi. 

C.Həsənlinin məlum siyahısında əsas diqqətçəkən məqam 17 saylı Yasamal 3-cü və 63 saylı Sabirabad seçki dairələri idi. Professor 17 saylıdan Ümid Partiyasının və "125-lər” Siyasi Klubunun namizədi İlhamiyyə Rzanın, 63 saylıdan isə, "Azadlıq 2015”-in namizədi, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin millət vəkili olacağını bildirmişdi. Amma C.Həsənlinin dediklərinin tam əksi oldu. Hər iki şəxs Milli Məclisdən kənarda qaldı. 

Seçkilərin nəticələrinin məlum olmasına baxmayaraq, "Azadlıq” qəzeti başda olmaqla, bəzi mətbuat orqanları C.Həsənlinin siyahısının doğru çıxması ilə bağlı xəbərlər dərc edirlər. Azərbaycandakı seçki mühitini nəzərə alsaq, professorun siyahısını siyasətlə məşğul olan istənilən bir şəxs hazırlaya bilərdi. 

Maraqlıdır, deputat siyahısına görə, Milli Şura sədri P.Hüseyn və İ.Rzadan üzr istəyəcəkmi? 

İ.Rza "Yeni Müsavat”a açıqlamasında C.Həsənlinin proqnozunun səhv çıxmasına belə münasibət bildirdi:"Cəmil müəllimlə çoxdan tanışıq. Onun siyasi fəaliyyətindən çox öncə. Mən jurnalist, o da alim kimi müxtəlif yerlərdə üz-üzə gəlmişik. Öz tərəfimdən müxalifət, iqtidar olmasından asılı olmayaraq, doğru insanları daim dəstəkləmişəm. Cəmil müəllim üçün yeganə fürsət idi ki, məni dəstəkləsin. Hərçənd ki, onun dəstəyinin seçilib-seçilməyəcəyimə kömək edəcəyini düşünmürəm. Mənim kimi insanlar heç bir təmənna güdmədən cəmiyyətə fayda vermək istəyirlər. Belə şəxslərə dəstək verməli idi. Amma o, fürsəti qaçırdı. Məni hakimiyyətin adamı kimi qələmə verərək, deputat seçiləcəyimi bildirdi. İndi sadəcə ona sual vermək istəyirəm. Nə oldu, Cəmil müəllim? Siz mənə yeni parlamentdə yer vəd etmişdiniz. Nəyə əsasən siz bunu demişdiniz? Məqsədiniz nə idi, əziz Cəmil müəllim? Mənə simpatiyası olan müxalif elektorat kifayət qədər idi. Ola bilsin ki, Cəmil müəllim bunları nəzərdə tutaraq, bu cür addım atdı, mənə səs verməsinlər deyə. Amma seçkini boykot edən bir insan kimi, Cəmil müəllim bilməli idi ki, insanların yönləndirilməsi burada mühüm rol oynamır. Əgər o, seçkini boykot edirsə, səslərin mənasız olduğunu bilirsə, yığacağım səslərin əhəmiyyətsiz olduğunu düşünürsə, o zaman həmin insanları yönləndirməyin mənası nədir? Bu baxımdan düşünürəm ki, bu mənada etməyib. Görünür başqa məqsədi olub. Bunun cavabını Cəmil müəllimin özü deməlidir. Sadəcə buna təəssüflənirəm. Hər zaman sadə insanların yanında olmuşam. Bu proses mənim üçün bir sınaq oldu. İnsanları tanıdım, saxtakarlığın miqyasını daha yaxından gördük. Qalib gələcəyimə ümid edirdim. Parlamentdə təmsil olunsaydım, xeyli işlər görərdim. Amma orada azlıqda qalacağımı da bilirdim. Çünki verəcəyim bir səs heç nəyi həll etməyəcəkdir. Bununla belə, seçicilərimlə çox işlər görəcəkdim. Dairəm çox problemli yer idi. Fəlakət zonası desək, daha doğru olar. Şəhərin mərkəzində insanlar ağır şəraitdə yaşayırlar”.

İ.Rza yeni seçilən deputatla bağlı da danışdı: "Seçicilərimə keçmiş olsun deyirəm. Çünki üç dəfə dalbadal oradan namizədliyini vermiş şəxsi seçicilər tanımırsa, başqa sözə gərək yoxdur. İndiyə qədər baş verən problemlərin heç birində insanların yanında olmayıb. Hansı saxtakarlıq şəraitində seçilibsə, hər kəsə bəllidir. Çoxlu sayda seçki pozuntuları aşkar etdik. Seçki başlayandan bitənə qədər pozuntular davam etdi. Bu cür saxtakarlıqlar qarşısında deputat olmağa gərək yoxdur. Şükürlər olsun ki, heç vaxt bu yolla millət vəkili olmaq istəməmişəm. Çalışmışam ki, daim düz yolla gedim. Yolumuzdan heç vaxt dönməyəcəyik”.

"125-lər”in sədri C.Həsənlinin deputat siyahısının seçkilərdən sonra düz çıxdığını dərc edən mətbuat orqanlarına da toxundu: "Açığı o mətbuat orqanlarını heç izləməmişəm. Siyahı düz çıxmayıb, bunu hər kəs bilir. Siyahıda Cəmil müəllim məni və Pənah bəyi deputat kimi göstərib. Əyriyə düz deyənlərə cavab vermək çətindir. Onu da qeyd edim ki, seçkinin nəticələri ilə bağlı şikayət hazırlayırıq. Dairəmdə namizədin qalib gəldiyi səs faizlərinə diqqət etsək, saxtakarlıq açıq şəkildə görünər. Bunun sübuta ehtiyac yoxdur. Əgər  mən rəqibimdən 5-10 faiz aşağı səs toplasaydım, qəbul edəcəkdim. Çünki onun kimi maddi imkanlarım yox idi. Könüllülərim maddiyyat güdmədən işləyirdilər. Seçki məntəqələri rəqibimin təbliğatı ilə məşğul olurdular. Hətta bir məntəqədə topa bülletenlər atmışdılar.  Dövlət strukturları da onun yanında idi. Səs faizlərinə baxanda saxtakarlıq olduğunu düşünürəm. Bu şəxs seçkidən qabaq mətbuata deyirdi ki, artıq qələbə qazanmışam, mandat mənimdir. Hətta açıq şəkildə danışıqlar apardığını da gizlətmirdi”.

Cavanşir ABBASLI
Oxşar xəbərlər